coaching.az |

Hamının dünyası

Sosial canlı olan insan tək yaşamağı bacarmır və onun həyatdakı vacib ehtiyaclarından biri mənsubiyyət ehtiyacıdır. Bu ehtiyac insana eyni dəyər, düşüncə və duyğuda olduğu qrupları seçməyi öyrədir və güvəndiyi cəmiyyətin içərisində yaşamağı təşviq edir. İnsanın sağ qalma instinktinə cavab verən mənsubiyyət duyğusu onun fiziki və psixoloji təhlükəsizliyi üçün vacib amildir.

Bu ehtiyacdan yola çıxaraq insanların müxtəlif düşüncəli qruplarda və cəmiyyətlərdə birləşməsi təbii və zəruri sayılmalıdır. Çünki, insan güvənmədiyi və rahat olmadığı mühitdə yaşaya bilməz və ya yaşamaq istəməz. Mənsubiyyət duyğusu düzgün şəkildə istifadə olunsa, insanlığın bu günü və gələcəyi üçün gözəl fürsətlər yaradar.

Həyatımızdakı bütün faydalı şeylər düzgün olmayan və ifrat şəkildə istifadə olunanda, əleyhimizə çevrilir. Hər şeyin ifratı zərərlidir. Bu dediklərim mənsubiyyət duyğusuna da aiddir; onu düzgün anlamamağın və düzgün istifadə etməməyin zərərləri də vardır. Bu zərərlərin başında fanatiklik və ifrat təəssübkeşlik gəlir.

İnsanın sahib olduğu düşüncə və ideologiyaya kor-koranə və ifrat şəkildə bağlanmağı faydalı və ağıllı davranış deyil. Dünyanın zənginliyi onun fərqliliyindədir, dünya bu şəkildə yaradılmışdır. Bu fərqlilik sadəcə təbiətdəki fərqli rənglərə, səslərə, ölçülərə və s. aid deyil. Eyni zamanda beynimizin içindəki düşüncələrə və davranışlarımızdakı fərqli tərzlərə də şamil olunur.

Bir-birindən qətiyyən fərqlənməyən və eyni şəkildə geyinmiş iki qardaş düşünün. Onları bir-birindən seçmək nə qədər çətindir, elədirmi? İndi isə dünyadakı bütün insanların bir-birinin əkizi oldğunu düşünün. Belə bir dünyada yaşamaq nə qədər maraqlı olardı?

Uzun sözün qısası, hansı inanca, düşüncəyə və ya tərzə mənsub olursaq olaq, mənsubiyyətimiz bizim kimi olmayanları bəyənməməyə, qınamağa və onlara qarşı hörmətsiz davranmağa əsas vermir. Dünya sadəcə bizim kimi inananlar və düşünənlər üçün yaradılmayıb. Bu dünya hamının dünyasıdır və hamının onda yaşama hüququ var.

İnsanlara əziyyət verən xaosu yaradan çarxlardan biri də biz olmayaq və həyatda haqlı ikən, haqsız vəziyyətə düşməyək.

P.S. Güney Azərbaycanlı yazıçı Haci Zeynalabdin Maragayinin “İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bəlası” adlı maraqlı romanı var. Bu kitab fanatikliyin və ifrat təəssübkeşliyin insanlara zərərləri haqqında gözəl misallarla doludur. İranı əsrlərlə geridə qoyan məhz bu düşüncə forması idi. Hansı ki, hələ də davam edir. Maraqlananlar, oxuya bilərlər.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.