coaching.az |

Konstruktiv tənqid üçün 6 faydalı üsul

Düzgün şəkildə təklif edilərsə, insanlar nadir hallarda köməkdən imtina edər.

A. C. Benson

Nə vaxtsa, sizə edilən təklifləri sonradan görməzdən gəldinizmi? Yaxud, yaxşı qəbul edilməyən tənqidi fikirlər söylədinizmi? Bəs nə vaxtsa konstruktiv tənqid etmək istəyib, amma fikirlərinizi necə çatdırmağı bilmədiyiniz üçün bu fikirdən daşınmısınızmı?

Bugünkü mövzumuz başqasını necə konstruktiv tənqid etmək haqqındadır. Həm işdə, həm də insanlarla olan münasibətlərimizdə qarşılıqlı fikir mübadiləsi (rəy vermək və ya almaq) inkişafın önəmli bir hissəsidir. Əgər kiminsə necə inkişaf edə biləcəyi barədə bir ideyanız varsa, bu ideyanı diqqətsiz qoymayın və qarşınızdakına konstruktiv rəy verin.

Təbii ki, bunu qarşınızdakı insanın duyğularını və verəcəyiniz rəyi qəbul etməyə hazır olduğunu hiss etdiyinizdə edin. Əks halda, düşüncələrini başqasına zorla qəbul etdirmək niyyətində olduğunuz düşüncəsi ilə üzbəüz qalarsınız, xüsusilə, qarşınızdakının fikrini almadan, ona nə etmək lazım olduğu barədə nələrsə deməyə çalışdığınızda.

  1. Tənqid edərkən sendviç metodundan istifadə edin.

Sendviç üsulu ilə tənqid ən çox yayılmış məşhur üsullardan biridir. Bu metod əsasən korporativ mühitdə istifadə edilir. Mən adətən sendviç metoduna  PIP (Positive-Improvement-Positive) olaraq istinad edirəm, Müsbət – Təkmilləşdirmə – Müsbət. Bilirəm ki, PIP (Praise-Improve-Praise ) -ni Tərif – Düzəliş – Tərif kimi versiyada da istifadə edənlər var, lakin bu mənim yuxarıda qeyd etdiyim bir az bundan fərqlənir.

Müsbət – Təkmilləşdirmə – Müsbət alqoritmi ilə, tənqidiniz 3 seqmentə ayrılır:

  1. Güclü tərəflərə fokuslanmaqla söhbətə başlayın – söhbət mövzusu olan şeydə nələri xoşladığınızı deyin;
  2. Sonra tənqidi fikirlərinizi deyin – bəyənmədiyiniz şeylər, inkişaf etdirilməli olan sahələr;
  3. Sonda isə, başlayarkən verdiyimiz müsbət rəyləri, tənqiddən çıxarılan müsbət nəticə ilə birlikdə təkrarlayıb, fikrimizi yekunlaşdırırıq.

Tənqidi başlıq və son arasında – sanki iki çörək arasına sıxışdırılmış ət parçası kimi – təqdim etdiyiniz üçün metod Sendviç metodu adlandırılır.

Aşağıda bir internet səhifəsinin tənqidi  nümunə şəklində verilmişdir:

Birinci qat, “P” – Müsbət, bəyəndiyiniz xüsusiyyətlər barəsində danışarkən:

Əla səhifədir! Ümumi tərtibatı və istifadəçilərin nəzərə alınmasını çox sevdim. Ümumi dizayn və yerləşdirmə gözəgəlimlidir və brendinizlə uzlaşır. Menyu əlçatandır və bu da saytın digər bölmələrinə keçidi asanlaşdırır. Mən həmçinin saytın necə istifadə edilməsi barədə yardımçı təlimat verən təqdimat videosuna da rast gəldim.”

İkinci qat, “I” – Təkmilləşdirmə, inkişaf etdirilməli olan sahələrdən danışarkən:

“Eyni zamanda, fikirləşirəm ki, saytınızda iki nüansı daha yaxşı  edə bilərsiniz. Birincisi, yan panellərdə mətnlər həddən artıq çoxdur ki, bu da istifadəni çətinləşdirir. Düşünürəm ki, ya paneldəki kontentlər qısaldılsa və vacib şeylər qeyd edilsə, saytda daha rahat gəzinmək olar. İkincisi, şrift ölçüləri mənə görə çox kiçikdir. Gözlərimi qıyaraq oxumaq məcburiyyətində qaldığımdan bu mənim üçün çox çətin idi.”

