coaching.az |

Həyatı təkrarsız yaşamaq

Hikmət sahibindən “Bir daha dünyaya gəlsəydin kim olmaq istəyərdin?” deyə soruşurlar. O da gülərək “bir dahası yoxdur” cavabını verir.

Bu, çox dəyərli və önəmli məqamdır. Düşünün, bir daha ilk oxuduğunuz cümləyə sərf etdiyiniz zamana qayıda bilməzsiniz, o an olmayacaq. Bu an düşündüklərimiz, hiss etdiklərimiz, bu ankı halımız bir daha təkrarlanmayacaq. Dünənimiz və indiyə qədər yaşadığımız hər anımız da eyni şəkildə. Hətta, eyni məkanda, həmin dost-tanışlarımızla təkrar yığışsaq da, ilk dəfəki kimi olmayacaq – o ankı sevinc, həyəcan və hisslər təkrarlanmayacaq. Ona görə yaşadığımız anları daha fərqində olaraq, daha da doya-doya, hər detalın həzzini alaraq yaşamağa diqqət etməliyik.

Həyatımız elə də uzun deyil və onun təkrarı da yoxdursa, bu dəyərli anları özümüzü, daxilimizdəki uşağı tək buraxmaqla, dinləməməklə, hər kiçik və ya böyük səhv adlandırdığımız zamanlarda dərhal incidərək qınamayaq, özümüzdən qüsursuzluq gözləməyək. Sanki gözlədikcə ola biləcəkmişik kimi. Daha sakit olmaq, həyatın axarı ilə axmaq lazımdır.

Özümüz öz dəyərimizin fərqində olmalı və bunu hər yaşadığımız hadisədə, anda, hissdə özümüzə xatırlatmalı, dəstəkləməli, təsdiqləməliyik. Öz içində özünü təsdiq etməmiş insan ətrafın təsdiqinə ehtiyac duyur. Öz içində özünü sevməyən, özünə sevgi duymağın nə olduğunu bilməyən insan ətrafın ona sevgi göstərməyinə möhtacdır. Öz içində özünü bağışlamayan insan adi xətalarında belə ətrafından bağışlanmaq, qəbul görmək ehtiyacı duyur və bu siyahını istədiyiniz qədər uzada bilərik.

Nəzərə alsaq ki, cəmiyyətimizin əksəri belə düşüncədədir, o zaman özünü sevə bilməyən, özünü sevməyin nə olduğunu, necə sevməli olduğunu bilməyən, özü ilə barışıq olmayan, təsdiq etməyən “səni” necə sevə bilər, səni necə qəbul görə bilər, sənə necə fayda verə bilər ki? Və özü özünü sevə bilməyən insanı ətrafı sevgi göstərsə də tətmin ola bilməz, çünki onun aclığı xarici deyil, daxilidir. Və bu sevgi göstərmək də bir yerə qədər çata bilər. Çünki, onu verən insan da digəri kimi acdır.

Uzun sözün qısası, həyatımızı dolu-dolu, doya-doya yaşaya bilməyimiz özümüzü tanımaqdan, sevməkdən, dəyərli, lazımlı olduğunu hiss etməkdən, özünütəsdiq və özünüqəbuldan, özü ilə barışıq olduğunu dərk etməkdən keçir.

 

Müəllif: Ülviyyə Əliyeva

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.