coaching.az |

Daxili azadlıq nədir?

Azadlıq – hər hansı məhdudiyyətə, zorakılığa, boğucu şərtlərə və təzyiqlərə məruz qalmadan, düşüncə və davranış sərgiləmək vəziyyətidir.

Azadlıq anlayışı – bu barədə çox sayda müxtəlif təyin formaları mövcuddur. Misal üçün, əxlaqi yanaşmada vacib şey – iradə azadlığının olmasıdır. Fəlsəfədə isə azadlıq heç kimdən asılı olmadan öz arzu və istəyinə uyğun qərarlar verib, müstəqil seçə bilmək imkanı ilə əlaqələndirilir.

Azadlıq konsepsiyasına həmçinin baza sayılacaq – pozitiv, neqativ, iradə və insan haqlarını ümdə tutan azadlıqlar da daxildir. Siyasi, iqtisadi, söz azadlıqları isə vətəndaş kimi mənsub olduğumuz dövlətin konstitusiyasına uyğun olaraq tənzimlənir.

Biz insanlar, bir çox universal və fərdi azadlığın olduğu dünyada yaşayırıq. İnsan təbiətcə azad varlıqdır. Çünki biz, azad şəkildə yaradılmışıq.

Doğulduğumuz vaxtdan da müxtəlif haqlarla bərabər azadlıq imtiyazına da sahib oluruq.

Azadlıq heykəli, Filadelfiya, ABŞ. Heykəltaraş: Zenos Frudakis

Bizə seçim imkanının verilməsi azadlığın nişanəsidir. Yaxşı və pisi ayıra bilmək üçün şüur kimi unikal resursumuz və bizi digər canlılardan fərqləndirən əsas özəllik sayılan – təfəkkür edə bilmək imkanımız var.

Təfəkkür – intellektin fəal forması olmaqla bərabər, cisim və hadisələr, eyni zamanda münasibətlər arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyəti sayılır.

Bəzən deyirlər ki, bizi heyvanlardan fərqləndirən əsas xüsusiyyət şüurdur. Xeyr, əfəndim! Bu gün özümüz də bəzi hallarda heyvanların şüurlu davranışlarının canlı şahidi ola bilirik. İnternetdə də bunu sübut edəcək xeyli videosujet var. Əsas ciddi fərq məhz təfəkkürdür!

Bir məsələdə var ki, hər kəs təfəkkür etmir. Belələri sadəcə bioloji həyat sürən adamlardır. Onlar üçün həyat yolu yemək süfrəsi və tualet arasında olan məsafədən və cütləşmək üçün istifadə olunan yataqdan ibarətdir.

Təfəkkür edə bilən insan anlayır ki, azadlıq insana bəxş olunmuş ən dəyərli nemətlərdən biridir. Əgər o, azadlığını itirərsə, insanlığını da itirmiş olacaq.

Azadlıq həm də məsuliyyət deməkdir, ona görə də əksər adamlar ondan qorxur.

Bernard Şou

Ətrafımızda nə qədər məsuliyyətli şəxs var? Çox az. Onlar defisitdilər. Axı məsuliyyətsiz olmaq asandır. Sənin əvəzinə qərarları hökumət, Allah, həyat yoldaşın və qonşun verir və sən özünü axına buraxısan. Beləcə yaşamaq “asan” olur. Ancaq burda azadlıqdan söhbət gedə bilməz.

Baxın, məsuliyyətli olmaq, qərar verə bilmək qabiliyyəti, təfəkkür etmək hissi – bütün bunlar azad adamın əsas xüsusiyyətləridir.

İndi isə mən “daxili azadlıq” barədə yazacağam.

Daxili azadlıq nədir?

Bu, insanın elə bir qabiliyyətidir ki, o, müxtəlif situasiyalarda öz imkanlarını nəzərə alaraq, şüurlu şəkildə kənar təsirlər və gözləntilərlə yox, öz fərdi, müstəqil əməl və davranışları ilə yaşayır.

Psixologiyada “sosial təzyiq” faktoru var. Bu, elə bir haldır ki, sən nəsə edirsən və bunu sırf özün istədiyin üçün yox, bunu səndən gözlədikləri üçün eləməli olursan.

