coaching.az |

Tələsmədən yaşamaq

Zaman – tarix boyu insanı dolaşığa salan məsələlərdən biri olmuşdur. Zamanın sirrini anlayan və onunla ixtilafa düşməyənlər həyatlarından daha çox zövq almağı bacarıblar.

İndi insanın zamanla yarışa girdiyi sürət əsrində yaşayırıq. Bəlkə də, bəşəriyyətin sürətlənmə istəyindəki ilkin məqsədi daha çox vaxt qazanmaq və bununla da həyatına daha çox anı sığdıraraq, daha mənalı yaşamaq idi. Ancaq, zaman sürətin bizi xoşbəxt etmədiyini ortaya qoydu. Sürətlə tələskənliyi çaşbaş saldıq. Sürət bizə boş vaxt deyil, daha çox sürətlənmə ehtirası qazandırdı.

Yaxşı xatırlayıram, 2001-ci ildə çalışdığım Xarici İşlər Nazirliyinin istifadəsində 64 KB sürətində internet vardı və bu həcm nazirliyin yüzlərlə əməkdaşının internet ehtiyacını bol-bol ödəyirdi, heç kim də sürətdən narazı deyildi. Bu gün isə dörd nəfərlik evimizdə 600 dəfə daha sürətli fiber optik internet bizə çatmır, sürətindən şikayət edirik. Sabah-birigün gələcəyin texnologiyası sayılan 5G-yə keçsək belə, böyük ehtimalla yenə də internetin sürətindən narazılığımız davam edəcək.

Tələskənliklər içərisində yaşadığımız bu sürət əsrində zaman məhfumu bizim üçün daha da aktuallaşıb. Girdiyimiz yarışda hər addımda uduzduğumuz zamanla nəhayət barışmaq istəyirik və onunla dil tapma ehtiyacımız ortaya “zamanın planlanması”, “zamanın düzgün idarə olunması” kimi təlimləri də çıxarıb.

Ancaq, yenə də məsələyə yanaşma tərzimiz düzgün deyil. Mənə görə vaxtın düzgün idarə edilməsi məsələsi təlimlərdə öyrədildiyi kimi sadəcə gündəlik işlərin tənzimlənməsinə, ya da ki, iş-həyat balansı kimi mövzuların həllinə aid edilməməlidir. Çünki, zaman doğuşdan ölümə qədər yayılan daha geniş anlayışdır. Zaman həyatımızın başqa bir adıdır.

Mənə görə müasir insanın ən böyük problemi zamanı düzgün planlaya bilməməsi deyil. Bizim ən böyük müşkülümüz həyatımızdakı əsas məqsədləri və ondan doğan prioritetləri düzgün təyin etməmə və onlara fokuslana bilməmə məsələsidir. Eyni anda çoxsaylı istəklərin dalınca qaçma və məhdud zamanımızı həqiqi ehtiyaclarımıza görə planlamama – bax, əsl problem budur.

Zaman həm də böyük fürsətlər toplusudur və indiyədək itirilən saysız-hesabsız fürsətlərə görə məyus olmamaq əldə deyil. Hər birimiz bu məyusluğu dəfələrlə yaşamışıq və yaşamağa davam edirik. Ancaq, unutmaq lazım deyil ki, zaman və onun fürsətləri keçmişdə, ya da ki, gələcəkdə itmir, o, (sahib olduğu fürsətləri də özü ilə apararaq) elə yaşadığımız andaca əlimizdən axıb gedir.

Qədim tibetliler deyirdilər ki, həyatı bu gün yaşayın; çünki, dünən artıq yoxdur, sabah isə gəlməyə bilər.

Bəli, bizim ən böyük problemimiz eyni anda üç zaman dilimində yaşama istəyimizdir; cismimiz mövcud anda yaşasa da, düşüncələrimiz gah keçmişdə ilişib qalır, gah da ki, zamanı qabaqlayıb gələcəyə tələsir.

Biz danışarkən axıb gedir qəlbiqara zaman,
Sabaha az bel bağla, mümkün olduqca, anı yaşa!

Horatius

Zaman – andır. Zaman – bu andır.  Zamanı düzgün yaşamaq üçün bu an bizə həqiqətən də lazım olanları düzgün seçməli və onlara düzgün şəkildə fokuslanmağı bacarmalıyıq.

Unutmayaq ki, gələcək öz başlanğıcını hazırda olduğumuz “an”dan alır. Bu anın fərqinə varmadan yaşasaq, gələcəyə də düzgün başlanğıc etməmiş olarıq.

Doğrudur, zaman həm də keçmişlə və gələcəklə bağlı məhfumdur. Elə isə, keçmişdə bizə zərər və əzab verənlərdən dərs alaraq, gələcəkdə bizi xoşbəxt edəcəkləri bu günümüzə gətirməli və onlara elə bu andaca fokuslanmalıyıq.

İnsanlar elə düşünürlər ki, fokus – fokuslanmalı olduğun şeyə “hə” deməkdir. Ancaq, bu heç də belə deyil. Bu, yüzlərlə başqa yaxşı ideyaya “yox” deməkdir. Siz seçiminizi həssaslıqla etməlisiniz. Mən etdiyimiz şeylərlə qürur duyduğum kimi, etmədiyimiz şeylərlə də qürur duyuram. Yenilik – 1000 şeyə “yox” deməyi bacarmaqdır.

Steve Jobs

Yaxşı, nə etməli? 

“İkiqai: Uzun və xoşbəxt həyatın Yapon sirləri” adlı kitabda yaşı yüz adlamış bir qocaya aid diqqətimi çəkən məsləhət vardı: “Mən hər zaman özümə deyirəm: “Sakit ol”, “Yavaşla”. Tələskənlik olmadan daha uzun yaşayarsan. Bu, mənim uzunömürlülüyümün sirridir”.

Ən böyük müəllimim olan uğursuzluqların indiyə qədər mənə də verdiyi ən böyük dərslərdən biri elə bu “tələsmə” dərsi oldu. Bu dərs mənə deyir ki:

Tələsmə! Tələsərək, yaşadığın anın həzzini, bərəkətini əldən qaçırma.

Səhər daha tez oyan, evdən tez çıx ki, işə gedərkən tələsib, gecikmə stresi yaşamayasan və beləliklə, yeni günə, yeni fürsətlərə başlamanın zövqünü əlindən çıxarmayasan. Tələsən, günə təbəssümlə başlamağa vaxt tapa bilməz. Təbəssümlə başlamayan gün isə çətin ki, təbəssümlə bitsin.

Həyatda heç nəyə, hətta yaşamağa da tələsmə. Öz axarında yaşa, təbii yaşa, yavaş-yavaş yaşa, anı yaşa; günəş kimi, bulaq kimi, arı kimi, meh kimi.

Tələsmə: düşünərkən, danışarkən, qərar verərkən… Yüz ölç, bir biç. Sonra da öz üzərinə düşəni et və hər şeyi təbii axışına burax. Olacaqsa, olacaq; tələsmədən, öz axarında. Olmayacaqsa da, tələsmədən olmayacaq. Yenə də, öz axarında.

Yaradılış səbri sevir, öz yavaş axarını sevir. Yaradan da səbrliyəm və səbrli olanları sevirəm deyir.

Həqiqətən də, hara tələsirik?

Elçin Əzimli
Biznes kouç və təlimçi
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.