coaching.az |

Həyata münasibəti dəyişməyin 7 yolu

Çox vaxt bizi narahat edən və altında əzildiyimiz həyat şərtlərini dəyişməyi bacarmırıq. Biz yollarda tıxac və ya metroda basabas olmadan gedib işimizə çata bilmirik. Bəyənmədiyimiz insanı dəyişə bilmirik və ya keçmişi silməyi bacarmırıq. Cibimizdəki pulun miqdarı və ya müdürümüzün üzündəki təbəssüm sadəcə bizim istəyimizə görə artmır.

Bu halda önümüzdə sadəcə həyata olan münasibətimizi dəyişmək seçimi qalır: məyusluq və ya narazılıq hisslərinə boğulmaq əvəzinə baş verənlərdə fayda axtarmağı da bacarmaq lazımdır. Əlbəttə ki, bu asan iş deyil. Şəxsi inkişaf mövzuları üzrə bloqqer Marc Chernoffun aşağıdakı tövsiyələri həyatda baş verənləri sakit qəbul edə bilməyin yollarını öyrədir. 

  1. İlk olaraq beyninizi sakitləşdirin.

Düşüncələrə nəzərət edə bilmək üçün, onları dərk etmək lazımdır. Gəlin yoxlayaq: dərindən nəfəs alaq və beynimizi hər cür söz-söhbətdən boşaltmağa çalışaq. Belə etməklə biz yeni, vərdiş etmədiyimiz nələrsə üçün boş məkan yaradırıq. Biz fasilə veririk.

Deməyin ki, bacarmazsınız və ya zamanınız yoxdur. Bəli, hər gün kiçik savaşlarda qələbə qazanmaq lazım gəlir. Ancaq, fasilələr vacibdir: Əgər biz dincəlməsək, özümüz də bilmədən özümüzü “yandırarıq”.

Dincəlməyi mütəmadi şəkildə etmək lazımdır: sakitlikdə oturmaq üçün vaxt seçməli, özümüzü müşahidə edib, beynimizdə nələrin dolaşdığını anlamalıyıq. Ən vacibi odur ki, öz düşüncələrimizin və kənardan təlqin olunanların harada olduqlarını anlayaq. Vaxta heyfiniz gəlməsin – əgər siz birinci dəfədən buna nail olmasanız da, bu qorxulu deyil. Əsas olan başlamaqdır.

  1. Tədrici, ancaq şüurlu şəkildə mənfi düşüncələrdən imtina edin.

Düşüncə və duyğularımızı tanımağı öyrənəndən sonra, diqqətimizi bir düşüncədən digərinə keçirməyi öyrənmə zamanıdır: bizə mane olan düşüncəni tapıb, onu faydalı və ilhamverici düşüncə ilə dəyişməliyik.

 Çıxış yolu olmayan vəziyyətlər yoxdur – çıxış yolu olmadığına əmin olan insanlar var. Qara düşüncələrin bütün ömrünüzü qaranlığa çevirməsinə imkan verməyin. Tədrici şəkildə pis düşüncələri yaxşılarla əvəz edir və zamanla bütün reaqllıqlarınız da dəyişəcək.

Düşüncələr bizim əhval-ruhiyyəmizi təyin edir. Beyinlərimizdə həyata keçirilməsi mümkün olan ən cəsur arzular doğulur. Buna görə də beynimizdə nələrin baş verdiyini diqqətlə öyrənməli və şüurlu şəkildə faydalı olanlara fokuslanmalıyıq. Böyük ehtimalla bu ilk cəhddən alınmayacaq, ancaq yavaş-yavaş buna vərdiş edəcəksiniz.

  1. Qayğıları bir dəqiqəliyə olsa da tərk edin.

Hər birimizin içərisində hər zaman sakitlikdə olan başqa “mən” yaşayır. O, biz qayğılardan uzaq durduğumuz zaman ortaya çıxır. Bizim dünyamız kənar şərtlərdən asılı deyil. Hüzuru (sakitliyi) istənilən vaxtda və istənilən yerdə tapmaq mümkündür – yetər ki, hal-hazırda olduğumuz yerdə fiziki və emosional olaraq bütöv və tam olaq.

Burada da ilk başda çətin olacaq. Təslim olmayın: iş gününün ortasında və ya məişət hərc-mərclikləri içərisində sadəcə var olduğunuzu hiss etmək üçün bir dəqiqə ayırın.

  1. “Təşəkkür edirəm” deyin.

Ola bilsin ki, indi sizin fabrikləriniz, qəzetləriniz, gəmiləriniz yoxdur. Ancaq, sahib olduqlarınız normal həyat yaşamaq üçün kifayət edir. İndi sahib olduqlarınız və hələ ki, sahib olmadıqlarınız üçün minnətdar olun. Hər birimiz milyonlarla imkana sahibik, ancaq anlamaq lazımdır ki, bir insan dünyada bütun bunların hamısına sahib olmayacaq və ya hər şeyi bilməyəcək.

