coaching.az |

Anladım ki…

2015-ci ildən etibarən aktiv şəkildə “Emosional intellekt” mövzusu ilə məşğul oluram. Bu illər ərzində Peter Salovey, John Mayer, Daniel Goleman, Joshua Freedman kimi alimlərin Eİ sahəsindəki əsərlərinə müraciət etdim, xarici mənbələrdən çoxsaylı məqalələr oxudum. 2019-cu ildə Eİ sahəsində lider sayılan Six Seconds institunun “Professional EQ Assessor” proqramını bitirərək, emosional intellekti ölçmə alətlərinə sahib oldum. Ən son olaraq da, Daniel Goleman tərəfindən yaradılan Goleman EI proqramını başa vuraraq, bu sahədəki biliklərimi daha da sistemləşdirməyə çalışdım.

Eİ həyata baxışımı çox dəyişmişdi, yanaşmalarımda onun təsiri açıq şəkildə hiss olunurdu. Yaşadığım hər hadisəni, oxuduğum  hər kitabı, tamaşa etdiyim hər filmi emosional intellekt süzgəcindən keçirərək anlamağa çalışırdım. Gündəmimi o qədər məşğul etmişdi ki, “Emosional intellekt”ə dair mənimsədiklərim özümdə qalmamış, öyrəndiklərim əsasında özüm də məqalələr yazmağa və bildiklərimi təlim və seminarlarımda bölüşməyə başlamışdım. Peşəkar kouç fəaliyyətimin özəyini də emosional səriştələr təşkil edirdi. 2019-cu ildə nəşr olunan “Dan ulduzu” romanımda da emosional intellekt mövzusuna birbaşa və dolaylı şəkildə toxunmağa çalışmışdım. Bəli, “Emosional intellekt” bu vaxta qədər şəxsi dünyama çox zənginliklər qatmışdı və bundan sonrakı həyatıma da mənimlə birlikdə addımlayacağına əminəm.

Ancaq, son zamanlarda bu mövzuya yanaşmam bir qədər dəyişib. Öyrəndiklərimi öz həyatımda təcrübədən keçirdikcə anladım ki, Eİ kimi mövzuları kitablardan koqnitiv şəkildə deyil, yaşayaraq özündən, daxili dünyanda işıqlandırılmağı gözləyən qaranlıq qatlardan öyrənə bilərsən. Duyğunu ancaq duyaraq anlaya bilərsən, düşüncələr onu izah etməyə çox vaxt gücsüz qalır. Kitablarda öyrədilən şəkildə duyğuları nəzarət altına almaq yerinə, onların ortaya çıxmağına fürsət verdiyin anda duyğunun nə olduğunu anlayırsan.

Emosional intellekti öyrənmək üçün rasional intellekti işə salmaq bəzən mövzudan uzaqlaşmağa gətirib çıxara bilər; bu zaman duyğuları dərk deyil, tərk edirsən. Duyğuları dərk etmək üçün, onları sadəcə yaşamaq – özündə praktikadan keçirmək, yaşadığını kənardan müşahidə etmək və faydalı nəticə çıxarmaq lazımdır.

Duyğularda səhv etmədən, uğursuz olmadan və mənfi təsirlərini bütün ruhunla hiss etmədən onları anlaya bilmərik. Emosional düşüşlərimiz, mənfi əhval-ruhiyyəmiz, məyusluqlarımız duyğuları anlama yolunda ən böyük müəllimimiz ola bilər.

Bir də ki, emosional cəhətdən intellektli olmaq üçün duyğuları idarə etməyə çalışmağın doğru olmadığını anladım; istəsəniz də, bunu bacarmayacaqsınız. Boğmağa, gizlətməyə, əhəmiyyət verməməyə çalışdığınız və idarə etdiyinizi düşündüyünüz bir duyğu gözləmədiyiniz anda önünüzə çıxıb, o vaxta qədərki “əməklərinizi” hədər edə bilər.

Çox düşünür, az hiss edirik.

Çarli Çaplin

Duyğularla mübarizə aparmaq yerinə, onlarla dost olmağı bacarmaq lazımdır; nəinki yaxşıları ilə, hətta gözümüzdə mənfi olanı ilə belə. Mənə görə mənfi duyğu yoxdur, duyğunun mənfi şəkildə istifadəsi və bu sui-istifadədən ortaya çıxan mənfi davranışlar və onların mənfi nəticələri var. Boş və faydasız duyğu da yoxdur, hər bir duyğunun öz yaradılış hikməti və faydası var. Ən xoşagəlməz duyğulardan sayılan qorxu duyğusu tarix boyu bizi qorumağa çalışıb, inkişafa sövq etmədimi? Nifrətin digər adı da qorunma instinkti deyilmi? Buna görə də, hansısa duyğuya düşmən kəsilmədən əvvəl onun ortaya çıxış səbəbini və içində gizlətdiyi faydalı mesajları anlamağa çalışmalıyıq.

Son zamanlar anladım ki, “Emosional intellekt” həm də yaxşı nümunə olmağı tələb edir. Eİ kimi mövzular haradansa əzbərlənib başqalarına danışılacaq maraqlı mövzular deyil. Öyrəndiklərini, bildiklərini öz həyatında təcəssüm etdirmədən, ən “ipə-sapa yatmaz” duyğularınla “dil tapmağa” çalışmadan bu mövzunu anlamış sayılmazsan.

Özümə gəlincə isə, beş ildən sonra “Emosional intellekt”i yenə yenidən kəşf etməyə başlamışam; bu dəfə beynimdə təhlil edərək deyil, ruhumda duyaraq və yaşayaraq. Buna nə qədər nail olacağımı isə növbəti beş illər göstərəcək.

Nəticə: Duyğuları, yaşayaraq və duyaraq daha təsirli şəkildə öyrənmək mümkündür. Duyğuları kor-koranə idarə etmək yerinə, mənfiyə və müsbətə ayırmadan anlamağa çalışmaq, həyatın onların vasitəsi ilə bizə çatdırmaq istədiyi mesajlara müdrikcəsinə köklənmək lazımdır.

Elçin Əzimli
Biznes kouç və təlimçi,
Six Seconds institutu tərəfindən sertifikatlaşdırılmış Eİ qiymətləndiricisi,
Goleman EI proqramının məzunu

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.