coaching.az |

İkiqai – hər yaşda gənc qalmağın sirri

Qədim rəvayətlərin birində həyat suyu axtaran İsgəndər padşahdan bəhs olunur. O, ölümə qalib gəlmək üçün zülmət dünyada gizlənən müqəddəs suyun arxasınca gedir, ancaq arzusuna çatmadan ölümə təslim olur. Həyat suyunu içmək isə onu bu səfərdə müşayiət edən Xızıra qismət olur və o, möcüzəvi şəkildə ölümsüzlük qazanır. Bu hekayə dahi Nizaminin “İsgəndərnamə” adlı poemasında da öz əksini tapmışdır.

Şifahi xalq ədəbiyyatımızın incilərindən sayılan Koroğlu dastanında da insana sonsuz güc verən Qoşabulaq adlı çaydan və onun möcüzəli köpüklü suyundan bəhs olunur; bu sudan içən Rövşən qeyri-adi gücə və gözəl səsə sahib olur.

Uzun, sağlam və mənalı ömür sürmək arzusu yarandığı gündən bəri bəşər övladının ən böyük arzusu olmuşdur. Bəzi insanlar və cəmiyyətlər bu tərz həyat sürməyin yolunu öyrənib, ona sahib olsalar da, çoxu arzuladıqları həyatın sirrini yuxarıdakı kimi möcüzələrin və qeyri-adi güclərin ümidinə qoymuşlar.

Bu məqaləmdə möcüzələrə ehtiyac duymadan uzun və sağlam ömür yaşamağın yollarından bəhs edəcəyəm.

Mavi zonalar

Amerikalı tədqiqatçı Dan Buettner özünün “Mavi zonalar” (The Blue Zones Lessons for Living Longer From the People Who’ve Lived the Longest) adlı kitabında dünyada mavi zonalar adlanan uzunömürlü insanların ən çox yaşadığı aşağıdakı yerlərdən bəhs edir:

  1. Okinava adası (xüsusən, adanın şimal hissəsi), Yaponiya
  2. Sardiniya adası, İtaliya
  3. Loma Linda, Kaliforniya, ABŞ
  4. Nikoya yarımadası, Kosta-Rika
  5. İkariya adası, Yunanıstan
Okinava adasından bir mənzərə

Mavi zonaların içərisində ən çox diqqəti çəkən Okinava adasıdır.

Gözəl təbiəti, təmiz suyu və havası olan bu yer üzünün cənnəti adada 740 nəfərdən çox yüz yaşın üzərində insan – centenarian (ing.) yaşayır ki, bu da dünyanın hər tərəfində yaşayan uzunömürlülərin sayından qat-qat çoxdur. [1]

Okinava adasının sakinlərinin uzunömürlülüyü yer üzündəki digər uzunömürlülərdən fərqlənirlər: onlar yaşlı olmaqlarına baxmayaraq gümrahdırlar, sağlam fiziki formaya sahibdirlər – hərəkət qabiliyyətləri güclü və elastikdir, müasir insanlarda tez-tez rastlanan ürək nasazlıqlarına və xərçəng kimi ölümə aparan xəstəliklərə az tutulurlar, hüceyrlərin qocalmasından məsul olan sərbəst radikallar qanlarında azdır, cinsi potensiallar həm qadınlarda, həm də kişilərdə uzun müddət öz gücünü göstərir və s.

Okinava sakinlərinin ömrü sadəcə kəmiyyətinə görə deyil, eyni zamanda keyfiyyətinə görə də diqqət çəkir: həyatı sevmək, gülərüz olmaq, çalışqan olmaq, başqalarına yaxşılıq etməyi həyatının qayəsi saymaq – bunlar bu adanın sakinlərinin həyat tərzidir.

İkiqai möcüzəsi

Okinavalıların uzun və məna dolu həyatlarının sirri hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Onlara görə yapon uzunömürlülüyünün sirrini sadəcə onların sağlam həyat tərzində və əlverişli coğrafi şərtlərdə axtarmaq lazım deyil. Yaponların bu sirri onların qədim fəlsəfəsində – “ikiqai“də gizlənmişdir.

Dilimizə tərcümə etsək, ikiqainin mənası “insanı hər səhər yuxudan oyadıb, hərəkətə keçirən böyük enerji və arzu” deməkdir. İkiqai yaponcada 生き甲斐 şəklində yazılır.  生き  “həyat”,  甲斐 isə “ona dəyən” deməkdir.

İkiqai fəlsəfəsi aktiv həyat tərzini təbliğ edir. İnsan yaşlılığı dolayısı ilə hər hansı iş yeri ilə bağını qoparsa da, iş həyatı ilə bağını qoparmamalıdır və ömrünün sonuna qədər çalışmalıdır. “Uzunömürlülüyün qaydaları” kitabının müəllifi Dan Buettner National Geographic jurnalındakı bir məqaləsində qeyd edir ki, yaponların həyat fəlsəfəsində həyatın mənası o qədər əhəmiyyətli yer tutur ki, onlar üçün “təqaüdə çıxmaq” anlayışı yoxdur.

