coaching.az |

Özüm, hardasan?

Heç olmasa, ən azı bir dəfə özümüzə bu sualları vermişik: “Həyatın mənası nədir?”, “Axı niyə mən?” və s. Ancaq bir qədər fikrə daldıqdan sonra öz iş həyatımıza və yaxud digər məşğuliyyətlərimizə doğru geri qayıtmışıq. Sanki bir kabus kimi bu növ suallar bizi izləyir. Onlara cavab tapmayanda isə əsəbləşir və ya bunu “mənasız fəlsəfə”, “lazımsız, yorucu fikirlər”, ”boş vaxt itgisi”  və s. adlandırırıq. Ancaq özümüzü tapmaqda, dərk etməkdə bu cür sualların nə qədər vacib olduğunu unuduruq.

Həyat, həqiqətən axtarsaq təəccüblü və qəribə möcüzələrlə doludur. Bu möcüzələrin ən ön pilləsində biz – insanlar dayanırıq. Necə yaradılmağımızdan – hansı inanca sahib olduğumuzdan və ya ümumiyyətlə, olmamağımızdan – fərqi yoxdur, insan başdan-ayağa ümid işığı, möcüzə nümunəsidir. Başımızdakı bir telimizdən tutmuş ayağımızdakı ən xırda dırnağadək bizdən yalnız bir dənədir. 7,6 milyard insan içində tək və təkrarolunmazıq.

Ancaq bu təklik bizi üstələməməlidir. O suallar bizi yenməməlidir. Əgər bu dünyaya gəlmişiksə, demək  ki, artıq varıq. Sadəcə bu varlığa qarşı üsyan eləmək deyil, onunla barışaraq, vəhdət təşkil edərək onu həyata, yaşamağa təşviq etmək lazımdır. Düzdür, həyatın yolları, görürsən ki, bəzən enişli olur. Ondan inciyirik, günahını başqasının boynuna atırıq və ya özümüzü fərsiz, lazımsız, heç kimə və heç nəyə gərəkli olmayan birisi bilirik. Elə hey gileylənir və ya həyatımızdan, imkanımızdan, bəxtimizdən dolayı şikayətlənirik. “Axı niyə məndə filan şey alınmadı?”, ”Filankəs niyə bu qədər irəli getdi, mən yox?!”, “Onsuz da bir mənası yoxdur, kimin nəyinə gərəkdir mənim zəhmətim, işim?!”

– Özüm, hardasan?

– Yalnız sənin görəcəyin və duyacağın bir yerdə – elə özündəyəm.

İnanın ki, belə deyil. İnanın ki,siz bacarıqsız, zəif, tək, məsuliyyətsiz, əl-ayağa dolaşan deyilsiniz. İmkan verməyin ki, yuxarıdakı sualları Sizin yerinizə  başqaları cavablandırsın, başqaları sizin dəyərli, lazım, uğurlu, məsuliyyətli, bacarıqlı olub-olmadığınızı müəyyənləşdirsin, ən əsası da, başqaları Sizin həyatınızın damarını müəyyən etsin. Həyatın dadını və mənasını özünüzdə, varlığınızda kəşf edin! Özünüzü başqalarına deyil, məhz özünüzə sübut edin. Sübut edin ki, siz öz yolunuzda addımlayırsınız. Hərdən istirahət üçün yolüstü saldığınız bağda dincəlir, ətraf təbiətin gözəlliklərindən zövq alırsınız. Siz geriləmirsiniz, siz məğlub olmursunuz, sadəcə növbəti böyük, əyləncəli və daha maraqlı səfər üçün istirahət edir, özünüzə gəlirsiniz.

Məqsəd bizi yaşadan qüvvətli vasitədir. Ancaq hamımız özümüzə məqsəd müəyyənləşdirməyi elə də yaxşı bacarmırıq. Narahat olmayın, xırda dayanacaqlardan – hədəflərdən başlayın: adi bir yoldaşınıza işdə gərginliyini azaltmaq üçün kofe süzmək və ya sadəcə onun bəyəndiyi hansısa xırda işi görmək də böyük əməldir. Onu sevindirərək simasında təbbəssüm, yaxud istirahət etməsinə şərait yaradaraq, artıq ilk hədəfinizə çatmış olursunuz. Elə isə gözləmək vaxtı deyil, cığır cızaraq xırda, ya böyük dayanacaqlarla öz yaşamınızı müəyyən etməyin vaxtı elə indidir!..

Rafiq İbrahimov
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.