coaching.az |

Sisu nədir?

Fin dilində başqa dillərə tam tərcümə edilməyən və dəqiq analoqu olmayan bir söz var – “sisu”. Dilimizə çevirməyə çalışsaq, bu söz cəsarət, kişilik, mətanət, inadkarlıq, dözümlülük, əzmkarlıq, təslim olmamaq və s. bənzər sözlərin hamısını özündə ehtiva edər. Etnoqroflara görə sisu finlərin milli xarakterinin əsas səciyyəvi rəmzidir. Finlərin özləri sisunu bu şəkildə də ifadə edirlər: “Nə edilməlidirsə, o, ediləcək. Heç nəyə baxmayaraq”.

“Finlərdə sisu adlanan bir şey var. Bu, dəliqanlılıq və cəsarəti, sərtlik və möhkəmliyi, başqaları tərk edib getsə də, savaşmağa davam etməyi və qələbə əzmi ilə savaşmağı özündə birləşdirir. Finlilər bu sözü “fin ruhu” olaraq tərcümə etsələr də, bu daha sirli sözdür. Keçən həftə finlər ruslarla müharibədə sisu ruhunun gözəl nümunəsini nümayiş etdirdilər. Laatokka gölü və Şimal Buzlu okean arasındakı rus-fin sərhəddinin böyük hissəsini təşkil edən səhrada baş verən döyüşlərdə finlilərin açıq-aşkar üstünlüyü vardı”.

“Time” jurnalı, 08.01.1940 

Finlandiya keçən əsrin ortalarına qədər sərt iqlim şərtləri, müharibər və aclıqla savaşan, ancaq hər cür məhrumiyyətlərə baxmayaraq təslim olmayan, xarabalıqların üzərində müasir fin sivizilaziyasını qurmağa nail olan və bu gün bütün dünyanın heyrətlə izlədiyi ölkədir. BMT tərəfindən dəstəklənən Ümumdünya Xoşbəxtlik Raportuna görə bu ölkə illərdir dünyanın ilk xoşbəxt beşliyində yer alır.  Bu raport hazırlanarkən aşağıdakı 6 kriteriya əsas götürülmüşdür: Adambaşına düşən ümumdaxili məhsul, sosial dəstək, uzunömürlülük səviyyəsi, ölkə vətəndaşlarının onlar üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə qərar vermə azadlığı, səxavətlilik və korrupsiyaya münasibət. Müqayisə üçün qeyd edim ki, ölkəmiz 2017-ci il raportunda bu siyahıda 85-si sırada yer almışdır.

Ölümün özü ilə belə üz-üzə duran finlərin inadakarlıq brendi sisu müttəfiqlərin əleyhinə işlədi. Finlər xoşbəxt deyil. Ancaq, sisu onlara bunu deməyə əsas verir: “Qorxmaq üçün ölümdən betər heç nəyimiz yoxdur”.

“Time” jurnalı, 10.05.1943

Finlər milli geyimdə

Bu məqələdə Bəyaz zanbaqlar ölkəsi və onun hər sahədəki uğurları haqqında geniş təhlil aparmağı düşünmürəm – mövzum bu deyil. Məqsədim yarım əsrlik bir müddətdə möcüzələr yaradan və dünyada barmaqla göstərilən millətlərin arasına girməyi bacaran bu soyuq ölkənin qaynar və cəsur qəlbli insanlarına güc verən sisu xarakterini və davranışını diqqətinizə çatdırmaqdır. Biz tarix boyu ağır çətinliklərə sinə gərib, bu çətinlikləri fürsətlərə çevirən və böyük inkişaf yolu keçən fin xalqından onlara məxsus sisu modelini öyrənməklə böyük ilham ala və həyatımızda müsbət və davamlı dəyişikliklər başlada bilərik.

Çətinliklər – fürsətlərdir.

Heç birimiz həyatın xoşagəlməz sürprizlərindən, badalaqlarından və zərbələrindən sığortalanmamışıq – bu mənfi hallar hər an bizi hazırlıqsız yaxalaya bilər. Çətinliklər bizim alın yazımız və reallıqlarımızdır və onlarla birlikdə yaşamağı öyrənməliyik.

Həyatın önümüzə çıxardığı çətinliklər ilk baxışda arzuolunmaz və xoşagəlməz olsalar da, inkişafımızın sirrinin onlarla birbaşa bağlılığı bilinən həqiqətdir. Biz həyatda çətinliklərlə mübarizə apara-apara, məğlubiyyətlərdən qələbələrə qaça-qaça güclənir, bərkiyir və müdriklik qazanırıq.

