coaching.az |

“Evdən işləmək” mədəniyyətini necə formalaşdırmalı?

2020-ci ilin bü qədər sürprizlərlə dolu olacağını heç birimiz gözləmirdik. Yeni il arzularımız müxtəlif və rəngarəng olsa da, əminəm ki, hər birimizin ürəyindən sülh, əminəmanlıq və can sağlığı keçmişdir. 2020 bizə qismən sülh, əminəmanlıq gətirdi, doğrudur. Lakin insanlığın ödədiyi bədəllər də ağır oldu.

Bu 6 ayda dünyamızın necə dəyişdiyi və hələ də dəyişməyə davam edəcəyi haqqında yüzlərlə məqalələr yazılıb, fikirlər söylənib. Həyatımıza və dilimizə yeni ifadələr, yeni vərdişlər daxil oldu. Bunlardan biri də “Evdən işləmək”dir.

Bəs biz “Evdən işləmək” mədəniyyətini necə formalaşdırmalıyıq? Hər hansı bir müəssisənin əməkdaşlarına etibarı necə formalaşmalıdır ki, bütün proseslərin zamanında və döğru şəkildə getdiyinə əmin ola bilsin? Nəticə etibarilə müəssisənin gələcəyi bu gün baş verən proseslərdən asılıdır. Bu prosesləri də evdən işləyən əməkdaşlar idarə və icra edirlər.

Bir iş yoldaşımın dəftərinin üzərində çox gözəl bir ifadə yazılıb:

Sevdiyin işi gör, gördüyün işi sev.

Hər dəfə gözüm sataşanda, bu cümlənin nə qədər dəyərli və mənalı olduğunu düşünürəm və hər dəfə bu sulalı özümə verirəm; hal-hazırda gördüyüm işi sevirəmmi? Sevdiyim işi görə bilirəmmi? İşimizə sevgi ilə yanaşdığımız zaman məkanın artıq heç bir əhəmiyyəti qalmır. Biz bir an əvvəl nəticəni görmək üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetiririk.

Evdən çalışma sistemi tənbəl, iradəsinə hakim olmayan, daima nəzarət tələb edən, işinə məsuliyyətsiz yanaşan insanlar üçün çox çətin gələ bilər. Sadəcə dedi-qodulardan bəslənən, müxtəlif məkanlarda, çay, siqaret otaqlarında vaxt keçirməyə vərdiş olanlar üçün isə demək olar ki, işgəncəyə çevriləcəkdir. Çünki buna vərdiş olan əməkdaşlar enerji mənbələrini itirirlər və özlərini çox narahar hiss edirlər.

İnsan resursları sahəsində 130 ölkədə fəaliyyət göstərən Mercer şirkətinin Türkiyə ofisinin araşdırmasına görə, pandemiyadan sonrakı dövrdə şirkətlərin 60%-i evdən işləməyə davam edəcəkdir. Bəlkə də Azərbaycan üçün bu rəqəm daha aşağı olar. Ancaq, düşünürəm ki, sabit xərcləri aşağı salmaq üçün kiçik və orta biznesdə olduğu kimi, böyük şirkətlər üçün də bu bir fürsətdir.

Əlbəttə ki, evdən işləmək ümumi əhval-ruhiyyəyə də təsir edir. Lakin, daxili nizam-intizam sizə hər gün evdən çıxacağınız şəkildə səhər tezdən oyanmağınıza, yüngül idman və qəlyanaltı etdikdən sonra iş masanızın arxasına oturmağınıza kömək edə bilər. Özünüzə kiçik bir iş şəraiti yaradın; yaxşı olar ki, divan, televizor və pult üçlüyündən bir az aralı olsun. Daha sonra gündəlik plan tərtib edin, görüşlərinizi öncədən planlaşdırın, nəyi müzakirə edəcəyinizi qeyd edin. Komanda yoldaşlarınızdan enerji alın. Hər səhər kiçik bir hədəflə belə yuxudan oyanmaq qeyri-müəyyənlikdən qat-qat yaxşı olacaqdır.

Sosial izolyasiya dövrünün ən pik nöqtəsində, 65+ yaşlı şəxslər üçün evdən çıxma qadağası olduğu günlərdə, otağımdan vacib bir iş görüşməsinə gedirmişəm kimi geyimdə çıxdığımda anam çox təəccüblənmişdi. Halbuki mən evdə özüm üçün yaratdığım iş masamın arxasından toplantıda iştirak edəcəkdim. Iş şəraitimizin də doğru şəkildə tərtib edilməsi və düzgün geyimdə olmağımız bizim işləmək əhvalında olmağımıza kömək edəcəkdir.

Ən sonda isə bir vətəndaş olaraq üzərinizə düşən məsiuliyyəti hiss edin. Hər birimiz təmsil etdiyimiz cəmiyyətin, müəssisənin, şirkətin, ölkənin inkişafına bu və ya digər şəkildə töhfə veririk. Gördüyümüz iş gözümüzə o anda kiçik görünsə də, unutmayaq ki, hər birimiz böyük bir zəncirin halqalarıyıq. Zəncir nə qədər qalın və dözümlü olsa da, ən zəif halqası qədər güclüdür.

Müəllif: Könül Əliyeva | peşəkar kouç

© 2020 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.