Bu “fenomenin” iki tərəfi var:

Birincisi, sosial təzyiq bir insanı çox yaxşı olmağa, yüksəlməyə təşviq edə bilər. Bu, onun yaxşı tərəfidir. İkinci tərəf isə əlbəttə xoşagəlməz hal yaradır. Belə ki, həmin təzyiq bizə öz həyatımızı yaşamağa imkan vermir və biz daha çox valideynlərimizin, dostlarımızın, qohum-qonşunun, sevgilimizin, bir sözlə, ətrafımızın istədiyi həyatı yaşayırıq.

Uşaqlıqdan bizim daxili azadlığımız boğulur. Bunu ən çox tərbiyəni düzgün şəkildə verə bilməyən valideynlər edirlər. “O olmaz, bu olmaz”, “onu eləmə, bunu eləmə” – ilə şüurumuza yeridilən ifadələr biz böyüdükdən sonra daxilimizdə böyük bir həbsxananın yaranmasına səbəb olur.

Onu da deyim ki, oxşar ifadələri eşitdikdən sonra, “niyə etmək olmaz” sualı versək, cavab belə olur – “olmaz dedimsə, olmaz”. Bizə heç bir arqument verilmir.

Bizi çərçivəyə salmaqla yanaşı, həm də iyrənc müqayisələrlə travmalar qazandırırlar. “Qonşunun oğluna bax, necə savadlıdır”, “filankəsin qızı gör evləri necə təmiz yığışdırır” və s.

Uşaqlıqdan bizə müxtəlif vəziyyətlərdə necə davranmalı və reaksiya verməli olduğumuzu diktə edirlər. Beləcə insan yetkin yaşa çatanda da, hadisələr qarşısında reaksiya və davranış məsələsində standart şəkildə hərəkət edir. O, sanki proqramlaşdırılmış robotdur və öz iradəsi yoxdur ki, seçim etsin. Bax, həmin insanların daxili azadlığı olmur.

Nəticədə belə insanlar böyüdükdən sonra kompleksli, qorxaq və aciz olurlar. Onlar müdir, polis, MİS müdiri, bir sözlə özlərindən bir ranq yuxarı adamların qabağında boynu və belibükük halda olurlar.

Açığı, bizim heç birimizin əvvəldən sosial təzyiqə qarşı hazır immunitetimiz olmur. Əgər biz dərk etməyə başlayırıqsa ki, daxili azadlığımız istismar olunur və bunun qarşısını mütləq almaq lazımdır, onda ciddi qərar vermək lazım gəlir. Qərar ondan ibarətdir ki, bizə qarşı olan sosial təzyiqin təsirini maksimum aşağı edəcəyik.

Buna görə ətrafımıza diqqətlə baxmaq lazımdır. Kimlər daim bizim həyatımıza müdaxilə etməklə ömür sürürlər?

Şəxsən mən ətrafımda ciddi dəyişikliklər etmişəm. Məni demotivasiya edən, həvəsdən salan dost və qohumlardan çoxdan uzaqlaşmışam. İndi dostluq bağlarım olan insanlar özləri də daxilən azad, müstəqil qərar verə bilən və tolerant adamlardır. Bəli, həmin rəngli insanlar başqalarının həyatına burunlarını soxmağı özlərinə ayıb bilirlər.

Belə etməklə neqativ enerjinin, həmin təzyiqin effektini kifayət qədər almışam. Neqativ dalğa bloklanıb.

Daxilən azad o adamdır ki, onun işini itirmək qorxusu yoxdur.

Milan Kundera

Ətrafla bərabər, mütləq gərək öz daxilimizdə də ciddi profilaktika aparaq. Bunun üçün daimi olaraq müxtəlif kitablar oxumaq, filmlər izləmək, təlimlərə getmək, bacardıqca çox səyahət eləmək lazımdır.

Özünü inkişaf etdirmək çox vacibdir. İnsan istəsə dəyişə bilər.

Bilmirəm diqqət eləmisiniz, ya yox, reytinq cəhətdən ən yaxşı kitablarda və filmlərdə əsas hədəf daxili azadlığa meyil olur. Hansı ki, ordakı qəhrəmanlar maneələrə və təzyiqlərə baxmayaraq, əhəmiyyətli və cəsarətli addımlar atırlar.

Daxili azadlıq insana cəsarət, motivasiya və sonsuz sevgi enerjisi verir. Belə şəxslər həmin sevgini paylaşmağı da bacarırlar.

Müəllif: Orxan Adıgözəl

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.