coaching.az |

Dincəl, yenilən və daha məhsuldar işlə!

Peşəkar kouç kimi nüfuzunuzu qorumaq, öz müştərinizi dinləmək və onda məmnunluq yaratmaq üçün hər zaman çoxlu vaxt və enerji sərf etməlisiniz. Müştərilərinizə əlinizdən gələnin ən yaxşısını təqdim etmək üçün zaman-zaman fasilə etməli və diqqətiniz yayınmadan enerjinizi yenidən bərpa etməlisiniz. Gələcək mübarizələrin öhdəsindən gəlmək üçün daha hazırlıqlı olmalı və nüfuzunuzu qoruyarkən emosional bitkinlik (burnout) sindromuna yaxalanmaqdan uzaq durmalısınız.

Bu deyilənləri nəzərə alaraq, aşağıda diqqətinizi yayındırmadan enerjinizi yenidən toplamaq üçün 7 səmərəli üsul qeyd edilmişdir.

  1. Sosial mediadan uzaq durmaq

Çoxumuz bütün gün boyu ekran arxasında otururuq, həyatımız virtual aləmdə dövr edir. 10 fərqli pəncərəni bir yerdə açmaqla, bacardıqca sürətli işləmək istəyir, dayanmadan müştərilərimizdən gələn  e-mailləri, mesajları yoxlayır, telefon zənglərini nəzarətdə saxlamağa cəhd edirik. Bundan əlavə, vaxtımızın çoxunu müştərilərimizlə video-görüşlərə sərf edirik. Lakin unuduruq ki, mümkün qədər sürətlə işləməyə meyllənmək bizi daha effektiv etmir. Əksinə, bu, enerjimizi tükənməsinə səbəb olur və bizi yavaşladır.

Bütün bunlardan kənarlaşmaq və beyninizi rahatlatmaq üçün nizamlı bir vaxt müəyyən edin. Özünüzü ən yaxşı hiss etdiyiniz yerə gedin, Wi-Fi olmayan bir yerdə – istər evinizin bir küncü, istər hansısa kafe olsun – sakitləşin. Eyni zamanda, tətildə və ya həftəsonları e-maillərinizi yoxlamayın, bu sizin istirahətiniz üçün ayırdığınız zamandır!

  1. Özünüzü yaxşı hiss edəcəyiniz işlərlə məşğul olun

Bunun necə vacib bir məsələ olduğunu sözlə ifadə edə bilmərəm. Siz kouçinqlə məşğul olarkən həvəsli ola və ondan həzz ala bilərsiniz, amma bəzən onun praktik tərəfləri bir az sıxıcı gələ bilər. Belə vəziyyətlərdə, sevdiyiniz başqa bir işlə məşğul olmağa yönəlin. Bu sizə daha motivasiyalı, məhsuldar olmağa və məmnuniyyət duymağınıza kömək edəcək.

Daha da önəmlisi, bu beyninizi sakitləşdirəcək. Təsdiqlənmiş bir faktdır ki, dincəlmiş beyin daha yaxşı yaddaşa malik olur, beləliklə, eyni zamanda yaddaşınızı da möhkəmlətmiş olacaqsınız.

  1. Hər şeyi yerbəyer edin

İş masanızın tamamilə dağınıq olmasına icazə verməyin, bundan sizə heç bir fayda gəlməz. Həddən artıq iş vərəqləri, sənəd və ya artan iş tələbləri, ev öhdəlikləri “heç vaxt tamamlanmayacaq işlər siyahısı”-nın yaranmasına gətirib çıxaracaq.

Hər şeyi qaydasına qoymaq və anlamaq üçün bir az vaxt ayırın. İnanın ki, daha az öhdəlik altında olduğunuzu hiss edəcək, məqsədlərinizə daha az vaxt sərf etməklə çatacaq, hər şeyi nəzarət altında saxlama hissinə sahib olmaqla stress səviyyənizi düşürəcəksiniz.

  1. Meditasiya edin

Meditasiya sizə istənilən vaxt və istənilən yerdə sonsuz fürsətlər yaradan, ən təsiri və sərbəst məşğuliyyətdir.