Biz hər zaman “böyük bütün”ün hissəsi olmuşuq və olmağa davam edəcəyik. Bununla da hər zaman unikal olacağıq. İndiyə qədər sahib olduğunuz bilikləri və hələki anlamadıqlarınızı qiymətləndirin. Sahib olduğunuz böyük imkanları qiymətləndirin.

Həyat hər zaman arzu etdiyimiz kimi olmayacaq, bunu anlamaq və qəbul etmək lazımdır.

  1. Çətinliklərin də faydalı olduğunu qəbul edin.

Xoşbəxtlik, ehtiras və ya uğur elə belə, mübarizəsiz nadir hallarda əldə olunur. Əgər yol asandırsa, böyük ehtimalla bizə lazım olan yerə getmirik. Çətinliklər bizim inkişafımıza kömək edir. Çətinliklər bizi istiqamətləndirir, düzəldir və təkmilləşdirir. Ancaq, bunun üçün zaman lazımdır, çox zaman lazımdır.

Bəzən bizə elə gələcək ki, hər şey olduğu kimi getmir və biz öz yerimizdə sayırıq. Ancaq, bu sadəcə həyatın bir parçasıdır: bəzən arzulara gedən yolda cəhənnəmdən keçmək lazım olur.

Deyirlər ki, gün doğmadan əvvəlki gecə qaranlıq olur və bu həqiqəqtdir.

  1. Nəyisə bitirəndə geri dönüb baxın və haradan başladığınızı dərk edin.

Hər şey tez və ya gec bitəcək və bunu qəbul etmək çox vacibdir. Biz qapını bağlamağı, səhifələri çevirməyi və yolu davam etməyi öyrənməliyik. Bu mövzunu anlamaq üçün hansısa metafordan istifadə etmək çox vacib deyil – keçmişi keçmişdə qoymaq və indiki zamandan zövq almaq vacibdir.

Son əslində son deyil, o, hər şeyin yenidən başladığı başlanğıcdır. Bu, bir beyində son, digər beyində isə başlanğıc olan sözdür.

  1. Əlinizdə olan hər şeyi itirsəniz, öz vücudunuza kömək üçün müraciət edin.

Düşüncə vücuddan asılıdır. O, əzələlərin gərginliyinə, nəfəs alıb-verməyin və ya addımlamağın sürətinə reaksiya verir. Eyni zamanda, bədən də düşüncə və duyğulardan asılıdır, düşüncənin o anki vəziyyətinə, hətta ifadə etdiyimiz sözlərə reaksiya verir.

Bu, o deməkdir ki, biri vasitəsi ilə digərini nəzarətdə saxlaya bilərik. Beləliklə, əlinizdə olan hər şeyi itirsəniz və fikrinizi cəmləşdirməyə nail olmasanız, hiyləgərlik göstərin: bədəninizdən istifadə edin.

Bir anlığıa təsəvvür edin ki, əhval-ruhiyyənizin pis olduğu zamanlarda siz kənardan necə görsənirsiniz: çiyinləriniz düşüb, nəfəs alış-verişiniz zəifləyir, üz-gözünüzü turşudursunuz. İndi bu şəkildə olmağa çalışın. Nə hiss edirsiniz?

Sonra isə tam tərsini edin: düzgün oturun və gülümsəyin, dərindən nəfəs alıb, verin. Yaxşıca özünüzü dartın. Bəs indi nə hiss edirsiniz?

Bədənimiz – hiyləgər alətdir, onun vasitəsi ilə biz həyata olan münasibətimizi qısa müddətdə dəyişə bilərik. Bu addımın təsiri bəlkə uzunmüddətli olmaya bilər, ancaq özünüzü toparlamağa kömək edər. Ondan düzgün istifadə etmək faydalıdır.

P.S.

Bu barədə daha əvvəllər bəhs etmişdim və yenə deyirəm: reallıqla əlaqəsi olmayan və heç vaxt da olmayacaq konfliktlər məhz beyində baş verir. Əgər biz bu tərz düşüncələrə öz beynimizdə məskən salmağa icazə veririksə, onlar sahib olduğumuz ən qiymətli şeyləri – hüzurumuzu, həzzlərimizi, vaxtımızı və ən sonda həyatımızı əlimizdən alacaq. Biz əsəblərimi cilovlaya bilmir və depresiyaya sürüklənirik. Mən bunu bilirəm, çünki orada olmuşam.

Dürüst düşünsək, həyatda çox şey var ki, biz nəzarətini öz əlimizə ala bilərik. Misal üçün, vaxtımızı hara sərf etdiyimizə, kiminlə ünsiyyət qurmağımıza, həyatımızı kiminlə bölüşməyimizə biz qərar veririk. Kimə nəyi deməyi, nahara nə yeməyi, nələri oxuyub öyrənməyi biz seçə bilərik. Uğursuzluqlara hansı şəkildə reaksiya vermək də bizim seçimimizdir.

Ən əsası isə – həyata necə münasibət göstərməli olduğumuzu seçə bilərik. Yerdə qalan bütün hər şey nəticədə bu münasibətdən asılıdır.

Müəllif: Marc Chernoff

© 2019 · coaching.az

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.