Yaponların uzunömürlülüyünün əsas sirləri bunlardır:

  1. Sağlam həyat tərzi

Okinavalılar sübh tezdən yuxudan oyanıb, aktiv həyat tərzi – işlə məşğul olurlar. Tənbəllik onların təbiətin yaddır. Təmiz havada çox olurlar. Meditasiya və yoqa onların həyat tərzində vacib yer tutur.

89 yaşlı Okinava sakini Kame Ogido işlə məşğul olarkən.

Yemək öncəsində və ya sonasında okinavalılar bir-birlərinə belə deyirlər: “Hara haçi bu” – “Həqiqətən acsansa, ye”. Onlar düşünürlər ki, doymuş insan mədəsinin 80%-i dolu olan insandır.

Okinavalılar sağlam qidalanmağa üstünlük verirlər. Qida rasyonlarında ət məhsulları azlıq təşkil edir, içkidən və siqaretdən uzaqdırlar. Gün ərzində 300 qram tərəvəz yeyirlər. Süfrələrindən bol zülallı balıq, soya pendiri olan tofu və maniok əskik olmur. Yaponlar çox yeməsinlər deyə mətbəxlərində hər zaman kiçik boşqablar saxlayırlar.

2. Ünsiyyət

Okinavalılar ünsiyyətə, ailə və dostluq bağlarına çox əhəmiyyət verirlər. Onlar üçün başqalarına kömək etmə və kömək alma vacib dəyərləndəndir.

Okinavalılar icmalar halında yaşayırlar. Bu icmalar maoi adlanır. Maoi – ortaq maraqları olan və bir-birlərinə köməklik edən insanlar deməkdir. Okinava sakinləri üçün icmaların ehtiyaclarına elliklə kömək etmək ikiqainin əsas düsturlarından biridir. Maoi həm də sağlam emosional bağlar və icmanın etibarlı maliyyə dəstəyi deməkdir.

Maoi düşüncəsi yaponların çətin vaxtlarında yaranmışdır: kəndlilər bir yerə yığılıb birlikdə məhsulu necə daha bol etməyin yollarını axtarır və tapırdılar.

       3. Stresə meydan oxu

Stress fiziki və mənəvi sağlamlığın ən böyük düşmənlərindən biri olduğu kimi, həyatın uzunluğuna da böyük təhlükədir. Stresi yaradan çox vaxt real faktlar deyil, mənfi düşüncə və duyğuların körüklədiyi yersiz xəyallardır. Biz stresi öz daxili dünyamızdakı qarabasmalarla bəsləyirik.

Streslə mübarizədə yaponlar aşağıdakı üsullardan istifadə edirlər.

  • Rahatlanmaq üçün tez-tez vanna qəbul etmək. Onların vanna üçün xüsusi rahatlaşdırıcı duzları da mövcuddur;
  • İş masasını, otağı və bütün evi təmizlikdə və səliqədə saxlamaq. Stresli vəziyyətdə edilməli olan ilk şey – ətrafında səliqə və qayda yaratmaqdır. Xaotik və səliqəsiz həyat tərzi  stresin əsas mənbələrindən biridir. Həyatda nizam-intizam çox vacibdir. Bu isə düşüncələrdəki nizam-intizamdan başlayır;
  • Fiziki hərəkətlərlə və nəfəsi tərbiyə edəcək tapşırıqlarla məşğul olmaq;
  • Düzgün və sağlam qidalanmaq;
  • Başa masaj etmək – bu, beynə gedən qanı və oksigeni çoxaldır;
  • Meditasiya ilə məşğul olmaq. Ən gözəl meditasiya – qrup şəklində meditasiyadır;
  • Təbiətlə ünsiyyətdə olmaq. Xüsusən, meşələrin müalicəvi xüsusiyyəti var. Meşə terapiyasına Yaponiyada shinrin-yoku deyirlər. Yapon tədqiqatçılar meşənin içərisində vaxt keçirməyin sağlamlığa olan faydalarını əhatəli bir şəkildə araşdıraraq sağlam elmi dəlillər ortaya qoymuşlar. Onlar meşədəki 40 dəqiqəlik yürüşün əhval-ruhiyyənin yüksəlməsi ilə və gümrahlıq və sağlamlıq hisləri ilə vəhdətdə olduğunu sübut etmişlər. Meşəyə gedib, orada gəzərək havasını içinizə çəkmək – güclü antistress fəaliyyətidir.

Hal-hazırda, shinrin-yoku dünyanın başqa yerlərində də tanınır və faydalılık əmsalı olaraq bilinir.

