coaching.az |

Qızıldərilinin nəsihəti

ABŞ Prezidenti Frankin Pierce ölkəsinə axın edən avropalı immiqrantları ABŞ-ın şimal-qərbinə yerləşdirmək istəyirdi. Bu məqsədlə o, 1854-cü ildə qızıldərili qəbilə rəisi Sietlə (Seattle) məktub yazır və ondan yaşadığı əraziləri tərk etməyi tələb edir. Bu təklifi qəbul etmələri müqabilində qızıldərililərə rahat şəkildə yaşaya biləcəkləri ərazilər vəd edir. Sietl bu təklifə cavab olaraq, tarixi bir çıxış edir və daha sonra bu çıxış mətn halında ABŞ Prezidentinə təqdim olunur.

Bu mətn UNEP (BM Ətraf Mühit Proqramı) tərəfindən indiyə qədər bilinən ən təsirli və səmimi çıxış olaraq qəbul edimişdir.

“Vaşinqtondakı böyük rəis torpaqlarımızı almaq istəyi barədə bizə ismarıc göndərib. Böyük rəis eyni zamanda dostluq və xoş niyyət sözlərini də bizə ərmağan olaraq göndərib. Bu, çox nəzakətli hərəkətdir. Çünki, onun bizim dostluğumuza çox ehtiyacı yoxdur. Ancaq, biz bu təklif barədə düşünəcəyik. Bilirik ki, torpaqlarımızı verməsək, ağ insanlar silahları ilə gəlib əlimizdən alacaqlar.

Göy üzünü,  torpağın istiliyini necə ala bilərsiniz? Bu fikirləriniz bizə qəribə gəlir. Əgər biz havanın təzəliyinə və suların parıltısına sahib deyilsək, siz onları necə pulla ala bilərsiniz? Bu dünyanın hər parçası mənim insanlarım üçün müqəddəsdir. Hər parıldayan şam iynəsi, bütün qumlu sahillər, qaranlıq meşələrin dumanı, hər açıq sahə, vızıldayan böcəklər xalqımın xatirəsində və təcrübələrində müqəddəsdir. Ağacların gövdələrindən axan sular özündə qızıldərililərin xatirələrini daşıyır.

Ağ insanların ölüləri ulduzlar arasında gəzməyə getdikləri zaman, doğulduqları ölkələri unudurlar. Bizim ölülərimiz isə bu dünyanı əsla unutmazlar. Çünki o, qızıldərililərin anasıdır.  Biz dünyanın bir parçasıyıq, o da bizim bir parçamızdır. Gözəl qoxuyan çiçəklər bizim bacılarımızdırlar; maral, at, böyük qartal – bunlar isə bizim qardaşlarımızdırlar. Qayalar, təpələr, çöllərdəki nəmişlik – bütün bunların hamısı eyni ailəyə aiddir. Belə olduğu təqdirdə, Vaşinqtondakı böyük rəis torpağımızı almaq istəyərkən, bizdən çox şey istəyir.

Böyük rəis bizə rahat şəkildə yaşaya biləcəyimiz yerlər ayıracağını deyir. Deyir ki, o bizim atamız, biz də onun uşaqları olacağıq. Belədirsə, torpağımızı alma təklifi üzərində fikiləşəcəyik, ancaq bu asan olmayacaq. Çünki, bu torpaq bizim üçün müqəddəsdir. Dərələrdən və çaylardan axan parlaq sular sadəcə su deyil, həm də bizim atalarımızın qanlarıdır. Əgər sizə torpağımızı satsaq, onun müqəddəs olduğunu xatırlamalı və bu müqəddəsliyi uşaqlarınıza da öyrətməlisiniz. Çöllərin parlaq sularındakı hər xəyali əks olunma xalqımın həyatından xatirə və hadisələrlə doludur. Suyun şırıltısı atamın atasının səsidir. Çaylar bizim qardaşlarımızdırlar, susuzluğumuzu aradan qaldırırlar, çaylarımız qayıqlarımızı daşıyır və uşaqlarımızı bəsləyirlər. Əgər sizə torpaqlarımızı satsaq, xatırlamalı və uşaqlarınıza öyrətməlisiniz ki, çaylar bizim qardaşımızdır. Bunun üçün də çaylara bizim hər bir qardaşımıza göstərəcəyiniz kübarlığı göstərməlisiniz.

