coaching.az |

Nədən başlamalı?

İçində olduğumuz inciklik və məyusluğu dərindən və dürüst şəkildə anlamağa çalışsaq, görərik ki, bizim əsl problemimiz ətraf mühit və kənar şərtlərlə deyil, özümüzlədir; tale zalım deyil, biz zəifik. Dünya ədalətsiz deyil, biz az bacarıqlıyıq. İnsanlar etibarsız olduğu qədər biz də sadəlövhük və s.

Uğursuzluqlarımızın kökündə massonlar, yadplanetlilər və ya hansısa gizli qüvvələr, iş yerindəki rəhbərlərimiz, paxil qohum və ya qonşularımız deyil, özümüz – beynimizdəki qorxu və çərçivələrimiz, tənbəllik və hərəkətsizliyimiz, qərarsızlığımız, nə istədiyimizi bilməməyimiz və ya güclü vizyon sahibi olmamağımız, nəhayət özümüzə inamın azlığı durur və artıq bu həqiqətlə dürüst şəkildə üzləşməyi bacarmalıyıq.

Özümüzə qarşı bəslədiyimiz küskünlük və inamsızlıqlar problemlərimizin başlanğıc nöqtəsidir. Özümüz uğrunda mübarizəyə elə bu nöqtədən başlamalıyıq. Atılacaq ilk addım özümüzlə üzləşmək və düzgün diaqnoz qoymaq olmalıdır. Bu üzləşmə zamanı isə sadəcə zəif deyil, həm də güclü tərəflərimizə, indiyə qədər edə bilmədiklərimizə deyil, bundan sonra edə biləcəklərimizə də fokuslanmalıyıq. Zəif yönlər təbiətimizin bir parçasıdır və onların varlığını təbii və anlayışla qarşılamalıyıq. İnsan zəif və güclü tərəfləri ilə bir bütündür. Ayıb olan zəif olmaq deyil, güclənməyə can atmamaqdır.

Özümüzü tanıdıqca və içimizdəki güclü tərəflərin və potensialın fərqinə vardıqca, ortaya inkişaf istəyi çıxacaq. İnkişaf etdikcə özümüzü daha çox bəyənəcəyik; bu isə özünəinamımızı körükləyəcək. Özünəinamımız artdıqca və özümüzlə sülh içərisində yaşadıqca, problemlərə münasibətimiz də dəyişəcək. Özünəinam arzusunda olduğumuz uğurlu və hüzurlu həyatı bizə daha da yaxınlaşdıra bilər.

“Fəzilət – fərdin öz daxilində gizlənən güclü tərəflərindən və gözəl dəyərlərindən istifadə edib insanlıq mərtəbəsinə yüksəlməsidir. Bu yüksəliş özünüdərketmədən, ən əsası da içindəki insanı sevməkdən keçir. Əgər içindəki insanı bəyənmirsənsə, onu dəyişməli və sevimli hala gətirməlisən. Çünki o – sənsən və özünə qarşı laqeyd davrana bilməzsən. İçindəki insanı tanımayan, anlamayan, inkişafına çalışmayan, ona şans verməyən və yeri gələndə bağışlamayan özünü sevə bilməz. İnsan özünü tanımağa və anlamağa başladığı zaman ətrafındakı digər insanları da anlamağa başlayır. Öz içindəki insanı sevən insan başqa insanları da sevir. İçindəki insana anlayışla yanaşmağı bacaran insan ətrafındakılara da empatiya hissi ilə yanaşır”.

“Dan ulduzu” romanından

Qısacası, problemlərimizin əsas səbəbi kənarda deyil, özümüzdə olduğu kimi, həlli də öz içimizdədir.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.