coaching.az |

DİQQƏT: Enerji vampirləri!

Ünsiyyətin əhəmiyyəti

İctimai varlıq olan insana bəxş olunmuş ən böyük səriştələrdən biri onun ünsiyyət bacarığıdır. Məhz bu bu səriştə vasitəsi ilə insan fərdilikdən çıxıb sosiallaşır, onu əhatələyən həmnövləri ilə bir arada yaşamağı bacarır və bir fərd olaraq ətraf dünyada özünütəsdiqini tapır. Ünsiyyətin keyfiyyəti həyatımızın keyfiyyətinə birbaşa təsir edən vacib amillərdəndir.

Ünsiyyətin insan növünün əqli və emosional inkişafı üçün əvəzsiz rol oynadığı mübahisə doğurmayan faktdır və bəşər övladının bugünkü uğurlarında bu səriştənin danılmaz yeri var. İnsan öyrənməklə və öyrəndiklərini məhz ünsiyyət səriştəsi vasitəsi ilə paylaşmaqla həyatını daha da asanlaşdırmış, mağara həyatından kosmik nailiyyətlər erasına yüksəlmişdir.

Ünsiyyətin müxtəlif formaları mövcuddur. Ən yayılmış və ən rahat ünsiyyət vasitəsi kimi nitqi və ya verbal ünsiyyəti tanıyırıq. Verbal olmayan ünsiyyət vasitələri də verbal vasitələr kimi ünsiyyətdə mühüm yer tutur. Qeyri-verbal ünsiyyət vasitələrinə bədən dilini, emosiyaların biruzə verilməsini və qarşılıqlı enerji mübadiləsini qeyd edə bilərik.

Ünsiyyət interaktiv təbiətlidir, yəni qarşılıqlı təsirə sahibdir. İnsanlar ünsiyyətdə olarkən sadəcə məlumat mübadiləsinə daxil olmur, eyni zamanda bir-birilərini öz emosional və psixoloji təsirləri altına alırlar.

Ünsiyyətin sui-istifadəsi 

Ünsiyyət həyatımızın zəruri tələbatlarından olsa da, hər zaman bizə rahatlıq, xoşbəxtlik və fayda gətirməyə bilər. Birbaşa və ya dolayı yolla əlaqədə olduğumuz bəzi insanların mənfi niyətlərinin, məram və düşüncələrinin verbal və qeyri-verbal ünsiyyət kanalları vasitəsi bizə toxundurduğu zərərlərin az şahidi olmamışıq.  Bu insanlar ünsiyyətin qarşılıqlı məlumat və duyğu mübadiləsi olduğunu unudur və onu mənəvi təzyiq, təsir altına salma, təlqin və təktərəfli diktə vasitəsi kimi istifadə etməyə çalışırlar.

Ünsiyyət sadəcə ötürücü deyil, eyni zamanda qəbuledici aktdır – burada qarşı tərəfi dinləmə və empatiya hissi qurma vacib məsələlərdir və bunlarsız ünsiyyət yarımçıq sayılır. Dinləmə və deyilənlərdən nəticə çıxarma bacarığı olmayanlar ünsiyyətdə problemli şəxslərdirlər. Bu tərz insanların qarşısında emosional müdafiə sistemimiz zəif olarsa, tezliklə onların təsiri altına düşər və mənfi auralarına həbs olunarıq.

Enerji vampirləri kimlərdir? 

Vampirlər haqqında yəqin ki, eşitmisiniz: insan qanına susayan bu yarı insan, yarı heyvan mifik məxluqlara dair çox sayda kitablar yazılıb, çox filmlər çəkilib. Vampirlər Azərbaycan mifologiyasında “xortdan” adlanır. Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən “vampir” sözünün hərfi mənası “qaniçən” deməkdir.[1]

Nağıllardakı qaniçən vampirlər uydurma personajlar olsalar da, cəmiyyətdə “enerji vampirləri” adlanan şəxslər az deyil. Onlar enerjinin qarşılıqlı mübadilə qaydasına uymayaraq enerjimizi zorla qəsb edən ünsiyyət yoxsulu insanlardır. Belələri bizim həyat gücümüzlə “qidalanır” və enerjimizlə içlərindəki boşluqları “doldururlar”. Bunlar adətən mənfi enerji ilə yüklü insanlardır. Onlarla ünsiyyətdən sonra biz yoruluruq və şəxsi səmərəliliyimiz bir neçə dəfə aşağı düşür.

