coaching.az |

Zaman keçir, yoxsa biz?

Həmişə deyirik ki, uşaqlıqda vaxt daha yavaş keçirdi, indi isə bir göz qırpımında uçur.

Keçənlərdə öz zamanıma baxdım. Baxdım deyəndə ki, oturub əməllicə hesabladım.

Gördüm ki, həftənin 5 günü işdə oluram. İş günləri saat 7-də oyanır, 8-də evdən çıxıram. 9-da iş başlayır, saat 13-14 arası nahar fasiləsi və axşam 6-da iş bitir. Əlavə işim çıxmadığı halda yenə saat 7-də evdə oluram və nəhayət saat 8-də 4 saatlıq asudə vaxtım yaranır. Çünki, saat 12-7 arasını isə yuxuya həsr etmək məcburiyyətindəyəm ki, qalan 17 saatı məhsuldar, normal şəkildə keçirə bilim.

Demək, mənim gündəlik 4 saat asudə vaxtım var, hansı ki, bunu film izləməyə, kitab oxumağa, alış-verişə, dostlarla görüşməyə, yaxın insanları ziyarət etməyə, idmana, rəqsə və s. sərf edə bilərəm. Gündəlik 4 saat 5 gün ərzində 20 saat edir, yəni mənim 5 gün ərzində özümə, yaxınlarıma ayıracağım 1 gündən də az vaxtım var.

İndi keçək həftə sonuna; yuxu saatları 7 saatdan 8-9 saata qədər artır. Rahatlıq olur və hərəkət sürəti bəzi saatlarda aşağı düşür. Ev təmizliyi ilə bağlı əlavə işlər olur. Ümumilikdə, təxminən 18 saat yuxu, üstəgəl 6 saat həftə sonuna aid işlər; bu edir 24 saat və beləcə, 2 gündən yalnız 1 günü sənə aiddir.

Deməli, məndə həftə ərzində 7 gün olmasına baxmayaraq, yalnız 2 günə yaxın vaxt mənə aidmiş kimi bir təəssürat yaranır. Əgər digər saatlarda xoşbəxt, rahat olmasam gözümü bu 2 günə dikəcəyəm və hər gün “bircə rahatlığa çıxsaydım” deyəcəyəm, hər gün və hər həftədə sadəcə 2 gün “yaşayacağam”. Necə də qorxuducudur – 1 həftə qocalıb, amma 2 gün yaşamaq. Elə bil kimsə zamanı əlindən zorla alır ki, bu 2 gün sənə bəsdir.

Bəs mən bunun üçün nə edə bilərəm? Nə etsəm daha çox zaman, rahatlıq qazana bilərəm?!

Sev – həyatında, ətrafındakı hər şeyə sevgi ilə yanaş. Sevdiklərinə onları nə qədər sevdiyini və dəyərli olduqlarını de. Sevdiyin işdə çalış. Sevdiyini hər şeyi et.

Minnətdar ol – hər şey və hər kəs üçün, onlara sahib olduğun üçün, məhz sənin qarşına çıxdığı və sənə öyrətdikləri üçün minnətdar ol. Hətta, nə qədər pis olduğunu düşündüyün insanlara belə ürəyində təşəkkür et.

Zövq al – yatmaqdan, yeməkdən, gördüyün hər işdən, avtobusun pəncərəsindən həyatı seyr etməkdən, ailənizlə, dostlarınla söhbət etməkdən, yeriməkdən, nəfəs almaqdan, gülməkdən, ağlamaqdan zövq al və dadını çıxar.

Fayda ver – daha çox insana yaxşılıq et, dəstək ol. Bildiklərini paylaş, öyrət. Amma onlardan qarşılıq gözləmə. Qoy sənin etdiyin yaxşılıqların əvəzini onlar da başqalarına edərək ödəsinlər.

Bağışla və üzr istə  – qəlbini qıran, incidən hər kəsi bağışla. Amma bu kifayət etmir, üzr istəməyi bacar. Özündən belə üzr istə. Ağrıyan orqanlarından onu bilmədən incitdiyin üçün üzr istə.

Hərəkət et – məqsədlərin olsun, daim daim onları hədəf al. Keçmişin yüklərini keçmişdə qoyub, daim irəli can at. Hər şeyin gözəli hələ qabaqdadır.

Xoşbəxt ol – sadəcə xoşbəxt ol…

Aliyə Əsədzadə

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

2 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.