coaching.az |

İşçiləri işdən azad edərkən verilməli olan suallar

İşçilərin səbəbindən asılı olmadan işdən azad edilməsi həmişə ağrılı bir proses olub. Son vaxtlar isə mövcud problemlərlə əlaqədar olaraq, bu hallar lap çoxalıb. Bir sıra hallarda işçi ilə əmək müqaviləsinə xitam vermək şirkət üçün qaçılmaz olsa da, bəzən isə kor-koranə, heç bir səbəb göstərilmədən əsassız işdən çıxarılma halları da təəssüf ki, çox geniş yayılıb. İnternet resurslarını araşdırdıqdan və bu məsələ ilə bağlı bir çox məqalələr oxuduqdan sonra gördüm ki, kadrlarla bağlı yanlış qərarlardan heç kim sığortalanmayib, hətta ən yaxşı hesab etdiyimiz Google, Microsft, Apple və s. beynəlxalq səviyyəli şirkətlər belə.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçilərlə əmək münasibətlərinə xitam verilməsinin qanuni əsasları və yolları 68-80-ci maddələrdə öz əksini tapmışdır. Bu məqaləmdə isə daha çox bu məsələnin psixoloji tərəflərinə diqqət yetirmək istəyirəm.

Bir çox şirkətdə işdən azad olunacaq işçini rəhbər şəxsən özü qəbul edir və bu barədə onu məlumatlandırır, işdən çıxma səbəblərini ona izah edir. Lakin bir işçini işdən azad etməzdən əvvəl özümüzə verməli olduğumuz bir neçə sual var. Əgər bu sualların cavabı özümüzə tam şəkildə aydın deyilsə, demək, həmin işçini işdən azad etmə prosesində səhvlərə yol vermiş olarıq.

Birinci sual “NİYƏ?” sualıdır.

İşçi ilə əmək münasibətlərinə xitam vermək məsələsi qalxanda ilk verilən sual elə budur: “Niyə?”.  Bu sualı həm özümüz özümüzə veririk, həm də eyni sualı işçinin özündən eşidəcəyik. İşçi “Məni niyə işdən azad edirsiniz?” sualını verdiyində dayanmadan onun bütün nöqsanlarını sadalayıb özümüzü təmizə çıxarıb, vicdanımızı sakitləşdirməyə çalşmamalıyıq. Hətta niyəsini bilsək belə, dərhal bu suala cavab verməyək, izahatı daha uyğun və əsəblərimizin sakit olduğu bir vaxta saxlayaq. Yox, əgər “niyə”sini bilmiriksə, onda səbəbləri dərindən öyrənmək və uyğun bir dillə qarşı tərəfə çatdırmaq lazımdır. İşdən azad etmə qərarının verilməsində rolu olan hər bir kəs öz fikrini əsaslandırmalıdır.

İkinci sual “NƏ ZAMAN?” sualıdır.

“Bu işçini ya beşinci günü axşam, ya da bazar ertəsi səhər tezdən işdən azad etmək lazımdır, ya da alınmasa gələn həftənin ortalarında çıxararıq”. Bu çox yanlış yanaşmadır. Ürəyimiz istədiyimiz vaxt, ürəyimiz istədiyimiz şəkildə işçini işdən azad etmək olmaz. Bütün detalları ətraflı düşünmək, dəqiq qərar vermək və qərarımızı aydın şəkildə hamıya bildirmək məcburiyyətindəyik. Əks halda müəssisə daxilində inamsızlıq yaranır, işçinin və ya işçilərin psixoloji vəziyyətləri gərginləşir, bu da ümümi işin ahənginə pis təsir edir.

Üçüncü mühüm suallardan biri “BUNDAN SONRA NECƏ OLACAQ?” sualıdır.

