coaching.az |

Dinləmək mədəniyyəti

Bəzi tanışlarım var, dəfələrlə görüşsək də, haqqımda çox az şey bilirlər. Ancaq mən onlar haqqında xeyli məlumatlıyam. Niyə?

Çünki söhbət zamanı 90 faiz onlar, cəmi 5-10 faiz isə mən danışıram. Bu danışa bilməməyimin göstəricisi deyil, yox. Həmçinin dialoq qura bilməklə bağlı da heç bir problem yaşamıram, çox şükür. Sadəcə həmin adamlar mənə ürəklərini boşaldacaq, etiraf və dərdlərini deyə biləcək kilsə rahibi kimi yanaşırlar. Söhbətimiz sanki kilsə hücrəsində keçir. Onlar mənə rahatlıqla etibar edir, günahlarını etiraf edir və intim şeylərini bölüşürlər.

Mən onlar üçün sadəcə danışıb rahatlanmaq üçün bir vasitəyəm. Bunu rahatlıqla müəyyən etmişəm. Onlar heç vaxt məni dinləməyə çalışmayıblar. Dəfələrlə müşahidə etmişəm, danışıq vaxtı söhbətin məğzinə uyğun incə şəkildə mən də öz hekayəmdən danışmağa başlayanda, sözümü kəsmiş və özləri haqda danışmağa davam etmişlər. Ən çox da çətin, ağır günlərində məni yad edirlər. Belələri adamı dinləyəndə də sırf cavab vermək xətrinə dinləyirlər. Həmin vaxt onların üz ifadəsindən səni necə yola verməkləri aşkar bilinir.

Bu yaxında həmin qəbildən olan bir şəxslə təsadüfən şəhərdə qarşılaşmışdıq və yenə də o, dayanmadan danışırdı. Sonra onun hansısa tanışına rast gəldik. Adamın məni təqdim etməsi təxminən bu şəkildə oldu: “bu Orxandır, Orxan ee, Orxan… Orxan can-ciyərdir.” Halbuki öz tanışının hansı peşə sahibi olduğu barədə bir-iki kəlimə nəsə dedi. Mən şokdaydım. Adam illərdir mənimlə tanışdır. Hətta bizə də gəlib-gedib, ancaq mənim haqda normal informasiyaya malik deyil. Bu, dəhşət haldır. Çünki, bizim söhbətlərimiz dialoq yox, monoloq şəkilində olurdu.

Hazırda o cür şəxslərdən uzaqlaşmışam. Onlar kimi olan hamıdan maksimum qaçmağa çalışır və ünsiyyət saxlamıram. Ümumiyyətlə, çox danışan adamlardan uzaqlaşmışam. Fikirləşirəm ki, bu addımım kifayət qədər ədalətlidir. Çox danışmaq qarşı tərəfi dinləməyə ciddi şəkildə mane olan nüanslardandır.

Halbuki, kimisə dinləyə bilmək də münasibət mədəniyyətidir. Hər dəfə yazdığım ifadələrə izah verməyə çalışıram. Bu mövzu özü-özlüyündə həssas mövzudur. Hər an səni yanlış anlaya bilər, sözlərini təhrif edə bilərlər. Yazı tonu bəzən adamlara xəyalən başqa cür çatır. Ona görə də qeyd etməliyəm ki, mədəniyyətdən danışmaqla kimlərisə aşağılamaq niyyətində deyiləm.

Bir çoxları danışıq zamanı həmsöhbətini dinləməyi bacarmır. Çox yaxşı başa düşürəm ki, insanlarımızın ürəyi doludur və onların dərdlərinə qulaq asan az tapılır, ancaq həmin adamlar da qarşı tərəfi anlamalıdılar.

Söhbət monoloq yox, dialoq şəkilində olanda hər iki tərəfə xoş olur. Səbrli olmaq və qarşındakının sözünü bitirməsini gözləmək etik olmaqdan başqa, həm də sənin öz hörmətini çoxaldır.

Yəhudilərin çox sevdiyim bir atalar sözü var:

Az ye, az danış və az şikayət elə.

Bu atalar sözünü əmələ keçirmək insana böyük xeyir gətirir.

Bilirəm bu yazdıqlarım bir çoxuna klişe və şablon kimi gələcək. Əslində müəyyən qədər də elədir. Ancaq nə etməli? Yazmaq və diqqətə çatdırmaqda fayda var.

Hazırda yazıçı Stefan Sveyqin filosof Fridrix Nitsşe barədə yazdığı monoqrafiyanı oxuyuram. Nitsşenin həyat boyu tənha olması, özü-özüylə danışıb, əzab çəkməsi məni çox kədərləndirir. Ona yaxınlaşan və həmdəm olan tapılmır. Yazıçı eynən belə də qeyd edir: “Dəhşətlisi budur ki, onu kimsə dinləmir.”

Həqiqətən də insanın səmimi həmsöhbətə ehtiyacı var. Bizi dinləyə bilən, anlayan və quru dillə belə olsa dəstək olduğunu söyləyən dinləyici hava və su qədər vacibdir.

Bir dostum var, deyir ki, həyat yoldaşım bəzən saatlarla danışır. Mən isə onun sözünü kəsmədən dinləyirəm. Ona görə qadınım məni çox sevir. O da çox vaxt gərgin və əsəbi hallarımda mənə güzəştə gedir. Həm də məni dinləməyi bacarır.

Onların mehriban münasibətini görmək o qədər xoşdur ki. Adamlar bir-birlərinin dilini tapıblar. Bu hal həyatı daha asan edən nəsnələrdəndir.

Yazıçı Andre Moruanın çox sevdiyim “Yad qadına məktublar” əsərində  önəmli bir məqam var. Yazıçı sual edir:

Necə etməli ki, sevimli olasan?

Cavab isə belədir: İnsanlara özləri barədə danışmağa şərait yaradın. Adamlar ən çox özləri haqda danışmağı sevirlər. Özləri barədə danışdıqları həmsöhbət isə yaxşı dinləyici olduğu üçün onların gözlərində sevimli adama çevirilir.

Müəllif: Orxan Adıgözəl

© 2018 · coaching.az

Comments

comments

1 şərh var

  • Evvela bu möhtəşəm məqalə üçün sizə təşəkkür edirəm. Oxuyanda hər cümləsində özümü tapdım sanki. Daima dinləyici tərəf mən olduğumdan artıq heç kimlə danışmaq belə istəmirəm. Mənə sadəcə mənimlə xoşdur.
    Uğurlar! Cox bəyəndim ve həmişə sevə sevə oxuyuram məqalələrinizi.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.