coaching.az |

Gül verən əldə gül qoxusu qalar

Qədim zamanlarda Çində Li-li adında bir qız vardı. Sevdiyi oğlanla ailə həyatı quran bu qız qaynanası ilə eyni evdə yaşamağa başlayır. Ancaq, gəlinlə qaynana zidd xarakterlərə sahib idilər və ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan aralarında soyuq küləklər əsməyə başlayır. Çin adət-ənənələrinə görə evdəki söz-söhbətlər yaxşı davranış sayılmırdı və onların münaqişəsi getdikcə ətrafdakı insanların diqqətini çəkməyə başlayır. Digər tərəfdən də həyat yoldaşının və anasının arasında qalan kişi üçün də həyat dözülməz həddə gəlib çatır.

Li-li bu vəziyyətdən çıxış yolu tapmaq qərarına gəlir. Atasının dostu olan ədviyyatçının yanına gedir və dərdini ona danışır. Yaşlı ədviyyatçı qızı diqqətlə dinlədikdən sonra ayağa qalxır, ona bitkilərdən hazırladığı bir dərman gətirir və bu dərmanı hər gün qaynanasının yeməyinə az-az qatmasını istəyir. Ona görə az qatmasını deyir ki, zəhər olduğu başa düşülməsin və qadın üç ay sonra “öz əcəli” ilə ölsün. Ancaq, ədviyyatçı Li-liyə bir şərti qoşur: heç kim şübhələnməsin deyə, bu müddət ərzində qaynanasına yaxşı davranmalıdır və hər gün ona gözəl yeməklər bişirməlidir.

Qız ədviyyatçının bu tövsiyəsinə qulaq asaraq, qaynanasına yaxşı davranmağa başlayır. Ancaq, əl altından da yeməyə ədviyyatçıdan aldığı dərmandan atır.

Bir müddət keçir və qaynana gəlinin xoş xasiyyətinə vurulur və ona qarşı münasibətini dəyişirək, qızı kimi davranmağa başlayır. Evdə artıq sülh mehi əsməyə başlamışdı.  Li-li də qaynanasının mehriban münasibətindən təsirlənir və onun xasiyyətindəki yaxşı tərəfləri də görməyə başlayır. Nəhəyət, etdiklərindən peşman olur və qaçaraq ədviyyatçının yanına gəlir. Deyir ki, qaynanasın ölməsini istəmir və indiyə qədər verdiyi zəhəri onun qanından təmizləyəcək bir dərman verməsini xahiş edir. Yaşlı ədviyyatçı önündə peşman şəkildə yalvaran qızcığaza baxır və gülümsəyir:

– Narahat olma, qızım. Sənə verdiyim sadəcə gülab idi. Onun qaynanana heç bir zərəri yoxdur, hətta bilmədən onun səhhətini gücləndirmisən. Əsl zəhər sənin beynində idi. Sən ona yaxşı davrandıqca, bu zəhər dağıldı və təsirini itirdi. Küskünlüyün yerini sevgi aldı və beləcə siz ikiniz ana və qız oldunuz. Unutma, gül verən əldə gül qoxusu qalar.

© 2018 · coaching.az

 

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.