coaching.az |

Meşənin səsi

Varisini taxta hazırlamaq istəyən Çin hökmdarı Tsao onu şəxsiyyət kimi yetişməsi üçün böyük ustad Pan Kinin yanına göndərir. Pan Ki ilk dərs olaraq şahzadəni meşədə yaşamağa  göndərir və tapşırır ki, o məbədə ancaq düz bir il sonra geri dönə bilər və qayıtdıqdan sonra meşədə eşitdiyi səsləri öz ustadına danışmalıdır.

Bir il keçir və şahzadə geri qayıdaraq ustadına meşədə eşitdiyi səslərdən – quşların nəğməsindən, yarpaqların xışıltısından, arıların vızıltısından və mehin pıçıltısından danışır. Ancaq, onun danışdıqları ustadı qane etmir və şahzadəni yenidən meşəyə yaşamağa göndərir və tapşırır ki, təbiətin səsinə daha diqqətlə qulaq assın.

Meşəyə qayıdan gənc şahzadə uzun müddət təklikdə təbiətin səsinə qulaq kəsilb, indiyə qədər eşitmədiklərini eşitməyə çalışır. Ancaq, heç nəyə nail olmur. Yenə də, uğursuzluğu onu həvəsdən salmır və dinləməyə davam edir.

Bir gün şahzadə yüksək bir ağacın altında dincələrkən indiyə qədər duymadığı zəif səslər eşitməyə başlayır. Səsə daha diqqətlə fokuslandıqca onu daha aydın eşitməyə başlayır. Şahzadəni sevinc və aydınlanmaq hissi bürümüşdü.

Vədəsi tamam olanda o, məbədə geri qayıdır və ustadına daha əvvəl eşitmədiyi səslərdən danışır: çiçək necə açılır, günəş yeri necə isidir, bitkilər səhər şehini necə udur.

Ustad razılıqla başını tərpədir və deyir:

– Eşidilməyəni eşitmək – bu, yaxşı idarəçi olmaq üçün vacib səriştədir. Rəhbər ancaq insanların qəlbinə qulaq asdığı və onların səsləndirilməyən duyğularını, ifadə edilməyən ağrılarını, deyilməyən şikayətlərini eşitdiyi zaman öz xalqının etibarını qazana bilər. Bu zaman o, nəyin doğru, nəyin yanlış olduğunu və ölkəsinin sakinlərinin tələbatlarını anlaya bilər.

Dövlət o zaman süquta uğrayar ki, onu idarə edənlər ancaq yuxarı təbəqəni dinləyirlər və sadə insanların düşüncələrini, hiss və arzularını öyrənə bilmək üçün onların qəlblərinin dərinliyinə enməyi bacarmırlar.

 

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.