coaching.az |

NOSCE TE IPSUM və ya ÖZÜNÜ TANI.

Platon özünün “Protaqor” adlı dialoqunda yazır ki, bir gün qədim Yunanıstanın yeddi böyük müdriki – Fales, Pittak, Biant, Solon, Kleobul, Misone və Xilon tanrı Apollonun Delfi adasında yerləşən məbədində toplaşırlar. Bu toplaşmanın məqsədi insanlar adına Apollona veriləcək hədiyyəni müəyyən etmək idi. Uzun sürən müzakirələrdən sonra onlar öz düşüncələrinə görə mütləq saydıqları həqiqətə gəlirlər – “Özünü tanı” və bu hikməti məbədin divarlarına həkk edərək, Zevsin oğluna – Apollona hədiyyə edirlər.

Bu hikmət AristotelSokratın da təlim və nəzəriyyələrində  geniş şəkildə istifadə olunmuşdur. Platon “Birinci Alkviad” adlı dialoqunda yazır ki, Sokrat özünə “insan kimdir?” sualını verir və bu suala belə cavab tapır – “insan – ruhdur”. Sokrata görə ruha olan məhəbbət vücuda olan məhəbbətdən daha vacibdir, çünki vücud zamanla solur. Ruhun qayğısına qalmaq lazımdır. Ruhun qiyməti isə müdriklikdə gizlidir.

“Özünü tanı” tarix boyu demək olar ki, bütün fikir axınlarının ortaq mesajı olmuşdur: düşünən beyinlərə görə dünyanı tanımağın ən qısa yolu (eyni zamanda ən çətin yolu) insanın özünü tanımasından keçir. Yaranışdan bu günə bəşəriyyət intellektual sahədə böyük sıçrayışlar etsə də, həyatımızı təsiri altına alan elm və texnologiya sürətli şəkildə inkişafa çatsa da, min illər əvvəl ortaya çıxan sadə “özünü tanı” mesajının aktuallığı indi hər zamankından daha çox hiss olunur. Müasir insanlar kainatın əlçatmaz dərinliklərinə nüfuz edə bildilər, insan genlərinin bilinməyən tərəflərinin tədqiqinə nail oldular, ancaq, təəssüf ki, bir nəfəs qədər yaxınlarında olan ÖZlərinə yad və uzaq qaldılar.

İnsan yer üzündə yaşayan digər canlılarla eyni və ya bənzər fiziolojik və biolojik xüsusiyyətlər göstərsə də, onlardan fərqləndirən əhəmiyyətli iki unikal xüsusiyyətə – duyğulara və intellektə sahibdir. Məhz bu iki xüsusiyyətin sayəsində o, sakini olduğu yer üzünün tək hakimi ola bilmişdir. İnsan ona verilən bu iki böyük potensialı – intellektini və duyğularını düzgün istifadə etdiyi təqdirdə insanlıq mərtəbəsinə yüksələ bilər.

İnsanın axtardığı bütün sualların ən düzgün cavabı öz içindədir. Davamlı şəkildə xoşbəxtlik axtarışında olan insan onu  kənarda deyil, düzgün yerdə – özündə axtarmalıdır. Xoşbəxt olmaq üçün insan əvvəlcə ehtiyacının nə olduğunu düzgün dərk etməli və bu ehtiyacların təmini çatmaq üçün sahib olduğu imkanları/potensialı səfərbər edə bilməlidir.

Ömrümüz boyu istəklərimizin və ehtiyaclarımızın arasında gedib-gəlirik. Həyatımızın istiqamətini və keyfiyyətini müəyyən edən məhz bu ikisinin arasında etdiyimiz seçimlərdir. İstəklər nəfsimizin elçisi və təlqinləridir – onlar çox vaxt bizə aid olmur, həqiqi ehtiyaclarımıza yaddırlar və qibtə, həsəd, ehtiras, göstəriş, üstün olma, qisas alma, özünü isbat etmə və s. duyğuların təsiri altında ortaya çıxırlar. İstəklər sonsuzdur, onların təmin olunmama və məyusluq yaratma riski mövcuddur. İstəklər dəniz suyu kimi zərərlidir, içdikcə susuzluğu artırır.

Ehtiyaclar isə insanı olduğu kimi əks etdirən təmiz aynalardır. Düzgün qulaq asıldıqda və anlamağa çalışdıqda faydamız və xoşbəxtliyimiz üçün onlarda çox mesajın gizləndiyini görərik.

Ehtiyaclarımız xoşbəxtlik qapısının açarlarıdır. Bu açarları işə salmaq üçün güclü özünüdərk tələb olunur. Özünüdərk üçün isə insanın özü ilə daxili dialoqu qaydasında olmalıdır; o, həyatdakı missiyasını və dəyərlərini düzgün müəyyən etməli, güclü və zəif tərəflərini araşdırıb, inkişafa gedən yolları özü təyin etməlidir.

Refleksiya – özünü tanı.

Refleksiya (lat. reflexio – keçmişə müraciət) – fəlsəfi termindir və fərdin özünüdərk məqsədi ilə düşünmə prosesinə daxil olaraq, həyatdakı missiyasını, dəyərlərini, prinsiplərini, duyğu və hisslərini, bacarıqlarını, güclü və zəif yanlarını və davranışlarını anlaması və təhlil etməsini ifadə edir.

Refleksiya insanın ibtidai məktəb dövründən etibarən formalaşmağa başlayır və yeniyetməlik dövründə davranışın və şəxsi inkişafın əsas tənzimləyicisinə çevrilir. Alman psixoloq Eriksona görə, yeniyetməliyin əsas problemi “Mən kiməm?” sualı üzərində yaranan refleksiyadır.

Düşüncələrinizə diqqət edin, onlar hərəkətlərinizin başlanğıcıdır.

Lao Tszı

Refleksiya termini ilk dəfə fəlsəfədə ortaya çıxmışdır və fərdin baş verənlər və öz şüuru barəsində düşünməsi mənasına gəlirdi. Aristotelə görə refleksiya – düşünməyə yönələn düşünmə idi.

Dekart refleksiyanı fərdin öz düşüncələrinin məzmununa konsentrasiya olma ilə eyniləşdirirdi.

Fransız filosof Pierre Teilhard de Chardinə görə refleksiya – insanı heyvandan ayıran şüur tərzidir – burada insan sadəcə nələrisə bilmir, eyni zamanda bildiyini də bilir və bunun fərqinə varır.

Son olaraq: İnsana düşünmək kimi böyük bacarıq verilmişdir. O, düşündüklərindən ibarətdir. Həyatın keyfiyyəti düşüncələrin keyfiyyətinə bağlıdır. Düşüncə insanın həyatına səpilən toxumlar kimidir, bir gün öz meyvəsini verəcək. Sabah dərəcəyimiz meyvələrin acı olmasını istəmiriksə, bu gün əkdiyimiz düşüncə toxumlarına diqqət etməliyik.

 

Elçin ƏZİMLİ
ICF təsdiqli peşəkar kouç

© 2017 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.