Onlara hər yerdə rast gəlmək mümkündür – cəmiyyətdə, ailəmizdə, iş yerimizdə, yaxın dostlarımızın arasında. Bəziləri hər nə qədər gülərüz və pozitiv görsənsələr də, içlərindəki gizli vampirlər fiziki və psixoloji səhhətimiz üçün böyük təhlükə daşıyırlar.

İnsanların mübahisələri ona görə tükənmir ki, onlar həqiqəti deyil, özünütəsdiq axtarırlar.

Budda

Enerji vampirləri iki kateqoriyaya bölünürlər. Bunların bir qismi cəmiyyətə ötürdükləri mənfi enerjinin fərqində deyillər və cəmiyyət üçün böyük təhlükə sayılmırlar. Hər bir insan həyatının çətin anlarında – uğursuzluq, yaxın insanların itkisi, xəstəlik və s. zamanlarında – arzu etmədən enerji vampirinə çevrilə bilər. “Enerji aclığı” yaşandığı bu zamanlarda bəzi insanlar təbiətə və sakitləşdirici vasitələrə müraciət edib bu aclıqlarını yatırsalar da, digərləri başqa insanların anlayışına və tolerantlığına “sığınıb”, onları öz problemləri ilə yükləyirlər və “müsbət-müsbət” enerji yerinə “mənfi-müsbət” enerji mübadiləsi aparırlar.

Enerji vampirlərinin ən təhlükəli növü qəsdli şəkildə “enerji” ovuna çıxanlardır. Bunlar emosional “gerizəkalı”, aqressiv təbiətli, sevgidən məhrum, eqoist, ruh dünyaları xəbis, paxıl, ümidsiz və həyatdan küskün və məqsədləri olmayan zavallı insanlardır. Belələri başqalarının uğursuzluğundan zövq alır və bunu özlərinin uğuru kimi hiss edirlər. Onlar hər zaman enerjilərindən qidalanacaq insan axtarışındadırlar, empatiya hissindən məhrumdurlar və qarşı tərəfin duyğularına qarşı mərhəmətsizdirlər.

Enerji vampirləri dedi-qodu həvəskarlarıdırlar, hər zaman sizi arzu etmədiyiniz və sizə aidiyyatı olmayan söhbətlərə cəlb etməyə çalışırlar. Onlar həyatdan və ətraflarındakı hər kəsdən şikayətçidirlər. Belələrini həyatda nə iləsə məmnun etmək mümkün deyil. Onlar üçün tək həqiqət öz inandıqlarıdır.

Enerji vampirlərinin ən böyük fərqləndirici xüsusiyyəti qarşı tərəfi qısa zamanda özlərindən çıxarma “bacarığına” sahib olmalarıdır. Onlar qatillər kimi pis əməllərində soyuqqanlıdırlar. Enerji vampirləri duyğu qatilidirlər – dodaqları başqalarının dəyərlərinə və həqiqətlərinə qarşı hər zaman istehza ilə doludur.

İnsanlarla ünsiyyət qurduğunuz zaman sadəcə məntiqli deyil, eyni zamanda emosional varlıqlarla üzləşdiyinizi unutmayın.

Dale Carnegie

Enerji vampirləri ilə necə mübarizə aparmaq olar?

Nağıllardakı vampirlərdən fərqli olaraq enerji vampirlərinə qarşı mübarizədə sarımsaq və ya xaç çəkmək faydasızdır. Enerji vampirləri birbaşa duyğularımıza təcavüz etdiyi üçün onlarla mübarizədə ilk növbədə emosional zəkamızı və emosional qalxanımızı gücləndirməliyik.