Sonuncu qat, “P” – Müsbət, , başlayarkən verdiyimiz müsbət rəyləri, tənqiddən çıxarılması gözlənilən müsbət nəticə, üzərində işlənilməli sahələri:

“ Ümumilikdə əla işdir. Dizayn, tərtibat və təqdimat videosunu çox bəyəndim. Yan panel sıxlığı aradan qaldırılsa və şrift ölçüləri böyüdülsə, saytın istifadəsi bütün ziyarətçilər üçün rahat olacaq.

Sendviç metodu ilə tənqidin verilməsi üçün ən uyğun situasiya odur ki, Siz insanı ya ümumiyyətlə tanımırsınız və ya o qədər də yaxşı tanımırsınız. Əks halda birbaşa tənqidə keçsəniz, qarşı tərəfin aqressivliyi və kobudluğu ilə üz-üzə qalacaqsınız. Bu xüsusilə Asiya mədəniyyəti üçün keçərlidir. Vaxt keçdikcə, ünsiyyətdə olduğunuz insanı tanıdıqca və onun da sizin kimi düşündüyünə əmin olduqdan sonra birbaşa tənqidə keçə bilərsiniz.

Bəzi insanlar sendviç metodlu tənqidi sevmir, onlar düşünür ki, təriflənmək axmaqca hərəkətdir. Lakin, sendviç metodunun məğzi o deyil ki, insanları bəs yerə tərifləyəsən, yaxud utandırasan. İnsanlar tənqidə, mühakiməyə, yaxud digərini utandırmağa daha tez meylli olurlar, nəinki başqalarının uğurunun arxasındakı əməyi görməyə.

Sendviç metodu emosional cəsarəti təcrübədən keçirmək üçün ən yaxşı yoldur, çünki əminik ki, insanların əməyinə dəstək olmaq üçün onların nəyi mükəmməl etdikləri və nələri daha da təkmilləşdirə biləcəklərini demək önəmlidir.

  1. Vəziyyətə fokuslanın, insanlara yox.

Konstruktiv tənqid insanlara yox, məhz vəziyyətə fokuslanmalıdır.

Bu ipucunu tətbiq etmək üçün bir neçə sadə addımı nəzərdən keçirək:

  1. İlkin olaraq, vəziyyəti insandan ayırmağı bacarın. Bu fərq çox önəmlidir. Fərqi aradan qaldırdıqdan sonra davranışa, hərəkətə, vəziyyətə və problemin ələ alınmasına fokuslanın.
  2. Mövzu ilə əlaqəli rəylər söyləyin, insanla əlaqəli deyil. Məsələn, “Sən çirklisən” əvəzinə “Geyimlər çirklidir” deyin. “Gecikirsən” əvəzinə “Hesabatlar gecikir”, “Sən bərbad yeməklər bişirirsən” əvəzinə isə, “Yemək yağlıdır” deyə fikir bildirin.
  3. Şəxsiyyətə yönəlik qərəzli ittihamlar etməyin. “Mən çox yorulmuşam və … bezmişəm” yaxud “Sən həddən artıq axmaq/neqativ/ tənbəl/dağınıqsan” kimi rəylərin birbaşa ittiham məqsədli olduğu aydın nəzərə çarpır. Belə ittihamlardan kənar olun.
  4. Məlum növ əvəzinə məchul növdən istifadə edin. Daha dəqiq anlaşılması üçün müqayisələrə baxaq: “Sən çox bərbad təqdimat etdin” əvəzinə “Edilən təqdimat bərbad idi”. Nəzərə alın ki, məchul növ diqqətin birbaşa insana yönəlməsini əngəlləyir və subyektə fokuslanmasını təmin edir.
  5. Bunun sizə necə təsir etdiyini bölüşün. Sadəcə davam etmək və bunun necə pis bir şey olduğunundan şikayətlənmək əvəzinə, məhz Sizə necə təsir etdiyi barədə fikirlərinizi bölüşün. Bu baxış bucağı fokusu insandan kənarlaşdırıb özünüzə tuşlamanıza yardım edəcək və qarşınızdakı insana geriyə bir addım atıb vəziyyəti dəyərləndirmə fürsəti yaradacaq.
  6. Özünəməxsus rəylər (feedback) verməyə çalışın.