Çətinliklər onunla mübarizə aparmaq üçün mövcuddur. Həyatın zərbələrinə qarşı ancaq ruhən güclü və hazırlıqlı insanlar davam gətirə bilərlər. Sisu – hər bir insanın daxilində mövcud olan güc, sarsılmaz ruhdur. Bəşər övladı dünyaya gələrkən bu ruhu da özü ilə birlikdə gətirir. Güclü insanlar ehtiyac yaranan zaman içlərindəki bu mübarizə ruhunu – sisunu oyandıran, onu çətinliklərə qarşı qalxan etməyi bacaranlardır. Sisu – nə baş verirsə versin, dözümlü olmağı, qələbə çalmağı və irəliyə doğru getməyi tələb edir.

İçimizdəki mübarizə ruhunu – sisunu gücləndirmək üçün nə etməliyik?

  1. Sizə zərər verən streslə mübarizə aparmağı öyrənin və stresin yaratdığı qorxu hissinin sizə hakim olmasına icazə verməyin.

Stres, digər adı ilə qorxularımız hərəkətsizliyimizin və risk almamağımızın ən böyük səbəbidir. Daxili gücünü – sisunu oyatmaq istəyən insanlar ilk növbədə stresləri ilə mübarizə üsullarını təkmilləşdirməlidirlər.

Müasir tibb lüğətində stres hər nə qədər xəstəlik olaraq yer almasa da, əksər xəstəlikləri və psixi davranış pozuqluqlarını yaradan əsas amillərdən biridir.

Stresin müxtəlif növləri var və bunların içərisində ən təhlükəlisi neqativ stres – distersdir. Bu sters halı insanı sadəcə psixi xəstəliklərə deyil, eyni zamanda immun sisteminin zəifləməsi ilə fiziloji xəstəliklərə də təslim edə bilər.

Stres dağıdıcı olduğu qədər aldadıcı psixi xəstəlikdir. O, baş verənləri gözümüzdə böyüdür, təhlükənin real miqyasını şişirdərək, bizi cəsarətli addımlardan və risklərdən uzaqlaşdırır.

Qorxu, təhlükə, uğursuzluq hissi insanda psixi gərginliyi və stresi körükləyən səbəblərdir və nəzarət edilmədikdə faciəvi nəticələr doğura bilər. Şahidlər bildirirlər ki, Titanikin batması zamanı kömək üçün gələn xilasedicilər hadisə yerinə gözləniləndən daha tez – üç saat içərisində çatmışdılar. Ancaq, onlar köməyinə tələsdikləri insanların əksəriyyətinin qorxudan öldüklərinin şahidi olmuşdular. Fransız həkim A.Bombar stres barədə çalışmalarında qeyd edirdi ki, əfsanəvi gəmilərin vaxtsız ölən qurbanları boğularaq deyil, qorxudan ölürdülər.

Streslə əsas mübarizə üsulu emosional zəkanın üzərində işləmək və onu gücləndirməkdir. İnkişaf etmiş emosional zəkaya sahib insanlar özləri ilə ahəng içərisində yaşayırlar. Onlar soyuqqanlıdırlar, baş verənlər qarşsında təmkinlərini itirmirlər. Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər. Onlar həyatlarındakı əngəl və problemləri inkişafları üçün dəvətnamə sayırlar. Onlar gələcəyə nikbinliklə baxırlar – hər zaman özlərini ruhlandırır və həvəsləndirirlər. Çünki, bilirlər ki, ümid, nikbinlik və pozitivlik uğura gedən yolda böyük faktorlardır. Tam tərsinə, bədbin əhval-ruhiyyə ilə nədəsə uğur qazanmaq mümkün deyil. Çünki, bədbinlik insanın içindəki stress amilini körükləyir, iradəni, həvəsi və istəyi öldürür, yersiz qorxular yaradır. Məhz buna görə də emosinal zəkası güclü insan hər cür mənfi düşüncəni kənara qoyub, bəhanələrə deyil, fürsətlərə, uğura və inkişafa köklənirlər.

Stres mənbəyi sayılan zəhərli düşüncə və duyğulardan özünü təmiz tutmaq – psixogigiyenanın əsas tələblərindən biridir. Sağlam və xoşbəxt həyat üçün psixi sağlamlıq və təmizlik vacibdir. Bunun üçün isə zəhərli duyğu və düşüncə daşıyıcıları – enerji vampirləri ilə aramıza məsafə qoymağı bacarmalıq.

