coaching.az |

Nəfəs almaq və yaşamaq!

Məqalənin adında qeyd edilən hər iki məfhum bir-birinə olduqca oxşar, hətta eyni kimi görünsə belə, dərinliyə endiyimiz zaman bir xeyli fərq olduğunu görmək mümkündür. Bu fərqlər nələrdir?

Ətrafımıza dönüb baxsaq, sadəcə nəfəs alıb, yaşamağı bacarmayan insanların sayı hesabsızdır. Bu növ insanlar ancaq şikayətlənər, heç bir fəaliyyət göstərməz, vaxtın dəyərini bilməz, ətrafa ancaq mənfi enerji yayarlar. Onların gələcəyə dair aydın baxışları yoxdur və həyatda heç bir dəyəri dərindən dərk etməzlər. Əgər geri dönüb baxdığın zaman həyat kitabın boş vərəqlərdən ibarətdirsə, demək ki, sən də bu həyatı yalnız nəfəs almaqla keçirən kəslərdən birisən.

Həyatı düzgün şəkildə dərk edənlər üçün nəfəs almaq, yaşamaq üçün vasitələrdən biridir sadəcə. Yaşamaq hər anın, hər saniyənin qədrin bilmək, onu düzgün şəkildə dəyərləndirmək deməkdir. Yaşamaq həyata qarşı mübarizədir – yıxıldığında durmağı bacarmaq, çətinliklərə səbr etmək, içindən ağladığın zaman ətrafa gülümsəməkdir.

Yaşadığımız cəmiyyəti bəhanə gətirib, bəzən həyat şəratimizin əlverişsiz olmasından gileylənirik. Amma diqqətlə ətrafımıza baxsaq, sıfırdan həyat qurub, öz dəyərlərinə sahib çıxan, həyata qarşı dik durub, xarakter göstərən yetəri qədər insan var. Çünki, onlar yalnız bir dəfə gələcəkləri bu həyatı dolu-dolu yaşamağın lazım olduğunu dərk edən kəslərdir.

İstədiklərinizin xəyalını qurun, getmək istədiyiniz yerə gedin, olmaq istədiyiniz olun… Nəticə olaraq bizə borc verilmiş bu həyatı düzgün planlamalı, hədəfləri və məqsədləri düzgün şəkildə təyin etməliyik ki, geriyə əzm, zəhmət, sevgi kimi müsbət fikirləri özündə əks etdirən bir kitab saxlayaq.

Sonda yaşamağı ən aydın şəkildə ifadə edən anonim bir şeirlə məqaləni sonlandırıram.

Yaşamaq nəfəs almaq deyildir sadəcə,
Yaşamaq bir quşun qanad çırpışındakı həyəcan,
Qarışqanın həyat mübarizəsindəki ibrətdir,
Canlının təbiətə qarşı verdiyi,
Var olmaq savaşındakı sirdir.
Varlığın sübutudur.
İradənin həyata qarşı mübarizəsidir yaşamaq,
İnsanın özünü dərk etməsidir.
Hiss etməsidir kainatı, yaradanı və yaradılanı..
Yaşamaq incə bir xətdir,
Həyatla ölüm arasında.
Bir döyüşdür yaşamaq
Üsyandır, əzmdir, səbrdir..
Sevincdir, ümiddir..
Hərşeyə inad bir sevdadır yaşamaq!

Cavidan Alcanov

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.