coaching.az |

Sevmək vərdişi

Başlıq sizə Erich Frommun “Sevmək Sənəti” ni xatırlatsa da, mən bu yazıda sizinlə öz “Ürəyimin səsi”ni paylaşmaq arzusundayam.

Ali varlıq hesab olunan insanın həyatı onun düşüncə və vərdişlərindən ibarətdir. Düşüncələr bir insanı digər bioloji varlıqlardan, hətta eyni yaradılışa malik olduğu bir digər insandan fərqli edən xüsusiyyətdir.

Düşüncələrinə diqqət et, çünki onlar əməllərinin başlanğıcıdır.

Düşüncələrimiz bizi var edən ən dəyərli mülkiyyətimizdir. İnsan düşündüyü müddətcə vardır, əks halda içi boş bir cisim doğulur, bir müddət “yaşayır” və vaxtı gələndə yer üzündən silinir.

Gələk vərdişlərə…

Vərdişlərimiz isə həyatımızın bir parçası deyil, elə onun özüdür! Bir anlıq həyatımızı dayandırıb düşünək, elə bu an, mövcud məqalənin məhz bu hissəsində.

Mənim vərdişlərim nələrdir?

Cavablar müxtəlifdir: İdmanla məşğul olmaq, internetdə vaxt keçirmək, kitab oxumaq, film izləmək, televizorun qarşısında saatlarla oturmaq, dəniz kənarında gəzmək, cızma-qara etmək, ancaq işləmək, siqaret çəkmək və s. və i.

Qeyd etdiyim vərdişlərdən bir qismi sağlam, uğurlu və xoşbəxt bir həyat üçün önəmli və olduqca faydalı olsa da, təəssüflər olsun ki geri qalan hissəsi artıq sizə vərdişlərinizin olacağı bir həyat qoymayacaq qədər bədxassəlidir.

Düşünməyin ki, bu sual ancaq sizlər üçün idi, xeyr, sizinlə bərabər mən də onu cavabladım: mənim ən böyük vərdişim sevməkdir.

Bəlkə də qəribədir. Ancaq, gerçəkdir. Bu vərdişə nə vaxt yiyələndiyimi xatırlamıram, onun hansı səbəbdən, hansı ehtiyacdan yarandığı barədə də bir fikrim yoxdur. Əslində, artıq o qədər önəmli də deyil, çünki mənim varlığım bu vərdişə bağlıdır və onu sorğulamıram. Onun məni və bu vasitə ilə dünyanı gözəl edən bir vərdiş olduğunun fərqinə vardığım gündən bu vərdişim mənim üçün çox əzizdir.

Sevmək elə bir vərdişdir ki, o, insanın dilindən, kimliyindən, zənginliyindən, dinindən, rütbəsindən, savadından asılı deyil. Bəzən bir yoxsul sevməyi elə vərdiş edər ki, dünyanın ən varlı adamları siyahısındakı birinci şəxs belə onun qədər şanslı olmaz.

Sevməyi sevirəm…

Bir sözlə ifadə olunan bu hiss o qədər geniş əhatəlidir ki, bir anda bütün dünyanı öz ağuşuna sığdıra bilər.

Özümü dərk etdiyim gündən sevirəm. Hər gün, hər saat, hər an sevirəm, insanları sevirəm, çətin də olsa hələ də mövcud olan insanlığı sevirəm, bəzən qorxaraq, bəzən çəkinərək sevirəm. Bəzən üsyan edərək, bəzən böyük istəklə, bəzən qeyri-iradi sevirəm. Hər gün öyrənərək sevirəm, hər gün həm böyüyüb, həm də içimdəki o balaca uşağ əzizləyərək sevirəm. Günəş çıxır – onu sevirəm, istini sevirəm, soyuğu sevirəm, körpələri sevirəm, qocaları sevirəm, küçədə duyğularını notlara çevirən üzünü xatırlamadığım o musiqiçini, yaz vaxtı pəncərəmə yaxın gələn o quşları, atamın hədiyyə etdiyi o dibçəkdəki gülü, hər fəsil içdiyim limonlu çayı, həyat barədə vacib şeylər öyrəndiyim o müəllimi, hər gün eyni avtobusda dərsə yollandığım o xoşsimalı qadını, Dostoyevskinin həmin kitabını, fikirlərimi sizinlə bölüşərkən dinlədiyim, sözlərini anlamadığım, ancaq hiss etdiyim o fars musiqisini, qutuda saxladığım qızılgül ləçəklərini sevirəm.

Deyəsən mən, sevməyi sevirəm.

Ancaq onu bilirəm ki, mən  həyatımın özünə çevrilmiş sevmək vərdişim davam etdikcə varam.

Sonda isə sevməyi vərdiş etmək istəyən, ancaq nədən başlayacağını bilməyən insanlar üçün bir hədiyyə qoyuram burada: Nessi Gomes- We are related mahnısı. Video klipi il birgə dinləməyi tövsiyə edərdim.

Sevgilərlə…
Aytac İbrahimli

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

1 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.