İnkişaf etmiş emosional zəkaya sahib insanlar özləri ilə ahəng içərisində yaşayırlar, daxili dialoqları güclüdür – davamlı şəkildə güclü və zəif tərəflərini – duyğularını təhlil edib, lazımi nəticələri çıxara bilirlər. Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər. Həyatlarındakı maneə və problemləri inkişafları üçün dəvətnamə sayırlar. Onlar gələcəyə nikbinliklə baxırlar – hər zaman özlərini ruhlandırır və həvəsləndirirlər. Çünki, bilirlər ki, ümid, nikbinlik və pozitivlik, uğura gedən yolda böyük faktorlardır. Tam tərsi isə, bədbin əhval-ruhiyyə ilə nədəsə uğur qazanmaq mümkün deyil. Çünki, bədbinlik insanın içindəki iradəni, həvəsi və istəyi öldürür. Məhz buna görə də onlar hər cür mənfi düşüncəni kənara qoyub, davamlı şəkildə uğura və inkişafa köklənirlər. Həyatda bu insanları xoşbəxt edə biləcək səbəblər çoxdur.

Emosional zəkası inkişaf etmiş insanlar həyatda güclü insan sayılırlar. Onların kənar mənfi təsirlərə qarşı müdafiə qalxanı güclüdür.

Enerji vampirləri ilə mübarizədə aşağıdakı taktikaları tövsiyə edə bilərəm:

  1. Ünsiyyətdən qaçın. “İgidlik ondur, doqquzu qaçıb aradan çıxmaq” deyib böyüklərimiz. Enerjinizi “əmməyə” çalışan insan kim olursa olsun, hansı növ enerji vampiri kateqoriyasından olursa-olsun, bacardıqca onlardan uzaq durun. Unutmayın, ruh sağlamlığınız hər şeydən vacibdir.
  2. Əhəmiyyət verməyin. Ünsiyyət qaçınılmazdırsa – qarşınızdakı enerji vampiri ailə üzvünüz, yaxın dostunuz, iş yerində həmkarınız və ya rəhbəriniz və ya vacib müştəriniz ola bilər – qarşı tərəfin yaydığı mənfi enerjiyə və əhval-ruhiyyəyə əhəmiyyət verməyin, daxili dünyası bu cılız insanları gözünüzdə böyütməyin. Bir müddət sonra aranızdakı söhbətin bitəcəyini və yenidən rahatlığa qovuşacağınızı xatırlayıb, sakitləşin. Həyatdakı heç bir şeyin sizin sakitliyiniz qədər qiymətli olmadığını düşünüb, qiymətli duyğularınızı dəyərsiz hərəkətlərə qarşı israf etməyin. Məcburi ünsiyyət zamanı qarşı tərəf sizi qıcıqlandırmağa çalışırsa, sizi ələ salırsa, dəyərlərinizlə oynayırsa, onun yazdığı ssenariyə uymayın – tam tərsinə, sakitlik və diqqətlə dinlədiyinizi göstərib, dediklərini yumorla qarşılayın, ara-sıra gülümsəyin. Beləliklə, bir müddət sonra qarşı tərəf yorulacaq və aqressiyasının əvvəlki kəsəri itəcək.
  3. Özünüzə müsbət dünya qurun. Özünüzü müsbət insanlarla əhatələyin. Mənfi xəbərlərdən və mənfi söz-söhbətlərdən uzaq durun. Həyatda bal arısı kimi gözəl güllərin üzərinə qonmağa çalışın, milçək kimi üfunətli yerlərə can atmayın.
  4. Şəxsi enerjinizi qorumağa və gücləndirməyə yönəlik addımlar atın. Yoqa və meditasiya ilə məşğul olmaq, nəfəs alma texnikalarına yiyələnmək, təbiətlə sıx-sıx ünsiyyətdə olmaq, sakitləşdirici musiqilərə qulaq asmaq, gözəl qoxular istifadə etmək və s. bu istiqamətdə faydalı ola bilər.
  5. Lüğətinizdə təmizlik aparıb “bacarmaram”, “alınmır”, “gücüm çatmaz”, “yoruldum”, “bəsdir”, “camaat nə deyər” və s. kimi sözləri çıxarın. Bu sözlər yersiz qorxuları körükləyir, əlimizi-qolumuzu hədəf və məqsədlərimizdən soyudur. Bunun yerinə pozitivə, inama və ümidə köklənmiş sözlərdən istifadə etməliyik ki, daxili motivasiyasımız və həvəsimiz yüksəlsin. Unutmayaq ki, hər şey düşüncə ilə başlayır. Zaman keçdikcə düşündüklərimizə daha çox inanmağa başlayırıq və onlar da davranışlarımıza çevrilir. Mənfi düşüncələr mənfi davranşları, müsbət düşüncələr də müsbət davranışları doğurur.

