coaching.az |

Uşaqlar – nümunəvi insanlardır

Bu yaxınlarda iştirak etdiyim çox gözəl bir tədbirdə çox yerində və önəmli bir cümlə diqqətimi çəkdi.  Bu, Albert Eynşteynə aid olan “Hər bir uşaq dahidir” sözü.

Həqiqətən uşaqlar saf, kirlənməmiş halda “ruh”ları ilə əlaqədə olduqları üçün onların hərəkətləri vicdanlı və doğru olur. Uşaqlardan öyrənməli olduğumuz çox həqiqət var ki, biz böyüdükcə və bir növ ruhumuzla əlaqə pozulduqca onları görə bilmirik.  Hər hansı bir çətinliklə qarşılaşdığımızda, qərar verməli olduğumuzda və seçim etməli olduğumuzda uşaqlığımıza geri qayıtmalıyıq, özümüz kimi olmalıyıq.

Özümüz kimi deyirəm – çünki, böyüdükcə ətrafımız tərəfindən bizə biçilən, tərif edilən obrazlar təqdir gördüyü üçün istər-istəməz həmin obrazlara bürünürük və özümüzdən uzaqlaşırıq. Lakin, təqdirlər bizi xoşbəxt, tam, bütünləşmiş hiss etdirmir, əksinə bütün bunlar müvəqqəti olur.

Uşaqlar hər şeyə qarşı maraqla yanaşırlar, çoxlu suallar verirlər, öyrənmək, hiss etmək istəyirlər. Öz aralarında xoşagəlməz hadisə baş verdikdə tezliklə barışa bilir, sülhə gəlir və öncəki neqativ halı unuda bilirlər. Fərqliliklərə dözümlü, hətta maraqlı olurlar. Özlərində olmayan bir şeyin və ya özləri kimi olmayanın necə hiss etdirdiyini, necə olduğunu, necə göründüyünü bilmək istəyirlər. Uşaqlar istəklərinə qarşı inadkar olurlar, vazkeçməyi heç düşünmürlər belə. Onlar paylaşmağı sevirlər, sevinirlər, daima gülürlər. Hisləri yaşayırlar, özlərində basdırıb saxlamırlar. Hansı ki, hisslərin basdırılması, yaşanılmaması lazım olan çox neqativ bir haldır ki, biz böyüklər bu yanlışı çox zaman edirik.

Uşaqlar qəzəbləndiklərində, sevmədiklərində, razılaşmadıqlarında, xoşlarına gələndə, sevinəndə, gülmək istəyəndə sadəcə bunları edirlər və bu duyğuları yaşayırlar. Onlara öyrədilməsə belə vicdanları ilə doğrunun, yaxşının nə olduğunu hiss edə bilirlər. Ona görə də uşaqlar bizim üçün saf, təmiz  nümunəvi insanlardır. Həm onlara baxaraq, həm də öz uşaqlığımıza, daxilimizə yönələrək daha rahat, daha uğurlu, daha xoşbəxt yaşaya bilərik.

Müəllif: Ülviyyə Əliyeva

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.