Son bulaq quruduğu, son ağac yox olduğu və son balıq tilova düşdüyü zaman ağ insan pulun yeyilə bilməyən şey olduğunu başa düşəcək.

Qızıldərili hər zaman qabağa gedən ağ insanın önündən geri çəkilmişdir – dağlardakı dumanın səhər günəşinin önündən qaçışı kimi. Amma, atalarımızın külləri müqəddəsdir. Onların məzarları müqəddəs torpaqlardır və bu təpələr, ağaclar, dünyanın bu parçası bizə təqdim olunmuşdur. Ağ insanın bu adətlərimizi anlamadığını bilirik. Onun üçün torpağın bir parçası digəri ilə eynidir. Çünki, onlar gəzə-gəzə gəlib torpaqdan ehtiyacı duyduqları şeyləri alıb gedən yad insanlardır.

Dünya onun qardaşı deyil, ancaq düşmanıdır və onu fəth edə-edə qabağa getməyə davam edir. Atalarının məzarlarını arxada qoyur və bu onun vecinə deyil. Uşaqlardan dünyanı qaçırdır və vecinə almaz. Atalarının məzarlarını və uşaqlarının haqlarını unutmuşdur. Anası dünyaya, qardaşı göyə pulla alınan, talan edilən, parlaq muncuqlar kimi mübadilə olunan mal kim idavranır. Onun iştahı dünyanın axırına çıxacaq və arxada sadəcə səhra qoyub gedəcəklər.

Bizim yolumuz sizinkindən fərqlidir. Sizin şəhərlərinizin görünüşü qızıldərililərin gözlərinə kədər verir. Amma, bəlkə də bu qızıldərililərin vəhşi olduğu üçün və bunları anlamadığı üçündür. Ağ adamların şəhərlərində sakit yer yoxdur. Baharda yarpaqların açılışını, ya da böcəklərin qanat çırpmalarını eşitmək üçün yer yoxdur. Amma, bəlkə də bu mənim vəhşi olmağımdan və və başa düşməməyimdəndir. İnsan bir quşun yalnız ağlayışını və su gölməçəsi ətrafında mübahisə edən qurbağaların səslərini eşitməzsə, həyatın mənası nədir? Mən bir qızıldəriliyəm və dediklərinizi başa düşmərəm. Qızıldərili, üzünü oxşayan küləyin yumuşaq səsinə, yağışın təmizliyinə, ya da ki, şam ağacağının yaydığı küləyin qoxusuna üstünlük verir.

Kolumbiya qızıldərililəri ağ insanla birlikdə. 1908-ci il

Hava qızıldərililər üçün qiymətlidir. Çünki, hər şey eyni nəfəsi paylaşır. Heyvanlar, ağaclar, insanlar – hamısı eyni nəfəsi paylaşır. Nəfəs aldığı hava ağ insanın diqqətini çox çəkmir. Əgər, torpağımızı sizə satsaq, havanın bizim üçün dəyərli olduğunu xatırlamalısınız. Çünki, hava təmin etdiyi bütün həyatla eyni ruhu daşıyır.

Babalarımıza ilk nəfəsi verən külək, onun nəfəsi geri qaytarmasını da qəbul edəndir və külək uşaqlarımıza da həyatın ruhunu verməlidir. Əgər, sizə torpağımızı satsaq, onu ağ insanın belə gedib dərənin, çiçəklərin olduğu yerdə küləkləri hiss edə bilcəyi yer olaraq, ayrı və müəqəddəs tutmalısınız.

Torpağımızı alma təklifinizi düşünəcəyik. Əgər bunu qəbul etmə qərarını versək, sizə bir şərtimiz olacaq. Ağ insan bu torpağın heyvanlarına qardaşları kimi davranacaq. Mən vəhşiyəm və başqa heç bir yolu başa düşmürəm. Çöllərdə çürüyən minlərlə bufallo gördüm – ağ insanların mindiyi qatarların vurub, öldürdüyü bufallolar. Mən vəhşiyəm və dumanlı dəmir atın (qatarın – red.) bizim sadəcə canlı qalmağımızı təmin etmək üçün öldürdüyümüz bufallodan necə daha əhəmiyyətli ola biləcəyini başa düşmürüm.