  1. Dözümlü olun.

Sisu termininin dözümlülüklə sıx əlaqəsi var. Müasir dövün ən böyük problemlərindən biri dözümlü insanların azlığıdır. Cəmiyyətimiz xırda problemlər qarşısında tez təslim olub, uşaq kimi ağlayan və sızlayan, özünü qurban rolunda görən insanlarla doludur. Bu insanlar arzu etdikləri hər şeyə “indi, bax bu anda və burada” sahib olmağı arzu edənlərdir. Bu mümkün olmadıqda isə onlar məyusluğa düçar olub, təslim bayrağını tez qaldırırlar.

Həyatdan gözləntilərimizin bizə arzu etdiyimiz anda qızıl sinidə təqdim ediləcəyinə inanmaq sadəcə sadəlövhlükdür. Həyatda hər bir şeyin öz qiyməti və vaxtı var. Bu qiymətin içərisinə dözümlü və səbrli olmaq da daxildir. Sisu – dözümlülük və səbr deməkdir. Həyatda uğur qazanan insanlara baxın – onlar yavaş, kiçik, ancaq mətin addımlarla qarşılarına qoyduqları məqsədə doğru geri çəkilmədən gedənlər deyilmi? Həyatda uğur və qələbə nə olursa olsun, hansı şərtlər yaşanırsa, yaşansın, qollarını yanlarına salıb, təslim olmayanlarındır.

  1. Dürüst və qədirbilən olun.

Özünə və əhatə olunduğu cəmiyyət fərdlərinə qarşı hörmət bəsləməyin finlilər üçün çox vacib yeri var. Finlilər bir-birlərinin qayğısına qalmağı bacaran insanlardır. Bu cəmiyyətin ən böyük gücü onun inkişaf etmiş sosial zəkasındadır. Onlar anlayırlar ki, cəmiyyətdə qarşılıqlı ünsiyyət və yardımlaşma daha güclü olmalarına və həyat səviyyələrinin yüksəlməsinə təkan verəcək.

  1. Problemə deyil, həllə fokuslanın. 

Sisuya sahib olanlar problemin deyil, həllin parçası olmağa üstünlük verirlər. Onlar üçün problem həll edilmək üçün mövcuddur. Problemlər inkişaf üçün həyatın bizə verdiyi fürsətlərdir. Bizlər problemləri həll edə-edə həbs olunuğumuz dar çərçivələrdən çıxır və inkşaf sərhədlərimizi genişləndiririk. Problem həll etmə qabiliyyətinin gücləndirilməsi və həlletmədə effektivliyin artırılması üçün işə kiçik problemlərin həllindən başlamaq lazımdır. Kiçik problemlərin həlli daha böyük problemlərin həllinə, bunlar isə daha böyük fürstətlərin yaranmasına şərait yaradır.

5.  Davamlı şəkildə özünüzə yeni və iddialı hədəflər qoyun.

Hədəflər həyatı şüurlu və planlı şəkildə yaşamağın digər adıdır. Hədəflər bizi daim canlı tutan, həyata bağlayan və sevdirən addımlardır. Biz güclü və iddalı hədəflərlə cəmiyyətdə özünütəsdiq tapır və davamlı inkişafımızı təmin edirik. Hədərflər bizə inadkar, səbrli və dözümlü olmağı öyrədir. Həyatımıza dəyər qatmaq istəyiriksə, harada, hansı şərtlərdən və hansı yaşda olmağımızdan asılı olmayaraq, davamlı şəkildə hədəflər qoyub, böyük həvəs və əzmkarlıqla onların icrasına can atmalıyıq.

Nəticə: Hər birimizin dünyaya gəliş məqsədi insana layiq, keyfiyyətli, mənalı, zəngin və faydalı ömür yaşamaqdır. Dünyadakı mövcudiyyətimizin digər məqsədi – xoşbəxt olmaqdır. Xoşbəxtliyə nail olmaq üçün onu həqiqətən istəmək, onun üçün mübarizə aparmaq, cəhd etmək, təkid etmək və təslim olmamaq lazımdır. Sahib olduğumuz duyğu, düşüncə, davranış və xarakterlər həyatımızın keyfiyyətini müəyyən edir. Daha keyfiyyətli və xoşbəxt həyat istəyiriksə, içimizdəki sisunu – mahiyyəti dəyişməsə də, buna başqa ad da qoya bilərik – oyatmalı və gücləndirməliyik.

Elçin ƏZİMLİ
ICF sertifikatlı peşəkar kouç

© 2017 · coaching.az ·

Comments

comments

1 şərh var

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.