İnsanların bir-birindən gözləntisi nəsihət deyil, ünsiyyətdir.

Bəs siz enerji vampirisinizmi?

Ətrafdakı insanları potensial enerji vampiri görmək yerinə ilk növbədə özümüzü sorğulamalıyıq – bəs bizim mənfi enerjimizdən başqalarına zərər gəlirmi? Çünki, biz də istəmədən və bilmədən enerji vampiri ola bilərik. Bunu təyin etmək üçün aşağıdakı suallarla “emosional chek-up”dan keçə bilərik.

  • Həyatı sevirsinizmi və həyatdan zövq alırsınızmı? Həyatda gözəl xəyallarınız, hədəfləriniz varmı? Həyatınızın hər anı bu hədəflərin reallaşdırılmasına həsr olunubmu? Həyatınızı müxtəlif maraqlar, hobbilər və əyləncələrlə zənginləşdirirsinizmi? Şəxsi istirahətinizə və zövqlərinizə vaxt ayırırsınızmı?
  • Gündəlik söz lüğətinizdə ən çox hansı sözlər yer alır? Danışığınızda (facebook postlarınız da buna şamildir) pozitivə, ümidə, iddialı hədəflərə və gözəl duyğulara köklənmiş sözlər mənfi sözlərdən çoxdursa, özünüzü təbrik edin. Əks halda, ən qısa zamanda bir psixoloqdan randevu istəməyiniz yaxşı olar.
  • Ətrafınızdakı insanlar sizinlə ünsiyyətdən həqiqətən xoşlanırmı? Bunu müəyyən etmək üçün səmimi şəkildə onlara müraciət edib, bu barədə fikirlərini soruşmağınız, eyni zamanda sizin mənfi və zəif cəhətlərini bildirməyini xahiş etməyiniz faydalı olar.
  • Siz insanlarla ünsiyyətdən zövq və ruh yüksəkliyi alırsınızmı? İnsanlarla hansı niyət və məqsədlərlə ünsiyyət qurursunuz? İnsanları dinləməyi bacarırsınızmı və onlara qarşı empatiya hissiniz hansı səviyyədədir?
  • Qiybət edirsinizmi? Enerji vampirliyinin ən çox ortaya çıxdığı yerlərdən biri də qiybət mühitləridir. Qiybət təbiət olaraq öz-özlüyündə mənfi duyğu və düşüncələr üzərində quruludğu üçün, qarşı tərəfin enerjisinin istismar olunmasına şərait yaradır.
  • Sosial məsuliyyətlisinizmi? Sərf etdiyimiz sözlərin və duyğuların bizi əhatələyən emosional iqlimə təsiri barədə heç düşünmüsünüzmü? Başqalarının əhval-ruhiyyəsini və emosional sağlamlığını korlamağa bizim hər hansı mənəvi haqqımız çatırmı?

Yuxarıdakı suallara cavab verərkən tərəddüdlərlə dolusunuzsa, ən qısa zamanda emosional müalicənizə başlamalı və cəmiyyəti bürüyən enerji vampirliyi epidemiyasından özünüzü müalicə etməlisiniz. Abraham Lincolnun sözləri ilə desək, zehnimizdəki alaq otlarını yolub, onların yerinə çiçəklər əkməklə məşğul olmalıyıq.

Unutmayaq, hər kəs içində nəyə sahibdirsə, onu çölə əks etdirir. Kimi içindəki xoşbəxtliyi, rahatlığı və rəngli dünyaları, kimi də qaranlıq və soyuq zindanları. 

[1] Vampire – noun. In stories a dead person who leaves his or her grave at night to suck the blood of living people. Oxford Advanced learners Dictionary of Current English. Sixth edition. Oxford university press. 2005. page 1435

Elçin ƏZİMLİ
Beynəlxalq Kouç Federasiyası təsdiqli peşəkar kouç

© 2018 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.