coaching.az |

Mərəzlərimizdən biri

Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə səbəb olur. Cürətsiz adam heç təşəbbüsə müvəffəq  olmaz. İşini xarab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki  hər bir işdə cürət lazımdır.

Cürət insana qanad verər və müəvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün  ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlilik sifətinə haiz[1] olmasa, layiqincə faydamənd[2] olmaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından[3] tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxlik sayəsində dolanarkən cürətsiz məzəllət[4] altında fəna bir övza[5] ilə ömür keçirər. Cürətli oğul yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xarabazara döndərər.

Bu gün cürətli ingilislər, amerikanlar kürreyi-ərzin[6] hər bir nöqtəsində hökm-fərmadırlar. Cürətsiz İran isə əğyar təcavüzündən dəxi özünü qorumağa qadir deyil.

Biz, Rusiya müsəlmanları dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmirik; bizdə cürət ölübdür, əhya etmək[7] lazımdır.

Ticarətimizin həmcivarlararımıza[8] nisbətən kəsadlığı[9], dürlü-dürlü[10] mənfəətli sənətlərdən məhrum olmağımız, elm və fənndə geri qalmağımız, hamısı bizim cürətsizliyimizdən naşidir[11]. Bizi saxlayan tək bizim bəsalətimizdir[12] ki, o da belə qalsaq, yavaş-yavaş itər və yox olar. Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır. Odur ki, bizlərdən gözə görkəmli və şayani-diqqət [13]əməllər nadirən sadir[14] olur.

Biz bir işə iqdam[15] etmədən qabaq öz acizliyimizi iqrar[16] edərək məzkur[17] işdən heç bir şey çıxmayacağını hökmən özümüzə yəqin edirik və şövqü həvəsdən düşüb, əbəs yerə fürsətimzi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə, digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə “sən, yaxud biz bacarası iş deyil” – deyə bu işdən sərfi-nəzər[18] etməyi dəxi tövsiyyə edirik. Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam[19] edibdir. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhami-rəbbani[20] ilə) o işlərdən bir şey çıxarmayacağını qəti xəbər verib, “çünki müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmırıq” kimi cəbunlara[21] məxsus bir ümidsizliyə bunu da əlavə edirik.

Belə çıxır ki, biz hər bir ittifaqda nikbinlərdən ədd olduğumuz halda, tək bir bu yerdə bədbinalığı qəbul edirik. Görünür, bizim öz qüdrətimizə etiqadımız yoxdur. Varmışsa da itibdir. Budur ki, bizim cürətsizliyimiz və acizliyimizə müqəər olmağımız hər bir iş müqabilində əl-ayağımızı bağlayıb, bizi hərəkətsiz buraxır. Cürərtsizlikdən başqa bir də, ümumiyyət etibarilə, digər bir fəna sifət dəxi müşahidə olunur. Bu da acizlikdir. Balaca bir müsibət və bədbəxtçiliyə düçar olanda biz özümüzü, bilmərrə[22] itiririk. Əslinə baxsan, bu da bizim cürətsizliyimizdən doğan bir sifətdir.

Söz yoxdur ki, bir işə iqdam edib, baş aparmağa çalışan adam bu yolda neçə-neçə maneələrə və çətinliklərə düçar olacaqdır. Zəhmətsiz bal yemək olmaz – öz türklərimizin zərbi-məsəlidir. Lihaza[23], biz bu məsəl fəhvası[24] ilə müvafiqət [25]eləməyib, başladığımız işi cüzi bir çətinliyə təsadüf edəndə buraxıb əl götürürük. Halbuki insan başladığı işi başa aparmaq üçün təsadüf edən maneə və çətinlikləri bir-bir dəf və rəfə[26] çalışmalıdır ki, məqsədinə nail olduqda da kamiyab[27] olsun. Və illa, hər bir çətinlik müqabilində aciz qalıb, məqsədimizdən sərfi-nəzər etsək, mütləqa başqalara möhtac olacayıq. Möhtaclıq da, məlum olduğu üzrə, insanın tənəzzülünə yardım edən bir bədbəxlikdir. Hər bir sahibkara lazımdır ki, həmişə tərəqqiyə nail olsun, ətalətlə iş görsək gündən-günə tənəzzüldə qalacağıq. Əsrimiz isə tərəqqi əsridir.

Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də hər bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. İnsan ruzigarın önünə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır… Acizlik və cürətszilik göstərməkdənsə, mübarizə edib, ruzigara[28] basılmamaq əfzəldir.[29]

Üzeyir Hacıbəyli
“İrşad” qəzeti, 24 mart 1906-cı il

Üzeyir Hacıbəyli həyat yoldaşı Məleykə Terequlova ilə birlikdə.

[1] 1. Sahib, yiyə. 2. Əhatə edən
[2] Fayda alan, mənfəət görən
[3] Burada üzv mənasında
[4] Zəlillik, alçaqlıq
[5] Vəziyyətdə
[6] Yer kürəsi
[7] Diriltmək, canlandırmaq
[8] Qonuşalarımıza
[9] Azlıq, zəiflik, çatışmazlıq
[10] Cür, növ
[11] İrəli gəlir
[12] İgidlik, qəhrəmanlıq, qoçaqlıq
[13] Diqqətə layiq
[14] Çıxmaq, baş vermək
[15] Təşəbbüs göstərmək
[16] Dil ilə söyləmə, ifadə etmə
[17] Zikr olunmuş, haqqında danışılmış; yuxarıdakı
[18] Bir şeyi nəzərə almamaq, fikrini, diqqətini, nəzərini ondan uzaqlaşdırmaq, ayırmaq; nəzərini çevirmək
[19] Təşəbbüs etmək, başlamaq, girişmək
[20] İlahi həvəsləndirmə
[21] Qorxaq
[22] Heç, əsla, heç bir dəfə, qətiyyən, tamamilə, büsbütün
[23] Buna görə, bunun üçün, bu səbəbdən.
[24] Məna, anlam
[25] Uyğun gəlmə, düz gəlmə, uyğunluq, münasib olma, münasiblik
[26] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə
[27] Kamına, arzusuna çatan; xoşbəxt, bəxtiyar
[28] Həyat, dövran, zəmanə
[29] Daha artıq, daha qiymətli, daha üstün tutulan

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.