coaching.az |

Yolçu yolda gərək!

Bu şəkil illər öncə, 25 yaşımda olarkən çəkilib. Həyata “pəmbə gözlüklərlə” baxdığım vaxtlar idi. İstanbulda tələbəçilik həyatı yaşayırdım, həyat hələki məni çox bərkə-boşa salmamışdı və onun fərqli üzlərini görməmişdim.

Sonra isə illər sürətlə keçdi və romanlara mövzu olacaq hadisələr yaşadım. Bu illərdə üzümü güldürən uğurlarım olduğu kimi, özümə yaraşdırmadığım uğursuzluqlarım da oldu – bol-bol sevindim və bol-bol məyus oldum.

Ancaq, yaşlandıqca və həyatın məngənəsində sıxıldıqca, yaşadıqlarımı böyük və dəyərli təcrübə olaraq qiymətləndirməyi və onlardan nəticə çıxarmağı öyrəndim. İndiki yaşıma gələrkən yaşanan ömrün sadəcə rəqəmlərdən ibarət olmadığını daha yaxşı anlayıram. Atılmış səhv addımlarım, əldən qaçan fürsətlərim və itirilmiş böyük zamanım mənə həyatı öyrədən böyük müəllimlər oldular. Mən həyatı kitablardan deyil, yaşadıqlarımdan öyrəndim.

Bu ad günümdə keçmişimlə yenidən üzləşərkən, gənc dostlarıma bir tövsiyəm var – itirməkdən, səhv etməkdən və uduzmaqdan qorxmayın. Həyatda mütləq qalib yoxdur və heç vaxt olmayıb. Sadəcə uğura fokuslanmayın, çünki hər zaman uğurlu olacağınızın qarantiyasi yoxdur və hər zaman uğur arzusu ilə yaşasanız, böyük məyusluqlar yaşayarsınız. Bu məyusluqlar isə sizi gələcək uğurlarınızdan soyudar.

Nə qədər çətin də olsa, səhvlərinizi təbəssümlə və məğrurluqla qarşılamağı öyrənin və onlara sizə doğruları öyrətdiyi üçün minnətdar olun. Səhvin başqa bir adının da öyrənmə olduğunu bilin. Əmin olun ki, keçmişdəki uğursuzluqlarınız  gələcəyinizə işıq tutacaq qiymətli təcrübə olacaq. Bu şəkildə, itirdiklərinizi faydaya çevirib, onları öyrənmə mənbəyinə çevirməyi öyrənin.

Şəxsən mən yaşadığım həyatdan məmnunam, onu hər şeyi ilə – uğurları və uğursuzluqları, səhvləri və doğruları, etdiklərim və hələki çatdıra bilmədiklərim ilə sevirəm. Mənim üçün varlıq, yoxluqdan qat-qat gözəldir və VAR olduğum üçün xoşbəxtəm. Gələcəyimlə əlaqədar nikbinliyim hər zamanki kimi böyükdür – hər şey mütləq yaxşı olacaq, çünki mən əli cibimdə gəzmirəm və həyatımı öz istədiyim şəkildə qurmaq üçün əlləşirəm.

Hər yeni ad günü mənim üçün yeni bir fürsətdir – yaşamağa, VAR olmağa davam etmək üçün fürsət. Hər ad günümdə yeni həyat marafonu başlayır. Sevinc və kədər, uğur və uğursuzluq yenə də bu marafonda bir-birləri ilə yarışmağa başlayacaq. Hansının qalib gələcəyinin isə hansını daha çox bəsləməyimdən və hansına daha çox şans verməyimdən asılı olduğunu da çox gözəl anlayıram.

Növbəti illərimin astanasında özümü yeni və daha maraqlı səyahətlərə çıxacaq səyyahlara bənzədirəm. Önümdə kəşf olunacaq böyük dünyalar var və mən yenidən yolun başındayam.

Yolçu yolda gərək!..

17.12.2020

Elçin Əzimli
Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.