Bir gün Buddadan soruşurlar: “Siz meditasiya etməklə nə əldə edirsiniz?”

O, cavab verir: “Heç nə. Amma icazə verin nələr itirdiyimi deyim: qəzəb, təşviş, depressiya, güvənsizlik, yaşlanma və ölüm qorxusu.”

Hər şeydən maksimal dərəcədə yorulduğunuzu hiss etdikdə, meditasiya məşqləri etməyə bir neçə dəqiqə ayırın; bu, dərhal gərginliyinizi azaldacaq və yenidən enerji toplamağınıza kömək edəcək. Meditasiyanın digər faydalarına isə, aşağı qan təzyiqi, gücləndirilmiş immun sistemi və yaşlanma prosesinin ləngiməsi daxildir. Eyni zamanda sübut olunmuşdur ki, stressin səbəb olduğu psixosomatik xəstəliklərə qarşı mübarizə aparmaq üçün meditasiya əvəzedilməz metoddur.

  1. Həddən artıq vəzifə öhdəliyi ilə yüklənməyin

İş prosesi zamanı həddən həddindən artıq öhdəlik götürmək o qədər də yaxşı fikir deyil. Tapşırıqlar çox olduqdan biz daim birindən digərinə keçmək məcburiyyətində qalırıq və bu zaman çoxlu enerji sərf edirik. Təbii olaraq, nə qədər çox enerji israf ediriksə, bizim üçün daha vacib bir tapşırığa bir o qədər az diqqət yetirə bilirik.

Günə siyahıdakı ən vacib və təcili işlərlə başlayıb, sıralamanı təmkinlə davam edin. Hər şeyi növbə ilə etməyə çalışdıqca, daha faydalı işləyəcəksiniz. Birincisi, daha çox enerjiniz olacaq, avtomatik olaraq özünüzü dincəlmiş kimi hiss edəcəksiniz və irəliləyən tapşırıqların öhdəsindən gəlmək üçün daha hazırlıqlı olacaqsınız.

  1. Sağlam qidalanın

Daim enerjili və həyatsevər qalmaq üçün düzgün qidalanma çox əhəmiyyətlidir. Əgər içinizdə bir boşluq olduğunu hiss edir və işləyə bilmirsinizsə, karbotidratlı qidalar qəbul edin. Bu beyninizi dərhal enerji ilə təmin edəcək. Həmçinin yaşıl çay, badam, yoğurt, acı şokolad və meyvələr də enerji bərpasına kömək edən məhsullar sırasındadır.

Özünüzü yorğun hiss etdikcə saqqız çeynəyin. Araşdırmalara görə, saqqız çeynədiyiniz zaman beyinə oksigen axını artar və bu beyində enerji yüksəlişinə səbəb olar.

  1. Açıq havada çox vaxt keçirin

Təbiət qoynunda olmaq – dincəlmək, təmiz havada nəfəs almaq və bütün narahatlıqlardan azad olmaq üçün ən yaxşı fürsətdir.

Məşhur fizik Albert Enşteyn deyirdi ki, hər şeyi daha dərindən anlamaq üçün sadəcə təbiəti seyr etmək lazımdır. Təbiət qoynuna çıxmaq üçün vaxt ayırırsınızsa, bu özünüzə etdiyiniz ən yaxşı hədiyyədir. Birincisi, təbiətdə özünüzü kəşf edirsiniz, fərqində belə olmadan dincəlməyə, daha aydın və məhsuldar düşünməyə başlayırsınız.

Bunu unutmamaq lazımdır ki, siz də insansınız və əgər özünüz üçün bir şey edə bilmirsinizsə, digərlərinə necə kömək edə bilərsiniz? Zaman-zaman enerjinizi yenidən toplamaq üçün bu ipucularından faydalanın. Əmin olun ki, həm şəxsiyyət, həm də kouç kimi daha mükəmməl olacaqsınız. 

Müəllif: Meighan Sembrano | ICF Blog
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.