coaching.az |

Dürüstlük – qızıl qaydadır

Bir zamanlar Uzaq Şərqdə artıq yaşlandığını və öz yerinə taxta oturacaq varisini seçməli olduğunu düşünən bir imperator varmış.  O, taxta oturacaq insanı övladlarının arasından seçmək yerinə fərqli üsula əl atmağa qərar verir – ölkəsindəki bütün gəncləri çağırır və elan edir: “Artıq mənim vaxtım dolmaq üzrədir.  Buna görə də, taxt-taca sizin aranızdan bir nəfəri seçməyə qərar vermişəm. Bu gün hər birinizə bir toxum verəcəyəm. Tək bir toxum. Ancaq, bu çox xüsusi toxumdur. Evlərinizə gedin və onu əkin, sulayın, böyüdün. Tam bir il sonra böyütdüyünüz toxumla yenidən buraya gələcəksiniz. Sizi, yetişdirdiyiniz bu toxumlara görə qiymətləndirib, ən yaxşı bitki yetişdirənə taxt-tacı təhvil verəcəyəm”.

Gənclərin arasında Ling adında bir nəfər var imiş. O da digərləri kimi toxumu alıb, evinə gedir. Sarayda baş verənləri həyəcanla anasına danışır. Anası bir saxsı qab və bir az da torpaq tapıb, oğluna toxumu əkməkdə kömək edir.

Onlar hər gün toxumu sulayıb, böyüməyini gözləyirdilər. Üç həftə sonra toxumu alan digər gənclər toxumlarının nə qədər böyüdüklərindən bəhs edərkən, Ling məyusluqla öz toxumunun cücərmədiyini müşahidə edirdi. Həftələr bir-birini əvəz edir, ancaq toxumda həyat əlaməti yox idi.

Nəhayət, gözlənilən gün gəlib çatır. Bütün gənclər əllərində toxumun bitkiyə çevrildiyi saxsı qablarla saraya yollanırlar. Lingin isə saxsısı əvvəlki kimi boş idi. Anası ona saxsını olduğu kimi aparıb, səmimi şəkildə uğursuzluğunu imperatora danışmasını tövsiyə edir. O, da əlində boş saxsı saraya gəlir və burada gənclərin əllərində gördüyü gözəl bitkilərin qarşısında heyrətə gəlir.

İmperator yaxınlaşıb qələbəliyi salamlayır və bir-bir bitkiləri nəzərdən keçirir. Arxa sıralarda gizlənən Lingi və onun boş saxsısını fərq edində isə, mühafizəçilərinə bu gənci yanına gətirmələrini əmr edir. Ling imperatorun onun bacarıqsızlığına qəzəblənib, öldürəcəyindən qorxur. O, əlində boş saxsı önə çıxarkən əllərində bitki ağacı olan digər gənclər ona rişxəndlə gülməyə başlayırlar. İmperator isə əl hərəkəti ilə onları susdurub, gəncin adını soruşur. Sonra isə üzünü qələbəliyə tutub deyir: “Yeni imperatorunuzu salamlayın. O, bu gənc – Lingdir”.

Nə Ling, nə də sarayda olanlar imperatorun dediklərinə inana bilmirlər. Çünki, yarışmanın şərtləri baş tutmamış və Ling toxumu yetişdirə bilməmişdi. Belə olan halda, axı o necə imperator seçilə bilərdi?

İmperator sözünə belə davam edir:

– Bir il əvvəl burada hər birinizə bir toxum verdim. Siz onu əkib, sulayıb, bir il sonra yenidən bura gətirməli idiniz.  Ancaq, məsələ bundadır ki, mənim sizə verdiyim toxumlar qaynadılmış, ölü toxumlar idilər.  Lingdən xaric hər biriniz məni və özünüzü aldatmağa çalışdınız – ölü toxumlardan guya ki, bitki cücərdib gətirdiniz.  Ancaq, Ling aranızda ən dürüst və cəsarətli insan oldu – o, ölü toxumu boş saxsıda gətirmə dürüstülüyünü göstərdi. Buna görə də aranızda imperator taxtına layiq olan yalnız odur!

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.