coaching.az |

Qorxularınız limitlərinizə çevrilməsin

Bu an həyatınızda hər nə baş verirsə, qəbul edin. Mən İslamdakı Allaha təvəkkül anlayışını ruhumla kəşf etdim. Bunu sevdiyim yazıçı Eckhart Tolle də deyir: “Dəyişikliyin baş verməsi üçün ilk addım indiki anla dost olmaqdır. Hər nə baş verirsə fərq etməz.Ona “hə” de. Ona icazə ver. Onunla ol”.

Dirənməyin. Çabalama enerjisi dənizdə boğulmaq kimidir. Sizi aşağı çəkir. Ağrını hiss etdiyiniz an qəbul edin (Bu baş ağrısı da ola bilər). İnkar etdiyiniz ağrını qəbul  etdiyiniz an dinclik hiss edəcəksiniz.

Həyatınızda baş verən hadisələrdə başqalarını günahlandırmağı dayandırdıqda həyatınızın yeni mərhələsinə keçmiş olacaqsınız. Bilirəm bunu dərk etmək çox çətindir. Mən özüm bunu yaşamışam. Göz görə-görə qaynananız filan elədi, işdəki rəhbərlik filan etdi. Mənim nə dəxxlim… Razıyam… Amma daha dərinə baxsaq baş verənlərə Siz şərait yaratmasaydınız, bəlkə də hər şey fərqli olardı:) Siz Allahın sevimlisisiniz. O heç istəyər ki, Siz əziyyət çəkəsiniz?

Ətrafa güzgü kimi baxın. Ətrafınızdakı insanlar Sizin güzgünüzdür. Əgər Sizdən neqativ /mənfi enerji çıxırsa ona uyğun da insanları özünüzə cəlb edəcəksiniz. İlk vaxtlar bu çox çətindir, çünki “сучка filankəs mənlə bir ola bilməz. Yox bir Mən ondan üstünəm” düşüncəsi gəlir. Amma burada əsas məqam özünü aldatmamaqdır. Daha dərinə baxın. Tapacaqsınız ki, onda bəyənmədiyiniz xüsusiyyət əslində sizdə də varmış. Başqa bir hadisədə ona bənzər addımı siz də atmısınız, yaxud eyni Sizin xətrinizə dəyilən kimi Siz də kiminsə qəlbinə dəymisiniz.

Kimisə qınamağa başladığınız an, dayanın. Güzgü effektini xatırlayın. Bilin ki, qınaq, tənqid, təkəbbür, paxıllıq, aqressiya, kin, küskünlük hissləri Allahdan olmayan hisslərdir. Qınaq obyektiniz kimdirsə, ona təşəkkür edin və  onda özünüzü axtarın. İlk vaxtlar məqsədli şəkildə dalğanızı dəyişin, daha sonra isə bu daxilinizdən öz-özünə baş verəcək. Özünüzü isə heç qınamayın. Allahın yaratdığını necə bəyənməmək olar? Özünüzü, qınamadan müşahidə edin. Ətrafı da…

Qonşuluqdakı kimləsə özünüzü müqayisə etməyin. Sizi müqayisə edə bilərlər. Təbii ki, yaxşı işiniz (buradakı yaxşı da nisbi anlayışdır. Baxır yaxşı iş sizin üçün nə deməkdir. Beyninizə yeridilən yaxşı, yoxsa həqiqətən sizinçün yaxşı sayılan) ,bahalı maşınınız, vəzifəniz olsa hər şey daha da yaxşı olacaq. Amma bu o demək deyil ki, əgər Siz buna sahib deyilsinizsə, dəyərsizsiniz. Əsas olan Sizin Öz daxilinizdə yuxarıda sadalananlara sahib olmadan daxilinizdəki İlahi parçayla birgə tam və bütöv olduğunuzu dərk etməyinizdir. Allah Sizi bu dünyaya göndərdikdə :”Bentley sürməsən haqqımı halal etmərəm “, demədi. Onun qatında biz hamımız BİRik. Ayrı, fərqli anlayışları yoxdur. O anlayışları biz yaratmışıq. Rəqabət, üstünlük, “kim daha güclüdür” anlayışları yalnlz aramıza parçalanma salır. Allahın parçasını qəlbində daşıyan insan heç kəsə heç nə sübut etmir.Həqiqətən dəyərli olan dəyərini sübut etməyə də çalışmır.