Faydalı tənqid üçün üçüncü ipucu onun məhz özünəməxsus (spesifik) olmasıdır.

Bu vaxta qədər qurduğum platforma (PE – Personal excellence) haqqında həddən çox rəylər almışam. Amma onlardan ən faydalısı və spesifik olanları məhz yerinə yetirilə bilən, başqa sözlə tətbiq edilə bilənlər olub. Aşağıdakı nümunələrdə qeyri-müəyyən və spesifik rəyin fərqinə baxaq:

Qeyri- müəyyən: “Hey Celes, ünsiyyətlə əlaqəli bir neçə məqalə yazsanız, sevinərəm”

Spesifik: “ Hey Celes, bilmirəm siz təkliflər qəbul edirsiniz ya yox, əgər edirsinizsə, mən auditoriya natiqliyi barədə məsləhətlər vermənizə sevinərəm”

Birinci rəy çox geniş anlamlıdır – “ünsiyyət həddən artıq ümumi bir mövzudur. Ünsiyyət adı altında mən “şəbəkələşmə”, “bədən dili”, “bəsit danışıqlar”, “auditoriya natiqliyi” kimi  bir neçə altmövzu ayıra bilərəm. Amma mənim seçdiyim mövzuların oxucunun tələb etdiyi ilə nə qədər uzlaşacağını bilmirəm.

Lakin ikinci rəy öz spesifikliyi ilə daha cəlbedici və tətbiqi formadadır. Bu mənə məhz “Auditoriya natiqliyi ilə bağlı məqalələrə tələb var” mesajını çatdırır. Bundan sonra mən bu mövzu ilə əlaqəli məqalə və ya silsilə yazılar hazırlamaq üçün plan qurmağa başlayıram. Beləliklə, heç bir aydın olmayan, qarışıq bir şey qalmır.

Amma bu o demək deyil ki, qeyri-müəyyən rəylər axmaqcasına və yararsızdır. Sadəcə, spesifik rəylər mənim istifadəçilərin ehtiyacını başa düşməyimi daha da asanlaşdırır və mən onların tələblərinə uyğun təkliflər və xidmətlər edə bilirəm. Eyni zamanda, əgər siz də tətbiq edə biləcəyiniz nəticələr əldə etmək, həmçinin insanların sizin hədəflərinizə uyğun şəkildə kömək etməsini istəyirsinizsə, fikirlərinizi qeyri-müəyyən formada ifadə etmək əvəzinə, daha da spesifikləşdirin.

Rəyinizi spesifikləşdirmək və istifadəsi asan hala gətirmək üçün aşağıdakılardan istifadə edə bilərsiniz:

Subyektiv fikirlərdən daha çox obyektiv məqamlara fokuslanın. Sadəcə “mən bunu bəyənmirəm” demək yetərli deyil. Digər tərəfdən bunu niyə bəyənmədiyiniz əsaslandırmaq daha faydalı olar.

Fikirlərinizi bir neçə açar sözə bölün. Fikrinizi bütövləşmiş  halda, birdəfəlik deməyin. Əksinə, onu vacib məqamlardan ibarət açar sözlərə bölün və sözbəsöz çatdırın.

Hər bir açar söz üçün spesifik nümunə göstərin: Təbii ki, hər xırda məsələ barəsində nümunə gətirməyə və onları vurğulamağa da ehtiyac yoxdur. Sadəcə önəmli olan 1-2 məqamı vurğulamaq və təkmilləşdirilməsi haqqında təklif irəli sürmək, verəcəyiniz  rəyin keyfiyyətli olmasına kifayət edir.

  1. Üzərində dəyişiklik edilməsi mümkün şeylərə rəy bildirin.

Verilən rəy bütövlükdə insanın inkişafına yardımçı olur. Dolayısıyla, insanın nəzarətindən kənarda olan şeylər barədə danışmaqdansa, dəyişikliklər edə biləcəyi mövzularda rəylər bildirin. Birinci vəziyyətdə tənqid insanı heç bir şey edə bilməməsi səbəbilə daha da məyus edər. İkinci halda isə, əksinə tənqidləriniz daha konstruktiv nəticə verər.

