coaching.az |

Öyrədilmiş həqiqətlər

Keçən ay İstanbuldan gecə reysi ilə qayıtmalı oldum. Adətən pəncərə kənarında oturmağı sevmirəm, daha çox dəhlizi seçirəm. Bu dəfə belə alındı ki, pəncərə tərəfdə oturmalı oldum. Ara-sıra pəncərədən səmaya baxırdım, göyün üzü tutulmuşdu, heç gözümə ulduz dəymirdi. Bir neçə saat sonra artıq Bakıya yaxınlaşmaq üzərə idik. Birdən gözüm pəncərədən parıldayan ulduzlara sataşdı. Diqqətlə baxdıqda bu ulduzların səmada deyil, yerdə parıldadığını anladım. Bir az da diqqətlə baxsam bürcləri belə görə bilərdim. Ulduzları ancaq göydə axtarmağı öyrənmişik, halbuki baxış bucağımızı dəyişdirdiyimizdə ulduz adlandıra biləcəyimiz o qədər parıltı var ki.

Məktəb vaxtı kitabı yazılan uşaqları müəllimlər cəzalandırırdı, çox ayıb idi. İndi oxuyaraq qeydlər aparmaq öyrənməyin ən effektiv metodlarındandır. Ancaq mənim hələ də canımda müəllimlərimin xofu var.

Bir neçə il bundan öncə şirkətimizə xarici mütəxəssis dəvət edilmişdi. Onunla birliklə satış nöqtələrini gəzməli və bazar, istehlak vərdişləri və istehlakçı davranışları haqqında ətralı məlumat verməli idim. O sükanın arxasına keçdi və mənim əyləşməyimi gözlədi. Mən arxa qapını açıb oturanda təəccübdən donub qalmışdı. Mənə öyrədilən qadınlar qabaqda oturmaz, onun öyrəndiyi arxada oturmaq sürücüyə qarşı hörmətsizlikdir.

Bunun bənzərlərini Avropa səyahətlərimdə çox yaşamışam. Doğrusu nədir bilmirəm, ancaq məncə əhəmiyyətli olan odur ki, öyrəndiklərimiz zamanla bizdə kompleks yaradır və bu öyrədilmiş həqiqətlərdən vaz keçmək, onları dəyişdirmək və təbii ki, özümüzü dəyişdirmək o qədər də asan olmur.

Mən bunu necə həll etdim? Sadəcə özümə suallar verməklə. “Niyə də yox?” “ Mən bunu yaşamaq məcburiyyətindəyəmmi?”  “Olsa nə olar?” “Olmasa nə olar?”  Bu suallara cavab axtardıqca məsələlərə baxış bucağınız dəyişəcək. Özünə sual vermək böyük cəsarət tələb edir. Çünki qaçacaq yerin yoxdur. Başqasının fikrindən nələr keçdiyini bilə bilmərik. Ancaq öz beynimizdən keçənləri özümüzdən gizlədə bilmərik axı. Və bu mərhələdə özünlə tanış olmağa başlayırsan.

TANIŞ OL – BU SƏNSƏN

Özündən bir şey öyrənməyəcək tək insan yoxdur.

Alfred de Vigny

Mən kiməm? Bu mərhələdə qorxu filmlərində gözləri içəriyə çevrilmiş yaratıqa bənzədirəm özümü. Sözün hərfi mənasında “gözlərinizi çevirib” daxilinizə baxın, hələ eynək də taxın. Yeni gəldiyiniz yerdə ətrafı və ya yeni insanla tanış olduğunuzda onu tanımaq üçün hansı hisslərinizi işə salırsınızsa, eyni hisslərinizi işə salın. Əgər “gözlərinizi çevirmək” sizə çətin gəlirsə, “bir kənara çəkilin” və özünüzü kənardan izləməyə başlayın. Kimdir qarşınızdakı İnsan? Dəyərləri nələrdir? Nələrdən xoşlanır? Nələrdən nifrət edir? Nəyi sevir? Nələrə heç dözümü yoxdur? Əgər bu da alınmasa peşəkar kouçlara müraciət edə bilərsiniz. Ətrafımızdakı insanları tanımaq üçün o qədər vaxt sərf edirik ki, özümüzü tanımağa heç zamanımız qalmır. Halbuki, bir insanı nə qədər yaxşı tanısaq münasibətlərimizin daha mükəmməl olacağına inanırıqsa, düşünün ki, özümüzlə tanışlıq həyatımızı necə dəyişdirər.

Müəllif: Könül Əliyeva | peşəkar kouç

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.