4. Öz ikiqaini tap

İkiqai – insanı həyata bağlayan məna deməkdir. İkiqai – həvəsdir, enerjidir, yaşamaq və faydalı olmaq ehtirasıdır. Yaponlara görə hər bir insanın öz ikiqaisi var. İkiqaisini tapan, onunla bütünləşən insanlar özləri ilə ahəng içərisində yaşayır, hayatlarından zövq alırlar. Onlar daxili dünyalarında xoşbəxtdirlər və ətraflarına da xoşbəxtlik saçırlar.

Həyatından həzz almayan insanlar özünü, dolayısı ilə ikiqaisini tapmayan insanlardır. Onlar da nə vaxtsa öz ikiqailərini tapacaqlar. Bunun üçün isə öz daxili aləmlərinə səyahət etməli, özlərini, dəyərlərini, həyat fəlsəfələrini kəşf etməlidirlər.

Həyatın mənasını – ikiqaini kənarda axtarmağın mənası yoxdur – o, hər bir insanın barmaq izi qədər özünə aiddir və oz daxilindədir. Həyatın mənasını axtarmaqdansa, ona məna qatmağa çalışmaq lazımdır. Həyatı mənalı və ya mənasız edən bizim ona olan münasibətimiz və verdiyimiz dəyərdir. Eyni zamanda, xoşbəxtliyi axtarmaq kifayət etmir, onu yaratmaq lazımdır. İnsan özü öz xoşbəxtliyinin memarı olmalıdır.

İkiqai fəlsəfəsi iş həyatında

Yaponlara görə iş ümumi həyatın vacib parçasıdır və insan sevdiyi işlə məşğul olmalıdır. İş sadəcə hobbidən ibarət olmalı deyil, o insana maddi olaraq qazanc gətirməli və eyni zamanda peşəkar bacarıqlarının inkişafını təmin etməlidir. Görülən iş həm də başqa insanların faydasına xidmət etməlidir. Bütün bunlar təmin olunduqda, iş insanın həyat tərzinə çevrilir və o, bir gün də olsun işləmir. Aşağıdakı diaqramda iş həyatına yönəlik ikiqai fəlsəfəsi ilə tanış ola bilərsiniz.

Sual: Biz də Okinava adasında yaşasaydıq və ya yapon olaraq doğulsaydıq, uzun və mənalı ömrə sahib olma şansımız daha çox olardı. Okinavalılarla müqayisəmiz nə qədər uğurludur?

Cavabım: Uzun və mənalı ömür sürmək üçün Okinava adasında doğulmağa və ya dünyaya yapon kimi gəlməyə ehtiyac yoxdur – bu, indiki şərtlərimizdə mümkün də deyil. Mənə görə yersiz müqayisələr bizi bizə faydalı olacaq düşüncə və hədəflərdən uzaqlaşdırır – bunlar gizlin bəhanələrdir. Atalarımız “İstəyən min imkan, istəməyən min bəhanə tapar” demişlər. Bizlər də uzun, sağlam və keyfiyyətli həyat yaşamaq üçün imkanlar axtarmalı, okinavalıların və digər uğurlu dünya xalqlarının həyat fəlsəfəsini öyrənib, onlarda faydalı gördüyümüz şeyləri almalı və həyatımıza tətbiq edə bilməliyik.

Həyatımızı canlandırmaq və mənalı etmək üçün 10 ikiqai qanunu köməyimizə gələ bilər:

  1. Hər zaman aktiv olun. İşləməkdən uzaq qalmayın;
  2. Hər şeyi sakit qəbul edin;
  3. Çox yemək yeməyin. Süfrədən doymadan ayağa qalxın;
  4. Özünüzü dostlarla əhatə edin / ünsiyyətə əhəmiyyət verin;
  5. Növbəti ad gününüzə fiziki formanızı yaxşılaşdırın (həyatınız hər zaman iddialı hədəflərlə zəngin olsun);
  6. Gülümsəyin;
  7. Tez-tez təbiətlə ünsiyyətə girin;
  8. Sahib olduqlarınıza görə təşəkkür edin / minnətdar olun;
  9. Bu günü yaşayın. Keçmiş və gələcəklə bu gününüzü məşğul etməyin. Keçmişi bu günə çağırıb təmir etmək mümkün olmadığı kimi, hələ də gəlməyən gələcəyin narahatlıqlarını da bu gün yaşamaq doğru deyil;
  10. Öz “ikiqai”nizə – həyatınızın qayəsinə qulaq verin.

Hər birinizə öz ikiqainizi tapmağı və onun səsinə qulaq asaraq uzun və mənalı ömür yaşamağı arzu edirəm!..

© Elçin ƏZİMLİ
ICF təsdiqli Peşəkar Kouç

[1] Yaponiya Səhiyyə, Əmək və Firavanlıq Nazirliyinin 2006-cı il statistikasına əsasən.

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.