Bunu bir nümunə ilə aydınlaşdıraq. Fərz edək ki, yaxın dostunuz mahnı yarışmasına qatılıb və finala qədər irəliləyib. İndi isə sizdən çıxışını necə qiymətləndirməniz barədə tənqid (rəy) almaq istəyir. Burada, tənqid edilməli məqamlar ümumi performansı, səs tembri, intonasiyası, oxuyarkən jest və mimikaları və çox güman ki, mahnı seçimi ilə bağlı ola bilər.

Digər tərəfdən, səsinin nə qədər boğuq/aşağıdan çıxması haqqında söhbətləşmək o qədər də faydalı olmaz, çünki bu onun dəyişdirə biləcəyi bir şey deyil. Əgər o finala qədər irəliləyibsə, deməli həllinə başlanması gərəkən real “problem” məhz bu deyil. Bu təkcə reaksiya deyil, eyni zamanda bu həddən artıq obyektiv rəydir.  Elə insanlar var ki, belə boğuq səsi xoşlayır, digərləri isə fərqli növ səslərə üstünlük verir. Sadəcə özünüzün xoşunuza gəlməyən şeyləri tənqid etsəniz, bu dostunuzun hazırlığı üçün bir o qədər də faydalı olmayacaq.

Dəyişdirilə bilən və bilinməyən  şeylərin nələr olduğunu ayırd edə bilmək sizdən empatiya tələb edir. Qarşınızdakı insanın vəziyyətini və məqsədini başa düşmək, daha sonra tənqidi yanaşma ortaya qoymaq olduqca vacibdir.

  1. Necə təkmilləşdirmək barəsində tövsiyələr verin.

Bütün qeyd olunanları dedikdə və etdikdə, nələri və necə təkmilləşdirmək haqqında tövsiyələr verməyi unutmayın.

Birincisi, sizin tövsiyələriniz etdiyiniz tənqidə uyğun olmalıdır. Hər kəsin müxtəlif baxış bucağı  var, bu o deməkdir ki, tənqidiniz müxtəlif cür anlaşıla bilər. Tövsiyələr etməklə, məhz nəyi nəzərdə tutduğunuzu aydın ifadə edə bilərsiniz. İkincisi, tövsiyələr hərəkətə keçmək üçün güclü çağırış rolunu oynayır. Yəqin ki, siz də istəyərsiniz ki, deyilənlərlə əlaqəli işlər görülməyə başlansın, nəinki onları təxirə salmaq.

  1. Əsassız fərziyyələrdən uzaq durun.

Sonuncu ipucu fərziyyələrdən uzaq durmağınızdır. Tənqid edərkən, həmin insan və subyekt barədə bildiklərinizə əsaslanıb fikir söyləyin. Hər hansı uydurma rəylərə, yaxud fərziyyələrə ehtiyac yoxdur. Bu sadəcə qarşınızdakı insanın özünü pis hiss etməsinə deyil, eyni zamanda sizin də pis vəziyyətə düşmənizə şərait yarada bilər – xüsusilə, əgər fərziyyələriniz həqiqətə uyğun olmazsa.

Nümunədə tənqidin/rəyin fərziyyədən necə fərqləndiyinə diqqət edin.

Nitq zamanı:

“Nitq adi, ortasəviyyəli idi. Natiq həyəcanlı görünürdü və auditoriyanı idarə edə bilmirdi”. (tənqid)

“Natiqin heç bir dəfə də olsun nitq söyləmə təcrübəsi olmayıb”. (Bu fərziyyədir və qətiyyən həqiqətə uyğun deyil. Hətta ən rəğbətlə qarşılanan natiqlər belə, xüsusilə yeni mühitdə nitq söyləyərkən həyəcanlı ola bilərlər. Kiminsə həyəcanlı olduğu üçün nitq söyləmə təcrübəsinin olmadığını iddia etmək həddən artıq təkəbbürlü davranışdır.

Bütün deyilənlərdən bu nəticəyə gələ bilərik ki, tənqid etmək asandır, amma faydalı, eyni zamanda dəyişiklik naminə qərəzsiz tənqid etmək isə, olduqca çətin və məsuliyyətli işdir.

Müəllif:  Celestine Chua | Peşəkar Kouç
Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting

© 2017 · coaching.az ·

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.