coaching.az |

Gündəmini göstər, deyim kimsən

Sürətlə dəyişən və dəyişdirilən gündəm mənə vaxtı ilə oxuduğum bir təmsili xatırlatdı.

“Çəmənlikdən uçub gələn milçəkdən və arıdan gəldikləri yerdə nə gördüklərini, nə ilə qarşılaşdıqlarını soruşurlar. Milçək cavab verir:

– Çəmənlikdə otlayan mal-qaradan qalan çoxlu peyin vardı. Bu peyinin üstündə gəzişərək gözəl vaxt keçirdim.

Arı isə belə cavab verir:

– O çəmənlikdə nə qədər gözəl və ətirli çiçəklər varmış… Onların üzərində gözəl vaxt keçirdim”.

Milçəklə arının arasındakı fərq budur: biri güllü-çiçəkli çəmənlikdə natəmiz yer tapıb, ora qonacaq. Digəri isə bataqlıqda da olsa, nilufər çiçəyini tapıb, ondan nektar çəkəcək.

Bax, əziz dostum, biz insanlar da beləyik: həyatda nə axtarırıqsa, o da qarşımıza çıxır. Düşüncəmiz arı ruhludursa, qonmağa çiçəklər axtaracaq. Milçək ruhlu olsa, zibilliklərə can atacaq.

Həyatda arı və ya milçək olmaq isə öz əlimizdədir. Bu, sadəcə bir seçimdir, həyatdakı hansısa kənar şərtlərin bizi sürüklədiyi məcburi axın deyil. Bizə aid olan, öz içimizdə doğan və bəslədiyimiz seçim.

Milçək olmağa nə var ki; yaxşılıqlara göz yum, hər şeyə ağız büz, davamlı narazı yaşa, heç nəyi bəyənmə. Ancaq, mənfi xəbərləri axtar, ruhundan da mənfi enerji tökülsün. Yaşadığın, qidalandığın yerlər qeybət, böhtan və iftira məskənləri olsun. Natəmiz yerlərdən yoluxduğun mikrobları da getdiyin yerlərə daşı, başqalarını da zəhərlə.

Gündəmini göstər, deyim kimsən.

Demirəm ki, cəmiyyətin gündəminə laqeyd qalaq, demirəm ki, ancaq yaxşı xəbərlərlə yaşamağa çalışaq. Bugünkü şərtlərdə bu mümkün deyil, heç doğru da deyil. Deyirəm ki, gündəmimiz başqalarının diktəsi ilə süniləşməsin və natəmizliklərdən arınmış olsun. Özümüzün təmiz və bizə faydası dəyəcək gündəmi olsun. Sadəcə mənfilərin içərisində yaşamayaq; üç mənfi ilə qarşılaşanda, beş müsbəti də axtarmağa cəhd edək. Milçəklərlə deyil, arılarla qonşu olaq.

Bu həyatda əsas olan arılar kimi yaşa bilmədikdir; təmiz, zərif, faydalı və məhsuldar.

İndi arılara o qədər ehtiyac var ki…

Bu məqalənin son cümləsini oxuyandan sonra özümüzə bu sualları verək: Mən kiməm? Harada və nə ilə yaşayıram, mənəvi olaraq nə ilə qidalanıram? Ətrafa nə yayıram?

Elçin Əzimli
Biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.