Sənin dünyaya baxan pəncərən kirlidirsə, mənim güllərim Sənə palçıqlı görünər.

(Uğur  Koşar)

(“Allah de ötesini bırak” kitabını oxumağınızı tövsiyə edirəm. Əsl terapiyadır.)

Bir məqam da var ki, Allah deyir: Yarat!.. Mənim parçam hər şeyə qadirdir. Heç kim Sənin kimi deyil. Bu da Sənin güçündür. Ancaq, sevgiylə yarat.

Ətrafınızdakı sevgini görün. Aqressiv baxışlar və hisslərlə yanınızdan ötənləri izləməyin. İlk 21, yaxud 30 gün özünüzü məcbur edin. Düzdür, əgər heç içinizdən gəlmirsə, məcbur da etməyin. Deməli, Siz buna hələ hazır deyilsiniz. Amma əgər həyatınızın dəyişməyini istəyirsinizsə, bununla başlaya bilərsiniz. Mən həmişə deyirəm ki, əgər bugünə kimi etdiklərin və düşündüklərinlə illərdi eyni nəticəni alırsansa, deməli nəyisə dəyişmək lazımdır. Buna, insanların hər birinin içində Allahın bir parçası olduğuna inanaraq başlaya bilərsiniz.

O tıxacda sənin yoluna keçməyə çalışan sürücüyə “….” demək içinizdən gələ bilər. İş yoldaşınızın yerinə hansısa işi görmək Sizi qıcıqlandırıb, haqsızlıq qurbanı olduğunuzu hiss elətdirmiş ola bilər (bu da  ayrı mövzudu əslinə qalsa). Buna baxmayaraq, bağışlayaraq buraxın. Qəlbdən buraxın. İngiliscə çox sadə ifadə var:

Let it go

İnsanlar Sizi başa düşməyə də bilər. Narahat olmayın. Siz bunu onlar üçün etmirsiniz, Özünüz üçün edirsiniz. Sizin ürəyiniz nə qədər sevgiylə aşıb daşsa da, geniş, təmiz olsa da, qarşı tərəf Öz qəlbini açdığı qədər ancaq Sizi anlayar. Ona görə onları qınamayın. Sadəcə Öz ürəyinizi açmış olduğunuza görə şükr edin, sevinin.

Mən əvvəllər nəyi səhv etdiyimi yeni kəşf etdim. Yeni dedikdə 2 il əvvəl: ) İnsanlardan qarşılıq gözləyirmişəm… Anlamadan,şüuraltı… Halbuki əsl sevgi qarşılıq gözləmir. İstər ana-ataya olan sevgi, istər ərə, sevgiliyə, övlada. Yoldan keçən birinə yerə düşən pul kisəsini qaytardiqda belə ondan təşəkkür ummamaq lazımdır. Sən öz etməli  olduğunu etdin.

Axtarışdan açılmış beyin,inanclarla bağlanandan yaxşıdır.

Allahdan gələn işarələrə mütləq fikir verin.

Təzəlikcə bir filmə baxırdım. Paralel olaraq da bir məsələni beynimdə analiz edirdim. ECKHART Tollenin “anı yaşayın” prinsipini sevsəm də, o an 2 işi birdən edirdim:) Bir an ekranda fikir verdim ki, arxa fonda mənə aid ismarıc var;) Have faith-inan.

“Hardan bilim ki, cavab Allahdan gəlir?”, bu sual sizi maraqlandırırsa, deyim; onu ürəyinizdən hiss edəcəksiniz. Ağıl başa düşmək, ürəksə hiss etmək üçün lazımdır. Ürəyinizi eşitmək üçünsə, bəzən səssizliyi dinləmək lazımdır. Fikir vermisinizsə, bəzən sadəcə danışırıq, sanki boşluğu doldururuq. Elə anlarda susun. Ürəyinizlə dinləməyə başladığınız an beyniniz də susacaq. O an Allaha qovuşduğunuz an olacaq.

Ürəyinizin sevgi ritmində döyünməsi ümidilə…

 Ayan Tağızadə

© 2018 · coaching.az

“Ürəyimin səsi” rubrikasında dərc olunan məqalələr müəlliflərin öz mövqeyini əks etdirir. 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.