Heyvanlar olmadan insanın qiyməti nə ola bilər? Əgər dünyada bütün heyvanlar bitsə, insan, ruhun böyük yalnızlığından ölərdi. Çünki, heyvanlara nə olursa, insana da eynisi olur, həm də qısa müddət içərisində. Hər şey bir-birinə bağlıdır. Ayaqları altındakı torpağın babalarımızın külü olduğunu uşaqlarınıza öyrətməlisiniz. Beləcə, torpağa hörmət göstərməyi öyrənərlər. Uşaqlarınıza, torpağın qohumlarımızın həyatları ilə dolu olduğunu söyləyin.

Uşaqlarınıza bizim öz uşaqlarımıza öyrətdiklərimizi öyrədin. Dünya, ananızdır. Dünyaya nə olursa, dünyanın oğullarına da eynisi olur. Əgər insanlar yerə tüpürürlərsə, öz üstlərinə tüpürürlər.

Bunları biz bilirik. Dünya insana aid deyil. İnsan dünyanındır. Bütün hər şey bir ailəni bağlayan qan kimi bir-birinə bağlıdır. Dünyaya nə olarsa, oğullarına da o olar. Həyat torunu insan hörməmişdir. O, bu torun içərisində sadəcə bir lifdir. O, tora nə etsə, özünə etmiş olacaq.

Xalqım üçün ayırdığınız bölgəyə getmə təklifinizi düşünəcəyik. Sizdən ayrı və sülh içərisində yaşayacağıq. Geridə qalan günlərimizi harada keçirdiyimiz çox vacib deyil. Uşaqlarımız atalarının məğlubiyyətlərlə alçaldığını gördülər. Döyüşçülərimiz utandı və məğlubiyyətdən sonra günlərini avaralıq etməklə, vücudlarını şirin yeməklər yemək və sərt içkilər içməklə kirləndirirlər. Qalan günlərimizi harada keçirdiyimiz çox vacib deyil. O günlər onsuz da çox olmayacaq.

Hamımız qardaş da ola bilərik. Görəcəyik. Bildiyim bir şey var ki, bəlkə ağ insan bir gün kəşf edər. Tanrımız eyni tanrıdır. İndi sizin bizim torpağımıza sahib olmaq istədiyiniz kimi ona da sahib olduğunuzu düşünə bilərsiniz. Amma, ola bilməzsiniz. İnsanın tanrısı və onun şəfqəti ağ insan üçün də eynidir, qızıldərililər üçün də. Bu dünya onun üçün dəyərlidir və dünyaya zərər vermək onun Yaradıcısını ələ salmaqdır. Ağ insanlar da bu dünyadan köçüb, gedəcək. Bəlkə, bütün digər qövmlərdən əvvəl. Yatağına pislik doldurmağa davam et. Bir gün özün o pisliyin içərisində boğulacaqsan.

Torpağımızı alma təklifi üzərində fikirləşəcəyik. Qəbul etsək, bizim üçün ayrılan bölgədə qalan qısa günlərimizi dilədiyimi kimi yaşa bilərik. Bu dünyadan ən son qızıldərili yox olduqdan sonra, bu sahillər və meşələr xalqımın ruhunu qoruyacaqlar. Torpağımızı sizə satsaq, onu bizim sevdiyimiz kimi sevin. Onunla bizim maraqlandığımız kimi maraqlanın. Diyarın xatirəsini onu aldığınız zamanda olduğu kimi qoruyun. Bütün gücünüzlə, bütün ağlınızla, bütün qəlbinizlə onu uşaqlarınız üçün qoruyun və sevin. Tanrının hamımızı sevdiyi kimi.

Bildiyimiz bir şey var: Tanrımız eyni tanrıdır. Bu dünya onun üçün qiymətlidir. Ağ insan belə bu ortaq taledən ayrı ola bilməz. Bütün bunlardan sonra, qardaş ola bilərik. Baxıb, bunu görəcəyik”.

Rəis Sietl (Chief Seattle) (1780 – ö. 1866), ABŞ-ın şimal-qərb bölgəsinə ABD’nin kuzeybatı ucundaki Suqwamish ve Duwamish qəbilələrinin rəisi olmuşdur. Fransız katolik misyonerlərinin təsiri altında qalaraq, 1830-cu ildə xristianlığı qəbul etmiş və Noah (Nuh) adını almışdır.

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.