coaching.az |

Ağappaq bir dünyada yaşamaq istəyərdinizmi?

Bir anlığa dünyadakı bütün rənglərin yox olduğunu və hər şeyin təktonlu ağ rəngə büründüyünü xəyal edin. Ətrafınızdakı hər şey ağdır – önünüzdəki ekran, əlinizdəki telefon, gözünüzün önündəki mənzərələr, pəncərə, pəncərənin çölündəki hər şey, hətta göydəki buludlar da.

Bu yeni mənzərədə heç nəyi seçə bilmirsiniz, heç nəyi fərqləndirə bilmirsiniz. Belə olduqda, artıq nəyin necə və hansı keyfiyyətdə olmağının heç bir mənası qalmır, çünki hər şey bir-birinə bənzəyir. Belə bir dünyada yaşamaq sizə zövq verərmi?

Həyat öz gözəlliyini büründüyü fərqli rənglərə, formalara, səslərə borcludur. Bu fərqli naxışların sayəsində dünya gözəl xalçaya və ya rəsm tablosuna çevrilir.

Fərqli düşüncələr, tərzlər və mövqelər də həyata rəng və məna qatan gözəlliklərdir. Bu fərqliliklərin hamısını anlamaya və qəbul etməyə bilərik, ancaq heç biri artıq deyil, hər birinin böyük hikməti var və hamısı böyük puzzle-nin əhəmiyyətli parçalarıdır.

Dediklərimizi və düşündüklərimizi mənalı edən onunla eynilik təşkil etməyən fərqli mənalardır. Bu fərqliliklər olmasa, bizim düşüncələrimizin də əhəmiyyəti qalmaz. Hər kəsin eyni şeyi düşündüyü bir cəmiyyət ancaq robotlardan təşkil olunmuş bir cəmiyyət ola bilər. Halbuki, robotlara da fərqli proqramlar yükləmək mümkündür.

Güclü, intellektli və dərin insanlar fərqli düşüncələrə açıq və dözümlü olanlardır. Dinlədiyimiz, anladığımız və empatiya qurduğumuz ölçüdə mədəniyik. Apple-ın süni intellektli SIRI-si belə bizi tam dinlədikdən sonra cavab verir, ağzımızı açan kimi cavabımızı qaytarmır. Bəs nə üçün biz təbii intellektlilər başqası danışarkən dinləmək yerinə beynimizdə özümüzlə danışıb, nə deyildiyini anlamadan, verəcəyimiz cavabın ssenarilərini hazırlayırıq?

Bir insanın nə qədər mədəni və inkişaf etmiş olduğunu öyrənmək istəyirsiniz? Fərqliliyə dözümünə, dinləmə və anlama bacarığına, bir də ki, mübahisə etmə qabiliyyətinə baxın. Qazandığı diplomlar, bildiyi dillər, oxuduğu kitablar, həyatda qazandığı mövqelər – bütün bunlar sonra gəlir.

Daha mədəni bir cəmiyyətdə yaşamağımız diləyi ilə.

Elçin Əzimli
Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.