Kimi/kimləri isə işdən azad etdikdən sonra müəssisədə işlər öz axarında davam etməlidir. Hər şey əvvəlcədən planlaşdırılmalıdır. Əgər işçinin və ya işçilərin işdən azad edilməsi ümumi işin ahəngini pozacaqsa, onda nə edə bilərik? Buna görə də işdən azad olunmuş işçinin öhdəliklərini kimə həvalə edəcəyimizi əvvəlcədən müəyyənləşdirmək lazımdır.

İşdən azad olunan işçi və ya işçiləri isə, təbii ki, şirkətin yox, onların öz taleyi maraqlandırır. Ona görə də ətraflı şəkildə onlara işdən çıxma səbəbləri, veriləcək kompensasiyalar və son haqq-hesablar haqqında ətraflı məlumat verilməlidir.

Qarşımıza çıxan dördüncü sual “VERİLMİŞ QƏRARI DİGƏRLƏRINƏ NECƏ ÇATDIRAQ?” şəklində də qoyula bilər.

İşçi/işçilərlə əmək münasibətlərinə xitam verməzdən əvvəl və sonra digər əməkdaşlara bu vəziyyətin nə üçün baş verdiyini izah etməliyik. Əgər biz vəziyyətlə bağlı heç bir məlumat verməsək, yerdə qalanlar müxtəlif fərziyyələr uyduracaq. Təbii ki, əsl səbəbləri bilmədiklərindən, müəssisəyə və rəhbərliyə qarşı inamsızlıq baş qaldıracaq.

İşçinin/işçilərin işdən çıxarılması haqqında qərarı bəyan edərkən, bunu müəssisənin maraqlarını qorumaq xatirinə etdiyimizi izah etməliyik. Əgər hər hansı bir səhv etmişiksə, bunu etiraf edək və başqalarına öz fikirlərini ifadə etməyə imkan yaradaq. İşdən azad olunmuş işçi/işçilər haqqında hörmətlə danışın – ən azından ona görə ki, o da həmin müəssiə, şirkət üçün çalışıb, əməyini sərf edib.

Və ən nəhayət, bəlkə də bütün proses boyunca – əvvəldən axıradək özümüz özümüzə verməyə qorxduğumuz sual: “BƏLKƏ BİZ DÜZ ETMƏDİK?”

İş prosesində işçinin/işçilərin səbəbindən asılı olmayarq işdən azad edilməsi, təbii ki,  qaçılmaz bir haldır. Hər dəfə bu proses baş verdikcə vəziyyəti dəqiq analiz etməliyik. Gələcəkdə bu kimi halların qarşısının alınması üçün və ya belə hallar baş verdiyində necə hərəkət edəcəyinizlə bağlı müəyyən nəticələr çıxarmalıyıq. Özümüz üçün qeydlər aparaq, necə deyərlər, “bu bizə dərs olsun”.

Belə analiz ilk növbədə müəssisə üçün vacibdir. Bir sıra hallarda uyğunsuz əməkdaşı işdə saxlamaq onun işdən azad olunmasından daha böyük problemlər yaradır. Təbii ki, “Siz işdən azad edilirsiniz!” cümləsini demək çox çətindir, lakin təəssüf ki, zaman-zaman bu cümləni istifadə etmək lazım gəlir. Ən çətin söhbətləri həyata keçirməzdən əvvəl ona hazırlıq və ətrafdakıları hazırlamaq ən vacib məsələdir. Ona görə də əvvəlcə bütün vəziyyəti dəyərləndirək, yuxarıda sadalanan suallara cavab verək və ondan sonra düşünülmüş addım ataq. Beləcə nə özümüz pis vəziyyətdə qalmayaq, nə də düşünülməmiş, qeyri-peşəkar addımlarımızla işdən azad etdiyimiz insanların şəxsiyyətini, heysiyyətini zədələməyək.

Müəllif: Sevinc Qarakişiyeva |”Xəzər GLX” Gəmiqayırma və gəmi təmiri müəssisəsində İR meneceri

© 2017 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.