coaching.az |

Alfred Adler və onun fərdi psixologiya anlayışı

İndividual (fərdi) psixologiya avstriyalı psixoloq və psixoterapevt Alfred Adler tərəfindən elmə gətirilmiş nəzəriyyə və ya psixoloji cərəyandır.

Əgər Freydə görə, insan davranışı universal bioloji faktorlara əsaslanırsa, Adlerə görə isə, davranış insanın konkret həyat təcrübəsi, yaşadığı mühit, sosial xarakter kimi bir sıra digər faktorlar əsasında meydana gəlir. Bir başqa sözlə desək, Adlerə görə, şəxsiyyət sosial faktorlar, fəaliyyət faktoru və yaxınlarla olan münasibətlər kimi faktorların konflikti ilə müəyyən olunur.

Adler hesab edirdi ki, hər bir insan unikaldır və bundan öncəki insan şəxsiyyəti haqqında olan heç bir nəzəriyyə bütün insanlara uyğun gələ bilməz. Məhz bu səbəbdən, o öz nəzəriyyəsini İndividual Psixologiya adlandırırdı.

Bu nəzəriyyə geniş və mürəkkəb olması ilə bərabər, çoxsaylı psixoloji mövzu və aspektlər silsiləsini əhatə edir. Buna baxmayaraq, onun əsasını təşkil edən prinsip sadə olması ilə bərabər, hər bir individin uğura və üstünlüyə meyl etməsi ideyasına əsaslanır.

Nəzəriyyəyə görə, insanın davranış və hərəkətlərini onun şəxsi mənafeyinə olan meyli idarə edir, hansı ki, Adler bu şəxsi mənafeyi uğur adlandırırdı. Dünyaya gələrkən, balaca və kövrək cismə (bədənə) malik olduğumuzdan, bizdə anadangəlmə olaraq natamamlıq hissi formalaşır və biz individ olaraq bütün qüvvəmizlə bundan yaxa qurtarmağa çalışırıq.

Üstünlüyə nail olmaq istəyən insanlar ətrafdakıları çox da nəzərə almadan, yalnız öz marağına fokuslanırlar ki, psixoloji baxımdan onları sağlam adlandırmaq doğru deyildir. Lakin, uğura nail olmaq istəyənlər isə öz individuallığını itirməməklə bərabər, bunu həm də bütün cəmiyyətə faydalı olaraq, cəmiyyətin xeyrinə etmiş olurlar. Hansı ki, bu insanlar psixoloji baxımdan tamamilə sağlamdırlar.

Adlerə görə, insan şəxsiyyəti aşağıdakı faktorların təsiri altında formalaşır:

1. Kompensasiya – Özünü başqaları ilə müqayisədə natamam, yetərsiz hesab edən insan qarşıya daha üstün olma və ya özünü təsdiq etmə hədəfi qoyur. Hədəfə çatan insanlar şəxsi və ictimai həyatında uğura nail olurlar. Bu psixi hadisə kompensasiya adlanır.

2. Passivlik – İnsan öz əskik hesab etdiyi cəhətləri ilə barışır və natamamlıq hissini dəf etmək üçün heç bir aktivlik göstərmir. Bu davranış forması insanların çoxuna aiddir.

3. Həddən artıq kompensasiya – Şəxsi zəifliyini həddən artıq dəf etmə meyli. Adlerə görə, belə insanlar, bir qayda olaraq, nevroz olurlar.

Alfred Adler dünyaya Freydin yanaşmasından kəskin fərqlənən ideyalar təklif edirdi. Psixoanalizin banisindən fərqli olaraq, Adler öz nəzəriyyəsini universal bioloji faktorlar deyil, hər bir şəxsiyyətin unikallığı üzərində qurmuşdu. Freyd elmi məktəbindən və onun davamçılarından ayrılmaqla Adler rəqib hesab oluna biləcək yanaşma irəli sürdü və bu nəzəriyyə psixologiyanın, xüsusilə də uşaq psixologiyasının inkişafına təkan vermiş oldu. Onun üzərində çalışıb işlədiyi prinsiplər günümüzdə də müasir psixologiyanın fundamental prinsipləri hesab olunur.

Alfred Adler (Vyana, Avstriya, 7 fevral 1870 – Aberdin, Şotlandiya, 28 may 1937-ci il)

 

Müəllif: Məlahət Hacıyeva | Psixoloq

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.