coaching.az |

Həyatın mənası nədir?

Qədim zamanlarda bir gənc gecəsini gündüzünə qatıb həyatın mənasının nə olduğunu axtarırmış. Tapdığı cavablar onu qane etməmişdi və buna görə də bu sualın cavabını başqa insanlarda axtarma qərarına gəlir. Kəndləri, qəsəbələri dolaşır, ölkələri aşır və “sənin üçün həyatın mənası nədir” sualını önünə çıxan hər kəsə verir. Ancaq, aldığı cavabların heç biri onu razı salmır.

Bir dəfə bir kəndin camaatı ona məsləhət görür ki, kəndlə üzbəüz olan dağın başında bir müdrik qoca yaşayır. Yaxşı olar ki, sualı ilə ona müraciət etsin.

Çətinliklə dağın başına qalxan gənc müdrik qocanın yaşadığı evə gəlir. Qoca ilə salamlaşır və həyatın mənasının nə olduğunu ona soruşur. Qoca deyir ki, bu sualın cavabı onda var. Ancaq, gənc əvvəlcə gərək bir imtahandan keçsin. Oğlan qocanın şərti ilə razılaşır və imtahanın nə olduğunu soruşur. Qoca gəncə içi zeytun yağı ilə dolu bir qaşıq verir və deyir:

–  Sınağımız çətin deyil. Bu qapıdan çıx və əlində bu dolu qaşıq ilə bağçada bir dövrə vurub, geri qayıt. Ancaq, diqqətli ol, qaşıqdan bir damcı əksilsə, sınağı uduzacaqsan.

Gənc diqqətini qaşıqda cəmləşdirərək bağçada dövrə vurub, geri qayıdır. Qoca qaşığa baxıb deyir:

–  Təbrik edirəm, qaşıqda yağ azalmayıb. Yaxşı, de görüm bağçamı bəyəndin? Bu bağça mənim həyatdakı ən böyük uğurlarımdandır.

Oğlan pərt-pərt deyir:

–  Gözüm qaşıqda olduğu üçün baxçanıza tamaşa edə bilmədim.

–  Eybi yoxdur, – deyə qoca cavab verir. – İndi, əlində qaşıq yenidən bağçaya get, bir dövrə vur və yenidən geri qayıt.

Gənc geri qayıdır və gördüyü gözəlliklərin qarşısında heyrətlənir. Çünki, həyatındakı ən gözəl bağçanı görürdü. Geri qayıtdığı zaman qoca “hə, necədir, bağçamı bəyəndin?” deyə soruşanda, gənc ona həyatında belə gözəl bağça görmədiyini deyir və bu gözəlliyə imza atdığı üçün onu təbrik edir. Qoca gülümsəyərək oğlana əlindəki qaşığı işarət edir – qaşıq bom-boş idi – və deyir:

–  Həyat sənin ona baxşınla öz mənasına tapır. Ya, sadəcə bir nöqtəyə fokuslanırsan və həyatın axıb, getsə də sən onun fərqinə varmırsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatını yaşayırsan və axıb gedən vaxtın məna qazanır. Həyatının mənası sənin baxışlarında gizlənmişdir.

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.