coaching.az |

Effektiv ünsiyyətdə mənlik

Ünsiyyət qabiliyyəti və bacarıqları haqqında çox kitablar oxuyuruq, seminarlar dinləyirik. Ünsiyyət, xüsusilə də sosial izolyasiya dövründə vebinarların və canlı yayımların başda gələn mövzularından oldu. Ünsiyyətin müxtəlif tərifləri olduğu kimi, formaları də müxtəlifdir. Bildiyimiz  formalardan – yazmaq, dinləmək və danışmaqdan əlavə daha çox vasitə sadalamaq olar. Ünsiyyətin yollarının sosial şəbəkələr həyatımıza gəldikdən sonra daha da zənginləşdiyini xüsusilə deyə bilərik.

Mənim diqqət çəkmək istədiyim ünsiyyət bacarığı isə yenə də ilk növbədə özünü tanımaqdan keçir. Ünsiyyət qurarkən bizim davranışımızı hərəkətə keçirən daxili duyğumuzu oxuya bilmək, mənasını anlamaq əhəmiyyətlidir.

Bu və ya digər müstəvidə ünsiyyət qurmağa başlayarkən davranışlarımıza məna verən daxili mənliklərimizdir. Transaksional analizin banisi Erik Börnə görə daxili mənlik – eqo özünü 3 fərqli şəkildə ifadə edir: Valideyn, Yetkin və Uşaq Mənlikləri şəklində. Hər 3 mənlik tipi hər insanın daxilində var və aparılan araşdırmalara görə 7 yaşına qədər formalaşır. Müəyyən zamanlarda, situasiyalardan asılı olaraq ünsiyyətdə mənlik tiplərindən hər hansı biri ön plana çıxır və ünsiyyətin şəklini formalaşdırır.

Fərqli mənlik tiplərinin ünsiyyətin gedişatına müxtəlif təsirləri vardır. Belə ki, məsələlərə Valideyn mənliyimiz ilə yanaşdığımız zaman daha çox qoruyucu, mühafizə edən, qayğıkeş və yaxud da tənqidi, bəzən əsəbi tərzdə davranış sərgiləyirik. Qarşımızdakı ilə demək olar ki, uşaq kimi davranırıq. Uşaq mənliyimiz ilə yanaşdığımız zaman isə ya üsyankar, dəcəl, söz dinləməyən, şıltaq, ya da qorxaq, sözəbaxan, kömək istəyən davranış şəkilləri göstəririk  (hətta buna qarşı tərəfin təsiri altında əzilən belə deyə bilərik). Bu zaman qarşımızdakı valideyn rolunu ifa edir mənasına gəlir və ya biz qarşıdakından belə davranmasını gözləyirik.

Misal üçün:

  • Kitabım hardadır?
  • Sən narahat olma, mən gəlib taparam (və ya harada qoymusansa ordadır, sən həmişə belə edirsən…)

Valideyn mənliyindən çıxış edərək göstərilən ünsiyyət şəklidir.

Digər tərəfdən,

  • Kitabım hardadır?
  • Mən götürməmişəm (və ya mən nə bilim hardadır)

Tərzində cavabalar isə uşaq mənliyindən gələn ünsiyyət şəklidir.

Ünsiyyətin bərabər mövqedə və məhsuldar davam etməsi üçün yetkin mənliyimizi ortaya qoymaq və qarşımızdakının da yetkin mənliyinə xitab etməyimiz əhəmiyyətlidir. Ünsiyyət zamanı qarşı tərəfdən aldığımız informasiyanı keçmiş davranışlar süzgəci, fərziyyələr, mühakimələr süzgəcindən və ya qorxu, müdafiə mövqeyindən deyil, o anda olan davranışından və o anda olan mövzudan yola çıxaraq qiymətləndirmək və cavablandırmaq kifayətdir.

  • Kitabım hardadır?
  • Daxılın üzərində (və yaxud kitabını tapmaq üçün sənə necə kömək edə bilərəm?)

Yetkin mənlik 5W[1] suallarına cavab axtarır, anlayış göstərir, fikrini ifadə edərkən qarşı tərəfin icazəsini alır. Açıq, şəffaf, araşdıran, məlumat verən, nə anladığını yoxlayan, suallar verən davranış şəklini ortaya qoyur.

Ünsiyyət zamanı mesajın hansı mənlik tərzindən gəldiyini anlamaq ünsiyyət qabiliyyətini çox artıra bilər. Tərəfdaşınızın eqo – mənlik vəziyyətini anladıqdan sonra yetkinlik müstəvisinə dəvət edib söhbətinizi davam etdirə bilərsiniz. Bunun üçün isə doğru suallar vermək, hisslərinizi və istəklərinizi açıq şəkildə ifadə etmək yetərli olacaqdir.

[1] (Five Ws) İngilis dilindəki kim, nə, harada, nə vaxt və nə üçün suallarının baş hərflərini ifadə edən sorğulama və sual vermə üsulu.

Müəllif: Könül Əliyeva | peşəkar kouç

© 2020 · coaching.az

 

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.